Hökumətin qiymət artımı sərhəd tanımır. İşıq, qaz, su, benzin, ərzaq, çörək…Demək olar ki, son bir ildə həyati əhəmiyyətli hər şeyə artım gəlib. Nəhayət, növbə siqaret və alkoqollu içkilərə də çatdı. Keçən axşam onların qiyməti 2 dəfə, 95, 98 markalı benzinin aksiz vergisi isə 200 dəfə qaldırıldı. Xalq artıq sabahları belə qara xəbərlərlə açmağa alışıb. Amma dərd bunda deyil. Dərd yarıtmaz hökumətin öz soyğunçu addımlarına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxma cəhdləridir. Diqqət etmisinizsə, bu gün hökumətin muzdlu trol qrupları sosial şəbəkələrə tökülüşüb, qiymət artımını, az qala, islahat, hökumətin xalqa atalıq qayğısı kimi təqdim etməyə çalışır. İnsanda utanmaq deyə bir hiss olsun gərək. O olmayandan sonra hətta bənzər artımları hökumətin olmayan sağlamlıq proqramının tərkib hissəsi kimi də təqdim edə bilərsiniz. Alkoqol və tütün insan orqanizminə ziyandır. Doğru! Benzin insanın nəyinə zərərlidir görəsən? Bəs çörək, su, ət, yağ, yumurta, süd, meyvə-tərəvəz? Onların artımına hansı “sağlam” arqument gətirəcəksiniz, ay ağıldan bəlalar. İlin sonunda Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə diqqət
edin: 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Bu hələ dövlət qurumunun etiraf etdiyi rəsmi rəqəmlərdir. Əslində, dükan, bazarda gündəlik istehlak etdiyimiz məhsulların necə sürətlə bahalaşdığını hamımız gözəl bilirik. Xatırlayırsınızsa, ötən yazılarımızın birində Azərbaycan əhalisinin ən qeyri-sağlam şəkildə qidalanan əhali qrupları sırasında yer aldığını yazmışdıq. Bunu əsaslandıran əsas amillər əhalinin qida rasionunda vitaminli qidaların, o cümlədən meyvə-tərəvəz, dənli bitkilər, süd məhsullarının azlıq təşkil etməsi idi. İndi özünüz araşdırın, görün son bir ildə bu məhsulların qiymət artımı hara gedib çıxıb? Bəlkə, hökumət dəstəkçiləri bu məsələ ilə bağlı da “sağlamlıq resepti” tapacaqlar. Tapacaqlarına şübhə etmirik, amma illərdir əhaliyə, az qala, “sağlamlıq iksiri” kimi sırınan o reseptlər yüz cür xəstəliyə yol açıb. Bu ölkənin insanları indi düzgün qidalanma söhbətini heç ağlına gətirmir. İnsanların gündəlik dərdi ancaq çörək dərdidir. Toxun acdan nə xəbəri var ki…
Səadət
Oxunub: 424