Yaxud Hollivud ulduzlarını geridə qoyanların, Hollivud ittihamı
YAP hakimiyyəti bugünə qədər heç bir ittihama cavab verə bilməyib, heç bir fakta görə izahat vermək öhdəliyi duymayıb. Birqayda olaraq daxildə izahat tələb edənlər şərlənərək həbs olunub, xaricdən gələn tələblərə isə “bizə paxıllıq edirlər”, “erməni lobbisinin təsiri altında bizə təzyiq edirlər”, “Azərbaycana qarşı ikilistandartlar tətbiq olunur” tipli açıqlamalar verilib. Azərbaycan hakimiyyətinin korrupsiya faktları üzə çıxarılanda, seçki saxtakarlığı sübuta yetiriləndə, Avropa Məhkəməsi insan hüquqlarının tapdandığını bəyan edəndə, YAP sözçüləri Avropada, ABŞ-da neqativ axtarışına çıxırlar.
Bu dəfə yenə də Novruz Məmmədov önə çıxıb. Hollivud rejissoru Harvey Vaynşteynin ətrafında yaranan təcavüz qalmaqalı ilə bağlı yazı yazıb.
“Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər. Bu məsələnin birmənalı qarşılana bilməyəcəyini hamı başa düşür. İnsan haqlarının və azadlıqlarının qorunduğu, tam təmin olunduğu dünyaya bəyan edilən ölkələrdə, necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməmiş, və ya nə üçünsə etməmiş və hadisədən 20-30 il keçməsini gözləmişlər.
Məgər bütün bunlarla bağlı cəmiyyətə, heç olmasa, bir izahat verməyə ehtiyac yoxdurmu?”- deyə Novruz Məmmədov yazır.
Göründüyü kimi Novruz Məmmədov ABŞ-a əxlaq dərsi keçməyə, insan hüquqlarını müdafiə etməyə, izahat istəməyə cəhd edir. Öz aləmlərində ciddi bir arqument tapıblar və 2.9 milyard rüsvayçılığının qisasını alırlar.
Əvvəla, ABŞ-da hər hansı cinayətin baş verməsi Azərbyacan hakimiyyətinin saxtakarlığına, talançılığına haqq qazandırmır. ABŞ-da müstəqil məhkəmə var və insanlar öz hüquqlarına təminat ala bilirlər. Yəni, hansısa Harvey Vaynşteyinlə bağlı yaranmış təcavüz qalmaqlı hakimiyyətin dilini uzatmır.
İkincisi, Novruz Məmmədovun təmsil olunduğu komandanın hansısa ölkədən izahat istəməyə, əxalqi normalardan danışmağa, insan hüquqlarının müdafiəçisi görünməyə haqqı yoxdur. Çünki saxtakarlığın, təcavüzün, hüquqsuzluğun zirvəsini məhz YAP hakimiyyəti fəth edib. Orda hansısa Hollivud ulduzu təcavüz edibsə, burda uzun illərdi mənəvi təcavüz normaya çevrilib. dövlətin bütün strukturlarını şəxsi maraqlar naminə istismar etməkdən böyük təcavüz varmıı? 150-dən artıq günahsız insanı şərləyib həbs etmək, siyasi mövqeyinə görə şəxslərin yaxnlarına təzyiq göstərmək, adamlara zorla imtina ərizəsi yazdırmaq, siyasi aktivistin bacılarını polis bölməsinə aparmaq hansı əxlaqa sığır?
Siz 25 illik hakimiyyətiniz dövründə xalqa bir dəfə izahat verdinizmi? Offşorlardakı milyardlara görə, dünyanın müxtəlif yerlərindəki bahalı villalara görə, mandat alverinə görə, kadların cinayətkar fəaliyyətinə görə nə vaxt izahat verəcəksiz? Bugünə qədər məmurlar gəlirləri barədə məlumat vermirlərsə, qanunlar kağız parçasına çevrilibsə, hansı haqla başqalarından izahat vermələrini istəyirsiz? Bütün həyatını haqsızlıqla mübarizəyə həsr etmiş bir qadını şərləyərək həbs etmək daha dəhşətli təcavüz deyilmi?
YAP hakimiyyətinin “ssenari”ləri, mübarizə taktikası Hollivud ulduzlarını da təəccübləndirir. Heç bir Hollivud ulduzu səfalət içində üzən xalqa inkişaf nağılı danışmaq qabiliyyətinə malik deyil.
Düşmən Ermənistanda minimum əməkhaqqı 115 , Azərbaycanda 77 dolar olduğu halda, “biz regionun lider ölkəsiyik” deməyi heç bir Hollivud ulduzu bacarmazdı.
Yaxşı olar ki, Novruz Məmmədov ABŞ-a “səyahət” etməzdən əvvəl, təmsil olunduğu hakimiyyətin yaratdığı “xarüqələr”ə nəzər salsın. Novruz Məmmədovun ABŞ-dakı məlum hadisəyə təəccüblənməsinin özü təəccüblüdür.
Akif
Oxunub: 952