“On milyonun nifrət obyekti olan biri prezidentə “qardaşım” deyir. Prezident üçün bundan böyük təhqir ola bilməz”
Hüquqşünas Aslan İsmayılov hesab edir ki, onu məhkəməyə verib həbsini tələb edən Hafiz Hacıyev olsa da, əslində, bu işin arxasında prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədov dayanır. A.İsmayılov bu gün məhkəmədə çıxışında bunu bəyan edib.
“Mən Sumqayıt həqiqətlərini dünyaya çatdırmış adamam. Azərbaycanın üstündən Sumqayıt ləkəsini mən götürmüşəm. Əli Həsənov, Fikrət Məmmədov kimilər oğurluğa görə həbsdə yatmış, 10 milyonluq xalqın nifrət obyekti olan canlıya məni təhqir elətdirib, məni onunla bərabərləşdirmək istəyirlər. Amma bilsinlər ki, alınan məsələ deyil, Aslan İsmayılovu təhqir eləmək olmaz. Mən istənilən qərara, on il həbsə də hazıram. Amma bilsinlər ki, mübarizəmdən geri çəkilməyəcəm, artıqlaması ilə cavablarını alacaqlar. Həbsimlə onlara daha böyük bəla olacağam. Elədiklərinin cavabını artıqlaması ilə alacaqlar”, – A.İsmayılov məhkəmədə belə deyib.
A.İsmayılovun CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən H.Hacıyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.
Bugünkü məhkəmədə A.İsmayılov prosesin videoçəkilişə imkan yaradılması haqda vəsatət qaldırıb. Amma hakim vəsatəti təmin etməyib.
Daha sonra A.İsmayılovun H.Hacıyevin onun ünvanına təhqiramiz ifadələr səsləndirməsi haqda materialları məhkəməyə təqdim edib və onların iş materiallarına əlavə olunmasını istəyib. Hüquqşünasın sözlərinə görə, H.Hacıyev onu “erməni”, “casus” adlandırıb, Azərbaycandan deportasiya edilməsi təklifi ilə çıxış edib, dünyasını dəyişmiş valideynlərini təhqir edib: “Deyir ki, “onun adı Aslan” deyil, “Avediv”di”. Guya mən Gürcüstan ermənisiyəm, Bakıya gələn ermənilərlə sıx əlaqəm var, onlara məlumat ötürürəm və s.”
Hakim H.Hacıyevin açıqlamalarından ibarət həmin materialları qəbul edib.
Daha sonra A.İsmayılov təqsirləndirilən şəxs qismində ifadə verərək bildirib ki, H.Hacıyevin təhqirlərinə aylarla cavab verməyib, amma günlərin birində artıq həyatda olmayan valideynləri haqda təhqirlərə keçəndə dözməyib: “Elə fikirlər səsləndirib ki, burada deməyi rəva görmürəm. Ancaq anormal adamlar elə sözlər işlədə bilər. Nərimanov Rayon Məhkəməsinə müraciət elədim, 8 dəfə iclas təyin olundu, bu canlı gəlmədi. Səkkizinci dəfə təxirə salınandan sonra bir gün zəng eləyib dedilər ki, qərar verilib, bu iş Binəqədi Rayon Məhkəməsinə göndərilir. Binəqədi məhkəməsinə də köməkçimi göndərdim, hakim bildirmişdi ki, Aslan İsmayılov özü gəlməlidir. Oktyabrın 2-də getdim. Təxminən 50 dəqiqə hakimi gözlədim. Zala düşmədi. Xeyli gözləyəndən sonra kimi gözlədiyimi soruşdular, mən də hakimin adını dedim. Onda mənə cavab verildi ki, artıq qərar çıxarılıb, iddiam təmin olunmayıb. Təsəvvür edirsiniz? Bu canlını indi irəli verənlər məhkəmələrdə də onu müdafiə elədilər. Bununla da kifayətlənmədilər, ardınca Nərimanov Rayon Polis İdarəsində xuliqanlıq ittihamı ilə haqqımda cinayət işi başlandı. Guya, Binəqədi Rayon Məhkəməsində bu işə baxan hakim Rəşad Əliyevi təhqir eləmişəm, qapını çırpmışam, suvağı tökülüb. Dedim ki, məhkəmədəki kameraların yaddaşına baxın, sübut ortaya qoyun, mən nə cəza desəniz, çəkməyə hazıram. Mən o hakimi harda gördüm ki, təhqir də edim…”
İfadə başa çatandan sonra A.İsmayılov bildirib ki, H.Hacıyevin suallarını cavablandırmağı özünə sığışdırmır. Amma hakimin suallarına cavab verib. Təsdiqləyib ki, H.Hacıyevin adını dilinə gətirməyi özünə rəva görmədiyinə görə onu “canlı” adlandırıb: “İddia ərizəsində yazıb ki, guya, mən onun hürdüyünü demişəm. Əvvəla, mən onun adını çəkməmişəm. İkincisi də mən “Əli Həsənov onları hürdürür” demişəm və məni təhqir edənlərin hamısını nəzərdə tutmuşam, konkret ad çəkməmişəm. Bu canlı onu özünə götürürsə, bu başqa məsələ… Ümumiyyətlə, bu canlı elə bir varlıqdır ki, onun haqqında ən ağır ifadələr belə təhqir deyil”.
Hafiz Hacıyev məhkəmədə Ziya Məmmədovu, Cavid Qurbanovu görmək istəyir
A.İsmayılov H.Hacıyevin İlham Əliyev haqda fikirlərinə də toxunub: “On milyon adamın nifrət obyekti olan biri prezidentə “qardaşım” deyir. Prezident üçün bundan böyük təhqir ola bilməz”.
H.Hacıyev isə heç kimin sifarişi ilə hərəkət etmədiyini deyib. İddia edib ki, A.İsmayılov Əli Həsənovun, Fikrət Məmmədovun adını çəkməklə məsələni siyasiləşdirmək, bununla da məsuliyyətdən yayınmaq istəyir: “Əli Həsənovla, Fikrət Məmmədovla işin var, get, işini gör, onları mənim məsələmə niyə qatırsan? Deyib ki, mən mən Ziya Məmmədovdan 50 min, Cavid Qurbanovdan 10 min pul almışam. Xahiş edirəm, onlar da məhkəməyə dəvət olunsun, soruşaq”.
Daha sonra hakim Azər Tağıyev H.Hacıyevin iddia ərizəsində göstərdiyi və təhqir hesab etdiyi ifadələrin həqiqətən təhqir olub-olmamasının müəyyənləşdirilməsi üçün linqvistik ekspertiza keçirilməsi haqda tərəflərin fikrini soruşub. A.İsmayılov bu məsələni məhkəmənin mülahizəsinə buraxıb, amma H.Hacıyevin də onun haqqında səsləndirdiyi ifadələrin ekspertizaya təqdim olunmasını istəyib.
H.Hacıyev ekspertizanın zəruri olduğunu desə də, özünün A.İsmayılov haqqındakı fikirlərinin ekspertizaya təqdim olunmasına etiraz edib. Bildirib ki, bu məhkəmədə onun iddiasına baxılır.
Hakim də deyib ki, H.Hacıyevin A.İsmayılov haqqında söylədikləri bu məhkəmə baxışının predmeti deyil. İddianı H.Hacıyev qaldırıb və onun böhtan, təhqir hesab edib, ərizədə göstərdiyi ifadələrlə bağlı rəy alınacaq.
Məhkəmə ekspertizanın rəyi alınana qədər təxirə salınıb.
Azadliq.info
Məhkəmədən sonra A.İsmayılov açıqlama verir
AXCP fəalları və ictimaiyyət nümayəndələri A.İsmayılova dəstək üçün məhkəmənin önündə
Oxunub: 848