Yanvarın 24-də Şirvan Ryon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun məhkəməsi başlayıb. Hazırlıq iclası ilə bağlı müsavatçının vəkili Nemət Kərimli məlumat verib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmə qarşısında bir neçə vəsatət qaldırıb ki, bunlardan biri Ə.Xurşidovun ev dustaqlığına buraxılması ilə bağlı olub.
“Bildirdik ki, Ə.Xurşidov barəsində həbs qətimkan tədbiri əsassız seçilib, dəyişdirilməsini istədik. Məhkəmə bu vəsatəti təmin etmədi”. Daha bir vəsatət məhkəmə prosesinin audio-video çəkilişlə aparılmasına dair olub. Bu vəasatət də rədd edilib.
Məhkəmə Ə.Xurşidovun dəmir qəfəsdə yox, vəkilinin yanında oturması barədə vəsatəti isə qismən qəbul edib. Belə ki, Ə.Xurşidov nə vəkilinin yanında, nə də dəmir qəfəsdə, dəmir qəfəsin qarşısında, vəkilindən kənarda əyləşəcək.
Proses fevralın 7-də davam etdiriləcək.
Xatırladaq ki(“Turan”), Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. 2017-ci il noyabrın 22-si axşam saatlarında Şirvan şəhərində polis tərəfindən saxlanılıb. Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham ediblər. Yekunda 221.2.2-ci maddə ittihamdan çıxarılıb, ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib. N.Kərimli 315.2-ci maddənin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması sayıb. Onun sözlərinə görə, bu ittihamlar təsdiqini taparsa, Ə.Xurşidovu 7 il həbs gözləyir, bundan əvvəl isə maksimim cəza 5 il həbs idi.
Müsavat Partiyası bəyanat verərək, həbsin siyasi motivli olduğunu bildirib.
Oxunub: 22