Ölkə başçısı İlham Əliyev bu gün Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Ölkədə su, qaz, elektrik təchizatının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar alqışlana bilər. Amma görəsən biz bu ölkədə hər hansı məsələnin həlli üçün verilən sərəncamın vaxtlı-vaxtında yerinə yetiriləcəyini görə biləcəyik, ya yox? Keçən dəfə regionlarda qaz təchizatı ilə bağlı rəsmi səviyyədə verilən vədlərin 4-5, bəzən 7-8 il gecikdiyini yazmışdıq. Bu gecikmə problemi su təchizatı məsələsi üçün də eyni olaraq qalır. Bir halda ki, budəfki sərəncam Mingəçevirlə bağlıdır, biz də «Azərsu» ASC-nin veb-səhifəsində 7 il əvvəl (2011-10-05) açıqlanmış bu məlumatı diqqətinizə təqdim edirik: “Oktyabrın 4-də Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilmişdir… Adıçəkilən şəhərlərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2013-cü ilin əvvəlində başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.”
Bu xəbəri də 2015-ci ildə “Modern.az” yayıb: “Azərsu” ASC-dən verilən məlumata görə, dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.” Bax, əhalini ildən-ilə aldadıb belə ümidlərini öldürürlər. Bəs ildən-ilə ayrılan bu qədər milyonlar hara gedir? Onu da bir ayıranlar bilir, bir də xərcləyənlər. Fakt odur ki, ortada real nəticə yoxdur.
Mətbuatda dəfələrlə yazıldığı kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 5 ildə müxtəlif mənbələrdən ən çox maliyyə vəsaiti alan qurumdur.
Araşdırmalara görə, son dörd ildə Azərbaycanın su təsərrüfatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işlərinə dövlət büdcəsindən və hökumət zəmanəti ilə alınan kreditlər hesabına təqribən 3 milyard dollardan artıq vəsait xərclənib. Hələ rəsmi açıqlamaya görə, Dövlət Neft Fondundan ayrılan 779,6 milyon manat vəsait hesabına başa gələn və böyük yeyinti qalmaqalları ilə yadda qalan Oğuz-Qəbələ-Bakı su kəmərinin xərci bura daxil deyil.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat vəsait ayrılıb. Keçən il bu vəsait 14 milyon manat olmuşdu. Göründüyü kimi, illərdir pullar “Azərsu”ya su kimi axır. Amma gözlənən ünvanlara illərdir su gedib çıxmır ki, çıxmır…
azadliq.info
Oxunub: 210