AXCP sədri Əli Kərimli martın 2-də Bakıda Narkaloji Dispanserdə baş verən yanğınla bağlı növbəti yazı paylaşıb. Ə.Kərimli dispanserin yararsız binada yerləşməsi, mühafizəsi və yanğının vaxtında söndürülməməsi barədə suallar verib, bu faciədə də əsas səbəbin məsuliyyətsizlik və korrupsiya olduğunu qeyd edib. Yazını təqdim edirik:
“7 il ərzində İlham Əliyevin ətrafındakı oliqarxların hər biri özü üçün bəlkə 70 obyekt tikdirib. Necə olub ki, milyonlarla manat vəsait xərclənsə də, Narkoloji Dispanserin 2011-ci ildə tikintisi başlanmış yeni binası by müddətdə tikilib qurtarmayıbmış?Eyni vaxtda 50 nəfərdən artıq xəstənin saxlandığı dispanserin yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən, köhnə, taxta binada yerləşdirilməsi cinayət deyilmi? Necə olur ki, dünyanın 30-40 ölkəsində muzey, mərkəz, qəsr təmir etdirən, abidə qoyub park salan ölkə öz xəstə vətəndaşlarını elementar tələblərə cavab verməyən binada saxlayır?
Dispanserdə müalicə olunan 55 nəfər xəstənin mühafizə xidməti yox imiş? Bəlkə axşamlar dispanserin qapılarını çöldən bağlayıb (tövlə kimi) yatmağa gedirmişlər? Orada mühafizə var idisə, yanğın zamanı nəyə görə qapılar açılmayıb?
Sosial şəbəkələrdə yayılmış videolarda çoxlu sayda xilasedici görünür. Onlar yanan binanın ətrafında var-gəl edirlər. Ancaq çoxlu sayda yanğınsöndürən maşınların təzyiqli su ilə yanğını söndürdüyü görünmür (ən azı yanğının şiddətli vaxtlarında çəkilmiş videolarda belədir). Şəhərin mərkəzə yaxın ərazisində, nəqliyyatın sıx olmadığı səhər saatlarında yanğınsöndürənlər nəyə görə vaxtında gəlib çıxmayıb? O nəhənglikdə Fövqaladə Hallar Nazirliyi bəs hansı gün üçündür?
Ən əsası: aydın deyilmi ki, yanğın zamanı da, dənizdə də, tikintidə də, avtoqəzalarda da insanlarımızın kütləvi ölümünün səbəbi məsuliyyətsizlik və korrupsiyadır?
Vəzifəli şəxslərin, məmurların cəzasızlığı və korrupsiya bu rejimin sütunlarıdı. Rejimi dəyişib xalq hakimiyyəti qurmaq lazımdır. 10 mart mitinqində “Azad seçki!” tələb etməklə yanaşı, həm də “Korrupsiyaya yox!”, “Cəzasızlığa yox!” deyəcəyik, cinayətkarların cəzalandırılmasını tələb edəcəyik”.
Oxunub: 1538