Keçmiş Gürcüstan prezidenti, Ukraynada müxalifətdə olan “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili tərəfdarlarını yenidən Kiyevin mərkəzində etiraz yürüşünə çıxarıb.
Aksiyaçılar yenə də prezident Pyotr Poroşenkonun istefasını tələb ediblər. Təşkilatçıların sözlərinə görə, aksiyada 10 minədək adam iştirak edib.
Polis və milli qvardiyaçılar avtobuslarla müstəqillik meydanına gedən yolu bağlayıblar. Çünki həmin vaxt orda başqa qüvvələrin mitinqi keçirilirmiş.
Buna görə də aksiyaçılar ənənəvi marşurutu dəyişərək, Taras Şevçenko parkından Vladimir küçəsi ilə Avropa meydanına yollanıblar.
Yolboyu onlar “Dəstə rədd olsun”, “İmpicment” və “Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndiriblər.
Saakaşvili Avropa meydanında keçirilən mitinqdə yenə də prezident Poroşenko və baş prokuror Yuri Lutsenkonu tənqid edib. Deyib ki, onlar Donbasda müharibə getdiyi və xalqın əksəriyyətinin yoxsulluq həddində yaşadığı bir vaxtda Yeni İl bayramlarını xarici kurortlarda qeyd ediblər.
Mitinqin sonunda aksiyaçılar Poroşenkonu fevralın 18-də Meydana çıxmağa və könüllü istefa verməyə çağıran qətnamə qəbul ediblər.
Kiyev Apellyasiya məhkəməsi yanvarın 26-da Saakaşvilinin fevralın 5-dək gecə saatlarında ev dustaqlığında qalması barədə qərar qəbul edib (azadliq.org).
Oxunub: 912