Fevralın 7-də Şirvan Rayon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun işi üzrə məhkəmə prosesi başlayıb.
Bu haqda məlumat verən vəkil Nemət Kərimli bildirib ki, məhkəmədə iş üzrə zərərçəkən kimi tanınan şəxslərin ifadələri dinlənilib. Nemət Kərimli, zərərçəkənlərin ziddiyətli ifadələr verdiyini vurğulayıb. Vəkil qeyd edib ki, istintaqda bir sıra qanunsuzluqlara yol verilib.
“Məsələn, Əlikram Xurşidova qarşı ittihamlarda ən çox adı keçən şəxs Elnarə Kərimovadır, amma o, cinayət işində nə zərərçəkən, nə də şahid kimi tanınıb. Hesab edirəm ki, istintaq Elnarə Kərimovanın məhkəmədə ifadə verə bilməyəcəyindən narahat olaraq, onu zərərçəkən, yaxud şahid kimi tanımağı lazım bilməyib”, – Nemət Kərimli bildirib.
Məhkəmə prosesində Əlikram Xurşidovun ailə üzvləri ilə yanaşı, Müsavatın bir qrup təmsilçisi və üzvləri də iştirak edib.
Vəkil Osman Kazımov zərərçəkən kimi tanınan polis mayoru Elçin Talıbova sual verib ki, o, tibbi ekspertizadan harada keçib. Polis cavab verib ki, yadımda deyil. “Ekspert kişi idi, yoxsa qadın” sualına isə polis mayoru “ya kişi idi, ya da qadın” cavabını verib(“Basta”).
Məhkəmə prosesində Əlikram Xurşidov ona qarşı ittihamların uydurma olduğunu və siyasi sifarişlə həbs edildiyini bəyan edib.
Proses fevralın 22-də saat 11:00-da davam etdiriləcək.
Oxunub: 26