“Bütün bu absurd hərəkətlərin fonunda qızıl kimi vaxt əldən getdi”
Bu gün Bakıda Xocalı soyqırımını ilə bağlı anım yürüşünə hakimiyyət qəribə maneə yaradıb. Ziyarətçilərin Xocalı qurbanlarının xatirəsinə ucaldılan Ana harayı abidəsi önünə prospektlə, böyük kalonla yürüş etməsinə imkan verilməyib. İnsanlar kiçik qruplarla və arxa küçələrdən ziyarətə buraxılıb. Bu da ziyarətin kütləviliyinə mənfi təsir göstərib.
Milli Şura və AXCP də Xocalı qurbanlarını anım yürüşünü belə şəraitdə keçirib. AXCP sədri Əli Kərimli həm anım mərasimində çıxışı zamanı, həm də tədbir barədə sosial şəbəkələrdəki paylaşımlarında bu nünsa toxunub. Yeri gəlmişkən, Ə.Kərimlinin anım mərasimində çıxışına da imkan vermək istəməyiblər, amma o süzünü deyə bilib.
AXCP sədri feysbuk səhifəsində bu gün ziyarət zamanı yaşananlardan çıxış edərək, indiki hakimiyyətin ümumiyyətlə Xocalı məsələsində nə qədər qeyri-səmimi davrandığını faktlarla ortaya qoyan geniş yazı da paylaşıb. Həmin yazını təqdim edirik:
Azərbaycana ədalət gəlincə, Xocalıya da gələcək!
“Hakimiyyətin bu gün Xocalı ziyarətinə yaratdığı maneələr Xocalı ilə bağlı bəzi tarixi məqamları yadıma saldı. Xüsusən gəncliyin bilməsi vacibdir.
Əvvəla, indiki sülalə hakimiyyəti uzun illər ərzində Xocalı qətliamını dünya miqyasında tanıtdırmaq, qatillərin mühakimə olunması üçün beynəlxalq tribunalın yaranmasına ən azı çalışmaq əvəzinə, bu faciədən əsasən siyasi rəqiblərinə qarşı istifadə edib. Yaşlı və orta yaşlılar xatırlayar. Ötən əsrin 90-cı illərinin sonlarında AzTV rejimin rəqiblərini qara dairələrin içində göstərib, xalqa “vətən xaini” kimi təqdim edərdi.
Həmin illərdən biri idi. Milli Məclisin gündəliyinə hakimiyyət növbəti dəfə Xocalı ilə bağlı qərar layihəsi çıxarmışdı. Baxmayaraq ki, Milli Məclis Xocalı qətliamı haqqında artıq bir neçə dəfə qərar qəbul etmişdi, yenidən qərar layihəsi hazırlanmışdı. Layihədə Ayaz Mütəllibov başda olmaqla, “Xocalı soyqırımına görə məsuliyyət daşıyan” 17 nəfər azərbaycanlının adı var idi. Parlamentdə çox gərgin müzakirə oldu. O zaman mən də daxil olmaqla Milli Məclisdə xeyli müxalifətçi təmsil olunurdu. Çox dedik ki, belə bir qərarı qəbul etmək rüsvayçılıqdır. Xocalıya soyqırım dediyimiz nədir, bu cinayətə görə hansısa azərbaycanlıları məsul tutmaq nədir. Başa salmağa çalışdıq ki, bu qərar bizi bütün dünyada rüsvay edər. Başa sala bilmədik. O zaman 10-15 nəfər müxalifətçi millət vəkili zalı tərk edib, yetərsayı pozduq. Sonra hakimiyyətdə kimlərsə bu qərarın biabırçılıq olduğunu anladı və həmin layihə bir daha Milli Məclisin gündəliyinə çıxarılmadı.
Əlbəttə, biz də Ayaz Mütəllibov hakimiyyətinin Xocalıda baş verənlərə görə siyasi məsuliyyət daşıdığını qəbul edirdik. Elə bu səbəbdən də AXC vaxtında Ayaz Mütəllibovun istefasına nail olmuşdu. Ancaq bütövlükdə Xocalı qətliamına görə məsuliyyət əlbəttə ki, erməni faşistlərinin və onlara bu qətliamda yaxından kömək etmiş Rusiyanın 366-cı alayının üzərində idi. Rejim isə hər vasitə ilə bu qətliamın törədilməsində Rusiyanın rolunu unutdurmaq, hərbi cinayətkarlar Köçəryan və Sarkisyanla isə yaxşı münasibətlər qurmaq xəttini götürmüşdü.
Məlum hadisədən sonra parlamentdə qərar qəbul olunmasa da, AzTV öz işində idi. Hər dəfə Xocalı soyqırımının ildönümü yaxınlaşan kimi Ayaz Mütəllibov başda olmaqla, xeyli azərbaycanlını hədəf seçərdi. Sonra da… Sonrasını bilirsiniz. Müəyyən razılaşma çərçivəsində Ayaz Mütəllibovu gətirdilər Bakıya. O da hazırda İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın əsas təbliğatçısı funksiyasını yerinə yetirir. Ona görə də daha Xocalı barədə çox danışmaq istəmirlər.
Bütün bu absurd hərəkətlərin fonunda isə qızıl kimi vaxt əldən getdi. Xocalı qatillərinin cinayətlərini bütün vasitələrlə dünyaya yaymaq, beynəlxalq birliyi erməni vəhşiliyinə inandırmaq, konkret cinayətkarların beynəlxalq axtarışa verilməsinə, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal yaradılmasına çalışmaq əvəzinə, əvvəllər bu faciədən daxili rəqiblərə (daha çox da Mütəllibov tərəfdarlarına) qarşı istifadə olundu, Rusiyanın 366-cı alayının bu qətliamdakı rolu unutdurulmağa çalışıldı.
Sonrakı illərdə isə hansısa “ağıllı” bunlara ideya verdi ki, “Xocalıya ədalət!” şüarı ilə hakim ailənin üzvlərinə yaxşı piar da qurmaq olar. O tərəfdən də bir oliqarx oğlu Xocalı təbliğatını “pul yumaq” işinə çevirdi. Oliqarx kürsüdən qovulunca, oğlunun Xocalı sevgisi də bitdi. Baxın, bu qədər qeyri-ciddi yanaşıblar Xocalı qətliamının tanıdılmasına.
Rejimin bu işdə nə qədər qeyri-səmimi olduğu ən sonda 3 milyard dollarlıq Azərbaycan pulyuyan maşını ifşa olunan zaman üzə çıxdı. Məlum oldu ki, rejim ölkədən oğurlayıb apardığı 3 milyard dollar pulun 50 milyon avrosunu avropalı siyasətçilərə xərcləyib. Ancaq bu 50 milyon avronun müqabilində avropalı siyasətçilərdən Xocalıya, Qarabağa ədalət istənilməyib. Tam əksinə, bu pulu verdikləri avropalılardan öz hakimiyyətlərinə qarantiya istəyiblər. Siyasi məhbusların həbsinə, müxalifətin repressiya olunmasına, seçkilərin saxtalaşdırılmasına susmaq müqbilində veriblər bu qədər pulu avropalı siyasətçilərə.
Ona görə də əminəm ki, bu gün Xocalı ziyarətində rastlaşdığımız maneələr təsadüfi deyildi. Hakimiyyətə Xocalını, 20 Yanvarı unutmayan, diri, ayaqda olan cəmiyyət lazım deyil. Xalqımıza isə lazımdır. Yalnız Vətən, millət təəssübü çəkən, haqqını tələb etməyi bacaran, xarici düşmən qarşısında da, daxildəki rejim qarşısında da dimdik ayaqda olan bir millət ölkəsinə azadlıq, ədalət və inkişaf gərə bilər. Azərbaycana ədalət gəlincə, Qarabağa və Xocalıya da gələcək!”.
Oxunub: 1358