Yanvarın 15-də “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd prokurorluqda şahid qismində dindirilib. Bu barədə Elçin Məmməd Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, o, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb və istintaq idarəsinin rəis müavini Vüqar Nəsibov tərəfindən 2 saat dindirilib.
Elçin Məmmədə bildirilib ki, 2014-cü ildə QHT-lərə qarşı açılmış cinayət işinin istintaqı davam edir və bəzi QHT-lərin fəaliyyəti yenidən araşdırılır. Hüquq müdafiəçisindən rəhbərlik etdiyi QHT və qəzetin fəaliyyəti barədə soruşulub.
Elçin Məmməd indiyədək həyata keçirilən layihələrdən və bu istiqamətdə görülən işlərdən danışıb. Hüquq müdafiəçisindən istintaq sirrini yaymamaq barədə iltizama imza atdırılıb və yenidən idarəyə çağıralacağı bildirilib.
2017-ci ilin noyabrında Sumqayt şəhər Prokurorluğu Elçin Məmmədə yazılı xəbərdarlıq təqdim edib.
“Xəbərdalıqda “Yüksəliş Naminə” qəzetində dərc olunan yazılarla bağlı narahatlıq ifadə olunub. Qeyd olunub ki, “Yüksəliş Naminə” qəzeti ölkənin dinamik inkişafına maneçilik törədir, iqtisadi islahatlar kölgə salmağa çalışır, dezinformasiyalar yayır, ictimai rəyi çaşdırmaq məqsədi güdür”, o qeyd edib.
2014-cü ildə QHT-lərə qarşı başlanan cinayət işi ilə bağlı bir sıra QHT rəhbəri həbsdə olub, bəzi QHT fəalları ölkəni tərk edib.
Oxunub: 244