Bir sıra tanınmış siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Fəxrəddin Mehdiyevin peşə fəaliyyətinin bir illik dayandırılması haqda qərar tələsik çıxarılıb. Amma bu tələskənliyin səbəbi məlum deyil.
Beynəlxalq Bankın 2015-ci ilin dekabrından həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcovdan Vəkillər Kollegiyasına Baş prokurorun birinci müavini Rüstəm Usubov şikayət etmişdi. Səbəb isə Cahangir Hacıyevin mətbuatda yayılan müsahibəsi olmuşdu. Usubov iddia edirdi ki, həmin müsahibədə istintaq sirri sayılan məlumatlar açıqlanıb. Vəkillər Cahangir Hacıyevin həbsxanadan verdiyi bu müsahibəni mətbuata çatdırmaqla istintaq sirrini yayıblar, vəkil etikasına zidd hərəkət ediblər.
Bir neçə ay öncə hər iki vəkil bu şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasına çağrılıb, izahatları alınmışdı. Aqil Layıcovun həmin müsahibədən ümumiyyətlə, xəbəri olmayıb. Fəxrəddin Mehdiyev isə bildirib ki, sözügedən müsahibədə istintaq sirri təşkil edən heçbir məlumat yoxdur, onların hamısı Cahangir Hacıyev və digərlərinin işi üzrə açıq məhkəmə prosesində səslənib. Üstəlik, Cahangir Hacıyev həbs olunandan sonra müxtəlif mətbuat orqanlarında onun haqqında səslənən ittihamlara, özü və ailə üzvləri barəsində təhqiramiz ifadələrə cavab verib.
Fəxrəddin Mehdiyev
Üstündən bir xeyli vaxt keçəndən sonra – yanvarın 18-də bu məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına çıxarılıb. Rəyasət Heyətinin yeni sədri Anar Bağırov, onun müavini Aydın Axundovun da iştirakı ilə Fəxrəddin Mehdiyev eyni məzmunlu izahat verib. Həmin gün Rəyasət Heyəti qərar verməyib və məsələ bir daha İntizam Komissiyasına göndərilib.
Rəyasət Heyətinin qəfil toplantısı…
Fəxrəddin Mehdiyev yanvarın 20-də yenidən İntizam Komissiyasına çağrılıb, orada yenidən izahat verib, sualları cavablandırıb. Bu toplantıdan bir qədər sonra komissiya üzvlərindən biri Fəxrəddin Mehdiyevlə əlaqə saxlayaraq, yanvarın 22-də səhər İntizam Komissiyasının toplaşacağını və onlar haqqında qərar verəcəyini söyləyib.Yanvarın 22-də keçirilən toplantıda isə İntizam Komissiyasının üzvləri arasında Fəxrəddin Mehdiyevin iştirakı oolmadan gizli səsvermə keçirilib. Komissiya belə nəticəyə gəlib ki, Fəxsrəddin Mehdiyevin də, müsahibədən ümumiyyətlə, xəbəri olmayan Aqil Layıcovun da əməlində intizam xətası var, ona görə də məsələnin bir daha Rəyasət Heyətinə çıxarılmasına qərar verilib.
Aqil Layıcov
Elə dərhal da Rəyasət Heyətinin iclası təyin olunub. Amma məsələsi müzakirə olunan vəkillərin hər ikisi bu iclasdan xəbərsiz olub.
Aqil Layıcov hazırda ölkədə yoxdur, xarici ölkəyə səfərə gedib. Fəxrəddin Mehdiyev idə İntizam Komissiyasının toplantısından sonra Kürdəxanıya – 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan müvəkkili ilə görüşməyə gedib. Elə yolda Aydın Axundov ona zəng edərək, təcili toplantıya gəlməsini istəyib. Aydın Axundova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində istintaq yekunlaşır, bu səbəbdən istintaq təcridxanasına gedir, yalnız axşam saat 18.00-dan sonra toplantıya qatıla bilər.
Buna baxmayaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti hər iki vəkilin özünün iştirakı olmadan onların məsələsini müzakirə edərək, Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin bir illik dayandırılması, Aqil Layıcova isə töhmət verilməsi haqda qərar çıxarıb. Fəxrəddin Mehdiyev Kürdəxanı təcridxanasından müvəkkili ilə görüşdən çıxarkən Aydın Axundov ona bir daha zəng edib və bu dəfə vəkillik fəaliyyətinin dayandırılması haqda xəbəri çatdırıb.
“Mən heç bir qanun pozuntusuna yol verməmişəm”
Fəxrəddin Mehdiyev “Azadliq.info”nun suallarını cavablandırarkən bildirib ki, həm özünün, həm də həmkarı Aqil Layıcovun haqqında çıxarılmış qərar əsassızdır. Vəkillik fəaliyyətinin dayandırılması haqda qərarın məhkəmədə mübahisələndiriləcəyini deyən vəkil heç bir qanun pozuntusuna yol vermədiyini vurğulayıb: “Hüquqlarını müdafiə etdiyim Cahangir Hacıyevin məhkəməsi yeni başlayan ərəfədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev açıqlama yayaraq, onu ölkədən 10 milyard pul çıxarmaqda ittiham elədi. Bu, çox ciddi ittiham idi. Ona görə də məhkəmədə vəsatət qaldırdıq ki, Mais Piriyev çağrılsın, bu ittihamı əsaslandırsın. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etmədi. Müxtəlif mətbuat orqanları Cahangir Hacıyevin ünvanına bu və digər ittihamları tirajladı, amma ona cavab vermək imkanı yaradılmadı. Həmin vaxt Cahangir Hacıyev ünvanına səslənən ittihamlara, təhqidlərə cavab olaraq, bir açıqlama hazırladı. Müzakirə zamanı mən öz fikrimi bildirdim ki, hesab edirəm, hələlik buna ehtiyac yoxdur. Cahangir Hacıyev mənimlə razılaşdı. Bir müddər öncə yenidən müxtəlif saytlarda yenidən Cahangir Hacıyev haqqında ittiham xarakterli, özü və ailəsi haqda təhqiramiz ifadələrlə dolu silsilə yazılar yayılmağa başladı. Bundan sonra qərara gəldi ki, həmin açıqlama yayılsın. Müvəkkilim faktiki heç bir qanun pozuntusuna yol vermədən özünümüdafiə imkanından istifadə edib, ittihamlara cavab verib. Vəkili olaraq, Cahangir Hacıyevin hüquqlarını müdafiə etmək, o cümlədən onun üvanına səslənən böhtanları təkzib etmək mənim peşə borcumdur. Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Cahangir Hacıyevin azadlıq hüququ əlindən alınıb. Bu o demək deyil ki, onun ünvanına həqiqətə uyğun olmayan ittihamlar səsləndirilməli, özü, həyat yoldaşı təhqir edilməli və bütün bunlara susmalıdır. Adamın cavab vermək hüququ var və bu hüququ heç kim məhdudlaşdıra bilməz”.
Sədr müavininin növbəti “performansı”
Baş prokurorun birinci müavininin Vəkillər Kollegiyasına məktubunda yazdıqlarına cavab olaraq, Fəxrəddin Mehdiyev bildirib ki, Cahangir Hacıyevin açıqlamasında heç bir istintaq sirri təşkil edən məlumat yox idi. Bunu Vəkillər Kollegiyasında verdiyi izahatda da sübut edib.
Görünür, nə olursa olsun, Fəxrəddin Mehdiyevi cəzalandırmağı qarşıya məqsəd qoyanVəkillər Kollegiyasının Rəyasət Heyəti, xüsusən müstəqil, prinsipial vəkillərin fəaliyyətinin dayandırılması üçün bütün potensialından istifadə edən Aydın Axundov açıqlamanın cəzaçəkmə müəssisəsindən necə çıxması məsələsindən yapışıb. Axundovu heç cür başa salmaq mümkün olmayıb ki, vəkilin öz müvəkkilinin açıqlamasını mediaya çatdırmasında qanun pozuntusu yoxdur.
Azadliq.info
Oxunub: 492