Dörd ildir ki, üç azyaşlı övladından ayrı salınan ananın uşaqlarına qovuşmaq üçün döymədiyi qapı qalmayıb – məhkəmələrdən tutmuş, Ombudsman Aparatına qədər… Amma heç bir faydası yoxdur. İş o həddə çatıb ki, ananın heç olmasa, həftədə bir dəfə uşaqları ilə ünsiyyət imkanı da əldə edəcəyinə ümüdi yoxdur.
Ülviyyə Həsənova 2014-cü ildə həyat yoldaşı Rauf Həsənovla boşanıb. On iki illik evlilikdən onların üç övladı var. Üç övladı ortada heç bir səbəb olmadan boşanma nəticəsində anadan alınıb atanın himayəsinə verilib. Hazırda uşaqlardan Gülxarın 14, Kamilin 12, Fərhadın isə 9 yaşı var. Dörd ildir uşaqlarını bir ana kimi öz yanına alıb onlarla birgə yaşamaq üçün dəfələrlə məhkəməyə baş vuran Ülviyyə xanım hər dəfə buna nail ola bilmədiyindən ən azından onlarla ünsiyyətə rəsmi şəkildə icazə əldə etməkdən ötrü Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə iclasında qərar verilib ki, ananın ünsiyyətə dair müraciəti Yasamal rayon İcra Hakimiyyəti nəzdindəki Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilsin və rəy alınsın. Komissiyanın sədri Təravət Muradovanın verdiyi rəydə göstərilib ki, Gülxar və Kamil anaları ilə ünsiyyətdən imtina ediblər, bu haqda da ərizə yazıblar, balaca Fərhad isə epilepsiya xəstəsidir, bu üzdən onun psixoloji gərginlikdən qorunması zəruridir. Ü. Həsənova hesab edir ki, bu rəy elə-belə alınmayıb və bunda mütləq qarşı tərəfin “əməyi” var.
Onun fikrincə, kiçik oğlunun da xəstə kimi qələmə verilməsi gələcəyə hesablanmış plandır. Onu ümumiyyətlə, uşaqlarla ünsiyyətdən məhrum etmək üçün bu yola baş vurulmuş və məhz elə bu məqsədlə də Fərhada belə bir ağır xəstəliklə diaqnoz qoyulub.
Ana övladının xəstəliyi ilə bağlı sənədlərin saxtalaşdırıldığını deyir və söylədiklərini də konkret faktlarla əsaslandırır: “Mən övladımın bu xəstəlikdən əziyyət çəkdiyini eşidəndə narahat oldum və məsələni araşdırmaq üçün 5 saylı uşaq polklinkasına getdim. Araşdırma nəticəsində bəlli oldu ki, Həsənli Fərhad bu poliklinikada qeydiyyatda olsa da, Fərhad heç bir xəstəliyin, o cümlədən epilepsiya daşıyıcısı deyil.
Hətta xəstəxananın işçiləri bu hadisədən narahat olub, məni baş həkim Ədilə xanımın yanına göndərdilər. Ədilə xanım da öz köməkçisi vasitəsilə təkrar araşdırma apardı və belə bir diaqnozla Fərhad adlı xəstənin olmadığını dedi. Amma Ədilə xanım mənə Leyla Ömərova adlı psixiatrın oğluma baxış keçirdiyini dedi və onunla danışmağı məsləhət gördü. Leyla xanımdan öyrəndim ki, Uşaq Nevraloji Xəstəxanasından Həsənovlar ailəsinə Fərhadın xəstə olması haqda sənəd verilib. Sonra həmin sənədi poliklinikada da təsdiqlətdirmək üçün Həsənovlar Leyla xanıma müraciət edib. Leyla xanım diaqnozu təsdiqləmək üçün özü Fərhadı müayinə etmək qərarına gəlib. Deyir ki, ailənin əlində Fərhadın 13 sentyabrdan 25 sentyabra qədər Uşaq Nevraloji Xəstəxanasında stasionar mualicə alması haqda sənəd olub. Leyla xanımın dediyinə görə, özü də Fərhadı müayinə edib və onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, psixoloji durumunun yerində olmadığını, tez-tez ürək tutmaları olduğunu üzə çıxarıb. Mən Leyla xanımın dediklərindən narahat oldum və Uşaq Nevroloji Xəstəxanasına üz tutdum.
Xəstəxananın qəbul şöbəsində bildirdilər ki, Həsənli Fərhad ağır epilepsiya diaqnozu ilə orada yatıb, onu Məlahət İmanova (Quliyeva) adlı həkim mualicə edib.
Daha sonra xəstəxananın baş həkimi Məhərrəm Sadıqovla görüşdüm və hadisəni ona söylədim.
Baş həkim M. Sadıqlı da sentyabrın 13-dən 25-nə qədər oğlumun orada yatdığını bildirdi və mənə bunu təsdiqləyən sənəd verdi. Bu necə ola bilər? Axı sentyabrın 21-də və 27-də mən Fərhadla oxuduğu 6 saylı məktəbdə görüşmüşəm. Baş həkim isə iddia edir ki, həmin müddətdə oğlum guya, orada müalicədə olub. Ona görə də mən bir daha məsələni aydınlaşdırmaq üçün məktəb rəhbərliyi ilə görüşmək qərarına gəldim. Direktorun köməkçisi Rəna xanımla görüşüb, sentyabrın 15-dən 30-na qədər oğlumun dərsə gəlib-gəlməməsi haqda sənəd istədim.
6 saylı məktəbin direktoru Gülşən xanım Orucovadan rəsmi sənəd aldım.
Və Gülşən xanımın təsdiqlədiyi arayışda qeyd olunub ki, 3 d sinif şagirdi Həsənli Fərhad Rauf oğlu həmin dövrdə məktəbə gəlib və dərs davamiyyətini itirməyib.
Sorğuma verilən cavabdan da təsdiqlənir ki, əslində, oğlumun xəstəliyi, guya xəstəxanada yatması haqda arayışlar saxtadır və məni övladımla görüşmək hüququndan məhrum eləmək üçün müəyyən vasitələrdən istifadə etməklə əldə olunub.
Bunu 6 saylı məktəbin direktoru Gülşən xanımın verdiyi arayış da təsdiq edir və mən elə fürsətdən istifadə edib burdan Gülşən xanıma dərin minnətdarlığımı bildirirəm ki, o peşə vicdanını və qadınlıq qürurunu heç nəyə satmadan bu çirkin oyunda rol almadı. “
Ülviyyə Həsənova deyir ki, 12 il Həsənovlar ailəsində yaşadıqı dövürdə, həyat yoldaşı Rauf, atası, anası və üç boşanmış bacıları tərəfindən dəfələrlə zorakılıqlara məruz qalıb, az yaşlı uşaqlarının gözü qarşısında döyülüb, söyülüb, nəlayiq ifadələrlə alçaldılıb və şaxtalı fevral günlərində küçəyə atılıb: “Mütəmadi olaraq, fiziki və mənəvi zorakılıqlara məruz qalsam da, uşaqlarımı böyütmək, onların tam şəxsiyyət kimi formalaşmasına yardım etmək üçün dözüb yaşayırdım. Nəhayət, 2014-cü ilin fevralında keçmiş həyat yoldaşım və yaxınları məni döydülər, uşaqlarımı da əlimdən alıb, məni evdən çıxartdılar. Döyülməyimlə bağlı kifayət qədər faktlar da var. Dəfələrlə uşaqlarımı görmək üçün yaşadıqım evə getsəm də, məni həyətə buraxmayıblar. Qonşular da buna şahiddir. Şaxtalı fevral günündə məruz qaldığım zorakılıq, uşaqlarımın əlimdən alınması ilə əlaqədar Sabail rayonu, 8-ci polis bölməsinə müraciət etdim, döyülməyimlə bağlı polis tərəfindən ekspertiza təyin edildi. Rəyə əsasən, mənim üzərimdə xəsarətlər aşkar olundu. Amma son nəticədə müəyyən amillər günahkarların cəzasız qalmasına yol açdı və mənim özümü borclu çıxartdılar. Başqa çarəm qalmadığından illərdir ki, uşaqlarımı görməkdən ötrü məktəbə gedirəm. Hər dəfə də qarşı tərəf müxtəlif vasitələrlə mənə mane olmağa çalışır. Dəfələrlə qayınatam Kamil Həsənov məktəbə gələrək məni nəlayiq ifadələrlə təhqir edib, hətta valideyinlərin gözü qarşısında döyüb (döyülməyimlə bağlı rəsmi sənədim də var)”.
Oxunub: 354