Bayıl yamacında, “Teleqüllə”nin yaxınlığındakı torpaq sürüşməsi zonasında prosesi nəzarətdə saxlamaq üçün yanvarın 24-də Səbail Rayon İcra Hakimiyyətində (RİH) qərargah yaradılıb.
Bu barədə rayon administrasiyasının məlumatında deyilir.
Bu zonada sürüşmələr yeni hal deyil. Bu, çoxdanki problemdir.
Müntəzəm olaraq sürüşmə zonasında aktivlik nəzərə çarpır, buna yağıntıların çox olması da təsir edir.
Bundan başqa, qanunsuz tikinti və kommunikasiya xətlərinin nasazlığı da sürüşməyə təkan verir.
“Məsələnin ciddiliyi və vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb”, deyə məlumatda bildirilir.
Sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyən edilib. “Sakinlərin təhlükəsizliyinin təmini məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib”, deyə press-relizdə qeyd edilir.
Eyni zamanda bildirilir ki, “hazırda narahatçılıq üçün əsas yoxdur, ərazidəki vəziyyət müvafiq qurumların nəzarətində saxlanılır”.
Ərazidə gedən proseslər Nazirlər Kabinetinin də diqqət mərkəzindədir, deyə məlumatda vurğulanır.
Oxunub: 358