Moldova, Ukrayna və Gürcüstanın Avropaya meylli parlament liderləri bildiriblər ki, ölkələrinin ərazisində Rusiya qoşunlarının olması sabitsizlik yaradır.
Üç ölkənin spikerləri Moldova paytaxtı Kişinyovda keçirilmiş birgünlük təhlükəsizlik konfransının sonunda birgə bəyanat səsləndiriblər. Bəyanatda deyilir ki, Rusiyanın bu üç keçmiş sovet respublikası ərazisindəki hərbi mövcudiyyəti dərin narahatlığa səbəb olur.
Bəyanatda bu da qeyd edilir ki, Kiyev, Kişinyov və Tbilisi Rusiya qoşunlarının Moldova, Ukrayna və Gürcüstan ərazisində olmasını işğal kimi qiymətləndirirlər.
Spikerlər habelə Rusiyanın onların ölkələrindəki separatçı hərəkatlara dəstəyini və avropayönlü hökumətlərini gözdən salmaq siyasətini pislədiklərini bildiriblər.
Spiker Andrian Kandu deyib ki, “Moldovanın müstəqiliyinin 26-cı ilində belə işğal altında olan ərazisi var və Gürcüstan da belə bir reallıqla üzlıəşib”.
Moldova 1990-cı ildə müstəqil olandan bəri Rusiya onun separatçı Dnestryanı bölgəsində 1500 əsgər saxlayır.
Rusiya bəhanə edir ki, Dnestryanıda sovet dövründən qalma böyük silah anbarlını mühafizə etməlidir.
Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş vermiş müharibə Cənubi Osetiya və Abxaziyanın öz müstəqilliklərini bəyan etmələri ilə nəticələnib. O vaxtdan bəri Rusiya bu iki bölgəni hərbi və maliyyə baxımından dəstəkləyir.
Ukrayna 2014-cü ildə Moskva Krımı ilhaq etdikdən bəri Rusiya bu ölkənin şərqindəki separatçılara dəstək verib.
Moldova, Ukrayna və Gürcüstan Rusiyanın bütün maneçiliklərinə baxmayaraq 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya sazişləri imzalayıblar.
(azadliq.org)
Oxunub: 342