Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri Amerikanın Səsinə müsahibəsində vəkilliklə bağlı problemlərə toxunub
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vəkillik institutunun problemlərindən danışıb.
Amerikanın Səsi: Azərbaycanda vəkilliyə qəbulla bağlı imtahanlar keçirilib. Amma, imtahanda iştirak edən 1873 nəfərdən 607 nəfəri müvafiq bal toplaya bilib. Bu qədər hüquqşünasın imtahandan keçməməsinin səbəbi nədir?
İntiqam Əliyev: Əvvəla onu deyim ki, imtahanların keçirilməsinin özü ilə bağlı xeyli suallar var. Əsasən avtoritar ölkələrdə imtahanlar tətbiq edirlər, dövlət tərəfindən imtahan keçirirlər. Vəkil mülki, cinayət işlərinə çıxır və onun müştəri ilə münasibətlərini,- onun yaxşı vəkili olacaqsansa pulunu alacaqsan, yaxşı vəkili olmayacaqsansa pulunu almayacaqsan. Yaxşı və ya pis vəkil olmaq bunun üzəində qurulur. İmtahan tək-tük ölkələrdə keçirilir. Rusiya, Azərbaycan, Türkmənistan, -bu kimi ölkələr imtahan keçirir. İkincisi, imtahandan niyə az adam keçib? Bu sual ətrafında da xeyli müzakirələr aparılır. İmtahandan ona görə az adam keçib ki, doğrudan da Azərbaycanda hüquq təhsili çox bərbad vəziyyətdədir. Yəni, dövlətin günahıdır. Dövlət universitetində qayda yaratmasa, tələbə rüşvətlə qiymət alacaqsa, o gəlib hakim, vəkil, prokuror olur. Səviyyə də yüksək olası deyil. Təhsildə səviyyə aşağıdırsa imtahanda da səviyyə aşağı olmalıdır. Dövlət özünü qınamalıdır, dövlət o sahədə qayda yaratmalıdır. Nəhayət, yenə də müzakirələr gedir ki, keçid balını aşağı salmaq lazımdır, 60 bal yüksək baldır, adamlar keçə bilmir. Hətta, keçid balını 30 etmək olar və ya 30 elə sual salmaq olar ki, – İntiqam Əliyev (özünü nəzərdə tutur) yaxşı hüquqşünasdır, Avropa Məhkəməsində yüzə yaxın işi udub, müəllimdir və sairə, – mən o imtahan suallarına müsbət cavab verib keçməyə bilərəm. Çünki, on minlərlə akt var, sənə hansı maddələrdən, hansı hüquq sahəsi üzrə suallar düşəcəyini bilmirsənsə, onlara hazırlaşmaq mümkün deyil. Rusiyada da imtahanlar var. Amma, orada insan bilir ki, 1000 test sualından yüzü və ya əllisi düşəcək. Ona hazırlaşa bilir. Bizdə o testlər yoxdur. Bizə nədən sual veriləcəyini bilmirik. Ona görə çoxsaylı hüquqşünasın aşağı bal toplaması normaldır. Bu Azərbaycanda hüquqşünasın, vəkilin, vəkilliyə namizədin səviyyəsinin aşağı olmasının həm göstəricisidir, həm də göstəricisi deyil.
Amerikanın Səsi: Sizcə imtahanlarla ölkədə vəkilliyə olan ehtiyacı ödəmək olarmı? İnsanların vəkilə olan ehtiyacını qarşılamaq üçün daha hansı addımlar atılmalıdır?
İntiqam Əliyev: Dövlət ölkədə vəkillərin çox olmasını istəmir, yəni birmənalı istəmir. Çünki, vəkillərin sayı çox olduqca adamların hüquqlarının təminatı güclənir. Dövlət isə istəyir ki, ölkədə kimi istəyirsə tutsun, kimin evini sökmək istəyirsə söksün, kimin haqqını pozmaq istəyirsə pozsun, onu müdafiə edən olmasın. Ona görə, dövlət istəməsə ki, onun haqqını pozduğu vətəndaşlarının hüquqlarını müdafiə edən vəkillərin sayı çox olsun, ondan o imtahanlarda və sairə də dekorasiya olacaq. İmtahanda iki min də, beş min də adam iştirak edə bilər. Altı yüzü və ya yarıdan çoxu bu mərhələdə keçəcək, hələ ikinci mərhələ gəlir, şifahi imtahan mərhələsi. O mərhələdə isə prinsipial, mübariz, vicdanlı vəkillərin şansı çox aşağı enir. Yəni, sıfırdan bir qədər yüksək olur. Yəni, birincisi hökumət istəməlidir, bir də prosedurlar sadə olmalıdır.
Amerikanın Səsi: Bəs regionlarda vəziyyət necədir? Vəkillər regionlarda necə işləyir?
İntiqam Əliyev: Azərbaycanda ümumiyyətlə vəkillk institutu yoxdur. Dediyim kimi, hökumətin nəzarəti altında olan bir qurum var və 10-15-20 vicdanlı vəkillər var, yəni fərdlər var. Regionlarda isə çox bərbad vəziyyətdədir. Çünki regionlarımızın özü bərbad vəziyyətdədir. İqtisadi baxımdan iş yerləri yoxdur və sair. Belə situasiyada vəkil orada qalası deyil. Həm də basqılar çox güclüdür deyə vəkillər mərkəzə gəlirlər. Çünki burada ən azı bir problemi olanda siz gəlib çəkə bilirsiniz, göstərə bilirsiniz. Beynəlxalq təşkilatlar dəstək verir. Ona görə də vəkillik hətta çox da irəli getməyən Gürcüstandan, Ermənistandan fərqli olaraq Azərbaycanın regionlarında yox dərəcəsindədir.
Amerikanın Səsi: Bəs, “siyasi işlər”lə bağlı, hüquqşünasların dediyi kimi “siyasi işlər”lə bağlı vəkillik institutu necə fəaliyyət göstərəcək?
İntiqam Əliyev: Vəkillər Kollegiyasının rəhbərliyində baş verən dəyişiklilərdən sonra təqdim olunur ki, islahatlar başlayacaq. Hətta adlı-sanlı ekspertlərin, hüquqşünasların, beynəlxalq təşkilatların ümidi var ki, nəhayət islahatlar başlayacaq. Nağıllardır, islahatlar ola bilməz. Çünki, islahatlar vəkilliyi güclü bir instituta çevirir. Güclü vəkillik institutunun olması məhkəmələrin indiki özbaşınalığının, siyasi məhbuslar probleminin qarşısını alan bir şeydir. Ona görə, bu çox çətin məsələdir. Siyasi məhbus yükünü 10-15 vəkil çiyninə götürmüşdü. Hələ, onların sayı da hökumətə çox gəlir. Bir-birinin ardınca həmin vəkilləri kollegiyadan çıxarırlar, cəzalandırırlar. Məqsəd də odur ki, ümumiyyətlə siyasi işlərə çıxan vəkillər olmasın. Amma, situasiya qəlizləşməkdə davam edəcək.
Amerikanın Səsi: Azərbaycanda vəkillik institutunun Avropa standartlarına çatdırılması üçün nə edilməlidir?
İntiqam Əliyev: Azərbaycanda vəkillik institutunu Avropa standartlarına çatdırmaq üçün vəkilliyin müstəqilliyi ilə bağlı təminatları gücləndirmək lazımdır. Vəkilliyi hökumətin nəzarətindən çıxarmaq lazımdır. İkincisi, Azərbaycanda vəkillik o zaman güclü ola bilər ki, güclü media sektoru, müstəqil məhkəmələr, güclü vətəndaş cəmiyyəti olsun. Bunlar olmasa vəkillik də güclü ola bilməz. Hökumət də bunları istəmir.
Qeyd: Azərbaycan hökuməti ölkədə insanların hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Yüksək vəzifəli dövlət rəsmiləri Azərbaycanda siyasi məhbusların olmadığını, insanların siyasi mülahizələrinə görə təqib olunmadığnı bəyan edir.
Bununla yanaşı, hüquq müdafiəçiləri ölkədə onlarla şəxsi “siyasi məhbus” kimi tanıyıb. Beynəlxalq Əfv təşkilatı ondan çox şəxsi “vicdan məhbusu” elan edib.
Oxunub: 546