Yaxud, Oqtay Əsədov işğala görə Rusiyaya minnətdardı
Azərbaycan hakimiyyətinin Rusiya sevgisi Məcnunun Leyliyə olan sevgisini üstələyib. Məcnundan fərqli olaraq, bizim hökumətin sevgisi qarşılıqsızdı. Daha doğrusu, Rusiya Ermənistana könül verib, Azərbaycan hakimiyyəti isə “mən səni sevəcəm, sən sevməsən də” eşqaməsiylə səhralara düşüb.
“Mən prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi bir fikri xatırlatmaq istərdim: Əgər bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı. Hesab edirəm ki, bu fikir Azərbaycan-Rusiya münasibətlərinin kursunu göstərir”.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında deyib.
Heç kimə sirr deyil ki, Ermənistan Qarabağı Rusiyanın dəstəyi ilə işğal edib və Rusiyanın dəstəyi nəticəsində 25 ildir ki, əlində saxlayır. O da sirr deyil ki, Rusiya ardıcıl olaraq Ermənistana maddi, mənəvi, siyasi və hərbi dəstək göstərir. Son olaraq isə, ilk ölkə ordusunun birləşdirilməsiylə bağlı qərar qəbul edildi. Yəni, Rusiya “Ermənistana atılan güllənin qarşısında mən dayanacam” mesajını verdi. Rusiyanın Müdafiə nazirinin müavini “bizim Qafqazda əsas müttəfiqimiz Ermənistandır” söylədi. Avropa Birliyinin, Almaniya Bundestaqının, BMT-nin qətnamələrində Azərbaycanın ərazi bütövlüyü tanınır. ABŞ-ın 22 ştatı “Xocalı soyqırımı”nı tanıdı və bu ştatlarda soyqırımla bağlı tədbirlər keçirildi. Amma Oqtay Əsədovun “Dostluq” ordeni aldığı Rusiya isə hələ də Ermənistanı işğalçı kimi tanımır.
Göründüyü kimi, YAP hakimiyyətinin Rusiya sevgisi qarşılıqsızdı. Bunlar 25 ildir Rusiya qarşısında təzim edir, Rusiya isə bunun qarşılğında adi atəşkəs rejiminə də zəmanət verə bilmir. Hər gün 120-130 dəfə atəşkəs pozulur. Yaxud, bu xidmətlər qarşılğında iki azərbaycanlı əsirin geri qaytarılmasına yardımçı olmayıblar. Ermənistan isə Rusiyanın himayəsində olmağına baxmayaraq Avropa İttifaqı ilə saziş imzalayır, beynəlxalq imicini artırmağa çalışır.
Bütün bunlardan sonra isə Oqtay Əsədov Rusiyaya ”bəy tərifi” verir. Belə çıxır ki, vətənin 20 faizinin işğal edilməsi, ərazibütövlüyünün pozulması problem deyil. Bəli, açıq etiraf edirlər ki, işğalçılıq və işğala dəstək olmaq müsbət haldır. Sanki, Qarabağı Ermənistana həddiyə etdiyinə görə Rusiyaya təşəkkür edirlər. Azərbaycan hakimiyyətinin Rusiyaya belə münasibətinin nəticəsidir ki, “lazım” Azərbaycana gəlmir.
Samir
Oxunub: 708