Azərbaycanda nə baş verirsə versin, artıq kimsə ən qorxunc olaya, saxtakarlığa, yaramazlığa, murdarlığa qətiyyən heyrətlənmir, hətta “əşi, bu nədir ki, daha dəhşətli şeylər olur” deyib üstündən də sakitliklə keçirik.
Və indi haqqında yazacağım olay da məni heyrətləndirməyib. Sual edə bilərsiniz ki, bəs niyə yazıram! Yazıram ki, bəlkə bizə səhiyyədəki inkişafdan danışan Oktay Şirəliyev bir gün xəstəxanlarda rüşvətlə alınıb satılan insan sağlamlığının necə məhv edilməsindən, ya da sağlam birinə ən təhlükəli xəstəlik diaqnozu ilə saxta arayışların necə verilməsindən də danışa?!
Daha analoqsuz inkişaf kimsəyə maraqlı deyil və mən əminəm ki, Səhiyyə naziri məhz bunlardan danışsa, daha maraqlı olar.
İllərdir qulağı düz söz eşitməyən ölkə vətəndaşı həqiqətə möhtac qaldığından Oktay Şirəliyev həqiqəti deyə bildiyində görə ona daha çox alqış edər.
Vallah, cənab nazir, həqiqət o qədər də qorxulu deyil!
Və siz bizə izah edə bilərsiniz ki, necə olur Ülviyyə Həsənova adlı bir qadının boşanma nəticəsində əlindən alınan övladı sağlam olduğu halda Nevrologi Xəstaxanada həkim işləyən Məlahət İmanova(Quliyeva) nın diaqnozu və adı çəkilən xəstaxananın baş həkimi Məhərrəm Sadıqovun da imzası ilə epilepsiya xəstəsi olması haqqında arayış verilir!? Sonra da 5 saylı polikilinikada psixiatır işləyən Leyla Ömərova da bu diaqnozu təsdiq edir?!
Məncə, cənab nazirin bu məsələyə aydınlıq gətirməsi o qədər də çətin olmaz.
Deyə bilərsiniz ki, axı ana necə bu qədər əmindir ki, övladı sağlamdır?
Birincisi, xəstə olduğu iddia olunan Fərhad Həsənov həm Nevroloji Xəstəxanada yatılı şəkildə müalicə alır, eyni tarixlərdə də 6 saylı məktəbdə davamiyyətinə heç bir xələl gəlmədən dərslərinə davam edib və bunu 6 saylı məktəbin direktoru Gülşən Qurbanova öz verdiyi rəsmi sənədlə təsdir edir.
Digər tərəfdən, bəlli olur ki, Ülviyyə Həsənova məhkəmədə iddia qaldırıb ki, onun övladı xəstədirsə, yenidən müayinə olunsun və bu dəfə onun iştirakı da təmin edilsin. Nə məsələdirsə, qarşı tərəf bundan boyun qaçırır?
Bir uşaq eyni vaxt da iki yerdə necə ola bilir? )))
Bəlkə doğrudan da, səhiyyəmiz elə inkişaf edib ki, klonlaşdırmanın ən üstün “nəaliyyətlərini” əldə edib, bizim xəbərimiz yoxdur?
Belə bir “nəaliyyət” varsa, Oktay Şirəliyevdən ən qısa zamanda bu analoqsuz inkişaf haqqında bizləri də məlumatlandırmasını rica edirik. Yoxdursa, onda bu analoqsuz hadisənin izahını versinlər lütfən…
P.S Yeri gəlmişkən, bu ürək bulandırın hadisənin içində tək sevindirici hal bilirsinizmi nədir? Hər şeyə rəğmən hələ də öz vicdanını nəyəsə satmayan müəllimlərin olması… Və sevindirci hala həsrət qaldığımız bu məmləkətdə bunu bizə yaşatdığına görə Gülşən Qurbanovaya təşəkkürlər!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 866