İki gün əvvəl saxta, təsirsiz dərmanlarla bağlı yayımladığımız yazıdan sonra paytaxtdakı gözəllik salonlarının birində çalışan həkim- kosmetoloq bizimlə əlaqə saxlayıb, dərdlərini bölüşüb. İyirmi ildən artıqdır bu sahədə çalışdığını deyən Nigar Qaraxanlı ixtisasca farmasevt-kosmetoloqdur. Bir müddət Rusiyada, sonra Almaniyada yaşayıb, bu sahədə çox sayda təlimlərdə, seminarlarda iştirak edib. Kosmetologiya üzrə bir çox beynəlxalq qurumların sertifikatlarını alıb. Nigar xanım deyir ki, dərmanlarla bağlı məsələ ölkənin ən böyük problemidir: “Gündəlik dərmanlarla işləyən biri olaraq, bu sahədəki acınacaqlı vəziyyəti gözəl bilirəm. Bundan başqa, səhhətimlə bağlı uzun zaman müalicə kursları keçmişəm və ölkədə satılan dərmanların insanları necə şikəst etdiyinin fərqindəyəm. O üzdən illərdir dərmanlarımı yalnız xaricdən gətirdirəm. Bir onu bilirəm ki, satışa çıxarılan və insan həyatı üçün təhlükəli olan bu saxta dərmanlar ölkədəki inhisarçılığın məhsuludur. Heç olmasa, insanların həyatı ilə bağlı məsələlərdə bunu etməsinlər, vicdandan deyil axı…”
Müsahibimiz bildirir ki, son bir ildə onların işində də dərin tənəzzül başlayıb. Son devalvasiyalardan sonra hədsiz qiymət artımı müştərilərin sayını, hardasa, yarıbayarı azaldıb. “Ölkədəki inhisarçılıq fəlakət həddinə çatıb. Sizə öz iş təcrübəmizdən misal gətirmək istəyirəm ki, aydınlıq olsun. İlk devalvasiyadan sonra bizim gündəlik “mezoterapiya”da istifadə etdiyimiz ən ucuz dərmanların flakonu 30 manatdan 40 manata, qısa müddətdən sonra 50 manata qalxdı. Ən ucuz botoks dərmanlarının flakonu 120 manatdan, 150 manata, daha sonra 180 manata qalxdı. Adi kosmetik kremlərin qiymətləri arta-arta iki dəfəyə gəlib çıxdı. Şübhəsiz ki, müştərilərimizin sayı da xeyli azaldı…” “Ölkədə həyat şəraitinin çox ağır olduğu bir zamanda gözəllik durumu haqqında düşünən nə qədər insan var? Hər halda bu müştərilər, əsasən, imkanlı təbəqəni təmsil edənlərdir”-deyirəm. Nigar xanım fikrimlə razılaşmır. Deyir ki, indiyə qədər onun müştəriləri əsas etibarı ilə orta təbəqənin nümayəndələri olub. “Biz adətən, orta təbəqə ilə işləyirik. İndi onların sayı tamam azalıb. Yuxarıların öz salonları, öz adamları, öz qiymətləri var, onlar bizlik deyil. Elə bizə göz açmağa imkan verməyənlər də onlardır. Görün, indi nə baş verir? Dərman ticarəti dünyada ən çox gəlir gətirən sahələrdən biridir, bilirsiniz. Ölkədə artıq onu bir qrup tam ələ keçirib. Bizim orta təbəqədən olan müştərilər üçün nəzərdə tutduğumuz kosmetik məhsulların ölkəyə gətirilməsinə icazə verilmir. Çünki o məhsullar nisbətən ucuzdur. Birdən sizdə elə təsəvvür yaranar ki, o dərmanlar da saxta olduğu üçün ucuzdur. Qətiyyən elə deyil. Onlar hamısı ticarət nişanı olan, təsdiqlənmiş, nüfuzlu firmaların məhsullarıdır. Biz arzu edən müştərilərə internet ünvanlarını belə təqdim edirik ki, ürəkləri rahat olsun. Məsələ, sadəcə, başqa kosmetoloji kabinetləri sıxışdırıb sıradan çıxarmaq, bu sahəni də tam öz əllərində cəmləşdirməkdir. Məqsəd “hər kəs bizim bahalı salonlara gəlsin və bizim baha qiymətli məhsulları alsın” mesajı verməkdir. İnanın, hər kəs narazıdır, yaşamağa imkan vermirlər, insanları bu qədər əzməklə uzağa getmək olmaz…”
Səadət
Oxunub: 96