Fəhlə ailəsindən çıxıb “Vodafone” şirkətinin Qlobal Satınalma mütəxəssisi vəzifəsinə qədər yüksələn azərbaycanlı Emin Quluyevin Qaynarinfo-ya müsahibəsi
– Emin Quluyev kimdir?
– Sumqayıtda fəhlə ailəsində doğulmuşam. Elə orta məktəbi də orada bitirdikdən sonra 606 balla Dövlət İqtisad Universitetinə qəbul olmuşam. İlk kursu əla qiymətlərə başa vurub, imtahanla Xüsusi İstedadlar Qrupuna daxil oldum. Burada bütün fənnlər ingiliscə keçirilirdi. Universiteti fərqlənmə diplomuyla bitirdikdən sonra Azərbaycanda fərqli şirkətlərdə 4 il çalışmışam. Həmişə xaricdə təhsil alıb, fərqli mədəniyyətlərlə tanış olmağı xəyal edirdim. Qazandığım pulla valideynlərimin qeydinə qaldığımdan buna imkanım olmadı. Təqaüdlərə sənəd göndərməyə başladım. Dünyada bilinən əksər təhsil təqaüdünə sənəd vermişdim. Uzun əziyyət və səbrin sonunda ən mükəmməlini – Eyfel təqaüdünü qazandım. Bu təqaüdə Azərbaycandan seçilən ilk və həmin ildə yeganə şəxsəm. Həmin təqaüd üzrə Fransada Biznesin İdarə Edilməsi (MBA) üzrə magistratura təhsili aldım.
– Sumqayıtdan Fransaya qədər çətin bir yol keçmisiz. Buradakı təhsillə oradakı təhsil arasında fərq nədədir?
– Ümumulikdə Avropadakı təhsil məlumat mənbələrinin genişliyi və interaktivliyi ilə seçilir. Bundan başqa universitetlər təhsil müddətində hansısa şirkətdə praktika keçməkdə yardımçı olur. Amma ümumilikdə heç bir universitet mütəxəssis yetişdirmir. İnsan sadəcə işdə mütəxəssis olur. Azərbaycandakı təhsil mərkəzlərində kitabların yenilənməsinə və yeni kadr yetişdirilməsinə ehtiyac var. Ümumilikdə bizim universitetlər gənclərdəki kreativliyi qurudur. İqtisad Universitetində bakalavr təhsili aldığım fakultədəki fənlər İngiltərə təhsil sistemi kimi mükəmməl idi. Həmin fakultə dünya səviyyəli olsa da, hər il o qrupa sadəcə 64 nəfər qəbul ola bilirdi. Hazırda həmin universitdəki inkişafı yaxından izləyirəm və müsbət mənada ciddi dəyişiklər var.
– Hazırda hansı fəaliyyətlə məşğulsuz?
– Hazırda “Vodafone”un Budapeşt ofisində daimi müqaviləylə Qlobal Satınalma üzrə mütəxəssisəm, şirkətin 20-yə yaxın ölkədə konsultasiya xidmətləri üzrə təminatına nəzarət edirəm.
– Necə oldu ki, bu vəzifəyə dəvət aldınız?
– Avropada qeyri-avropalı kimi iş tapmaq həddən artıq çətindir. Viza və əlavə xərclər bizi əmək bazarında çox geri salır. Fransada hələ magistr təhsili aldığım ərəfədə iş, praktika üçün yer axtarmağa başladım. 2 dəfə İngiltərəyə sırf iş müsahibəsinə getdim. 7 ay əzində heç bir nəticə olmadı. 4 il iş təcrübəm, fərqlənmə diplomu, Fransa universitetində ilin tələbəsi olsam da, viza problem yaradırdı. Amma prinsip və hədəfimdən dönmədim, müsahibələrə davam etdim. Nəhayət, iyun ayında bir gündə 3 təklif aldım: Dubay, Fransa və Lüksemburqdan. Lüksemburq ofisində “Vodafone”da praktika təklifini seçdim. Praktika ərəfəsində bütün bilik və təcrübəmi göstərmə şansım oldu və müdirim birbaşa iş təklifi verdi.
– Ölkəyə geri qayıtmağı düşünürsünüzmü?
– Xaricdə qaldıqca insan dəyişir, şəxsi inkişafa meyllidirsə, fərqli mədəniyyətləri canına hopdurur. İstəməsən də, səni gəldiyin cəmiyyətdən qoparır. Məzuniyyətə gələndə qəribə hisslər yaşayıram. Yaxın 5 il ərzində Avropada işləyib, bu sahədə müdir vəzifəsinə yüksəlməyi hədəfləmişəm. Gələcəkdə ixtisaslı, yetişmiş bir kadr kimi hansısa dövlət sektorumuzdan və ya mobil operatorlardan dəyərli təklif alsam, məmnuniyyətlə qayıtmağı düşünərəm.
– Dəyərli təklif deyərkən nəyi nəzərdə tutursuz?
– “Vodafone” müsbət mənada tamamilə fərqli korporativ dəyərlərə və atmosferə malikdir. Təəssüf ki, həmin dəyərləri yerli şirkətdə tapa bilmərik. Həm də mənim şirkətdəki indiki işim həddən artıq məsuliyyətli və prestijlidir. McKinsey”, “Boston Consulting Group”, “KPMG”, “Deloitte”, “Ernst&Young”, “PwC” kimi böyük şirkətlərin direktorlarıyla görüşürəm, sahəm üzrə beynəlxalq konfrans və treninqlərə gedirəm. “Vodafone”da kariyeramdan sonsuz həzz alıram. Oxşar korporativ dəyərlərə malik, yaxud həmin dəyərləri qura biləcəyim şirkətdən təklif olsa, əlbəttə nəzərə alaram.
– Sizcə, Azərbaycandakı mobil operatorlardan hansı sizin bu istəklərinizi qarşılaya bilər, yaxud hansı ilə işləmək istəyərsiz? Ümumiyyətlə Azərbaycandakı mobil operatorlarının fəaliyyətini necə dəyərləndirirsiz?
– Suala tam səmimi cavab verim: heç biriylə işləmək istəmərəm. Təəssüf ki, Azərbaycanda mobil operatorlar arasında təbii rəqabət yoxdur və fikrimcə, səbəbini çoxları bilir. Amma ümumilikdə “Azercell”i bəyənirdim. Azərbaycan mobil operatorlarını yaxından izləyirəm, satışa həddən artıq fokuslanırlar. İnnovasiyadan çox geridirlər. Əslində, “Vodafone” kimi şirkətlərə gəlir gətirən səbəb onların innovasiyaya olan böyük marağı və investisiyasıdır. Bizim yerli şirkətlər sim kart, mobil trafik satmaq fikrindən ayrılıb, IoT (internet of things) aləminə girməlidi.
“Vodafone” diabetə nəzarət üçün aparat ixtira edir, maşın oğurlandıqda onu idarə etmək üçün app yaradır, maşında yol hərəkət hadisəsi baş verəndə avtomatik təcili yardım çağıran sistem qurur, xərçəng xəstəliyinin araşdırılması üçün proqramlar buraxır. Bəlkə də, “Vodafone”da qazandığım təcrübəylə bir mobil operatoru sıfırdan qura bilərəm.
– İş həyatı necədir? Azərbaycanda 4 yerdə çalışmısız. Məsələn, müdir işçi münasibətləri. Bizdə işçiyə münasibət necədir, orda necə?
– Avropada iş tapmaq çox çətin olsa da, bunu bacardım. Artıq 2-ci ildir ki, “Vodafone”dayam. Bu şirkətdə karyera həzzimin pikini yaşayıram. Şirkətdə təcrübəçi kimi başladım və 5-ci ayda iş təklifi aldım. Azərbaycanda xarici şirkətlər az deyil, amma ümumilikdə işçiyə dəyər amili aşağıdır və müdir-işçi münasibətlərində iyerarxiya çox sərt hiss olunur. Azərbaycanda əksər şirkətlərdə işçilər məzuniyyətini rahat seçə bilmir, müdirdən əvvəl ofisdən çıxmaq olmaz, müdirlə danışmaq istəyirsənsə, qapını döyüb gözləməlisən, müdirlər olan iclasa girmisənsə, səsin çıxmamalıdır. Müdirlər ondan şəxsən asılı olduğunu hər gün hiss etdirirlər. Azərbaycanda 4 il ərzində müdirlərim əsl lider olublar, amma işlədiyim şirkətlərdə korporativ dəyərlər olmayıb.
“Vodafone”da menecerim (müdir) mənim sağ tərəfimdə adi stulda əyləşir, sözüm olanda çevrilib deyirəm. Bir ideyama görə direktorla görüşdürmüşdülər, işçini müsbət mənada irəli verirlər. Müdirimlə hər ay tək görüşüm olur, səmimi şəkildə gələcək karyera planlarımı müzakirə edirik. Məni menecer vəzifəsinə qaldırmaq istəyirlər, onunçün üzərimdə işləyirik. Hər ay Bakıya uça bilərəm, şirkət uçuş biletlərimi ödəyir. Bundan başqa pulsuz iPhone-dan əlavə yemək, idman və treninq xərclərim qarşılanır. Həftədə 3 gün evdən işləyirəm. Geyim kodeksi yoxdur, burada sırf sənin işinə və nəticələrə dəyər verirlər. Burda 3-cü ildir ki, saqqal saxlayıram, yayda şortla işə gedirəm, heç kim saat neçədə gəlib getdiyimi qeydə almır. Azərbaycanda belə bir korporativ mühit sadəcə xəyal ola bilər.
– Azərbaycan gəncliyi haqda nə düşünürsüz? İnkişafın hansı mərhələsindəyik?
– Bu mövzuda dostlarla dərin söhbətlərimiz olur. Azərbaycan gənclərinin yüksək potensialı var. Bu gün dünyanın ən böyük şirkət, ən prestijli universitetinə, startup və idman yarışlarına getsək, görərik ki, orda azı bir həmvətənimiz var. Azərbaycandakı gənclərin potensial, istedad və enerjisini yaxşı istiqamətləndirmək üçün sadəcə daha yaxşı təhsil lazımdır. Açığı indiki təhsili nəzər alsam, gələcək Azərbaycan gəncliyi haqda pozitiv deyiləm. Avropa ölkələrində yaşadığım ərəfədə bir daha əmin oldum ki, bir cəmiyyətin gələcəyi ən çox təhsildən asılıdır.
Bundan başqa ailə dəyərlərinin də gənclərin inkişafında rolu böyükdür. Avropada valideynlər gənclərə hər şeydə seçim azadlığı verir, çətinliklərlə baş-başa buraxır. Bu, gəncləri öz seçimləriylə öz həyatlarını qurmağı öyrədir. Azərbaycanda isə uşaqlıqdan çərçivələrə öyrəşdirilirik. Valideynlərin puluyla yaşayır, dediyi universiteti oxuyur, dediyi işdə işləyir, dediyi qızla evlənirik. Belə olanda da həmin gənc 25-30 yaşda həyatda tək qərar verə bilmir, çətinliyə düşəndə isə depresiyaya düşür, çünki uşağlıqdan qayğı ilə böyüyüb. Və ya həmin gənc Avropaya düşəndə indiyədək dadmadığı azadlığa qovuşur və təhsil-iş-şəxsi inkişafdan başqa hər şeylə məşğul olur. Sonra da valideyni deyir ki, Avropa övladımızın zayını çıxartdı. Əslində isə lap yeniyetmə vaxtlardan övladlarına azadlıq versəydilər, sonradan belə partlayış olmazdı. Həmin gənclərə istədikləri sahəni oxumaq haqqı, bəzən evə gec gəlmək, bəzi günlər heç gəlməmək, istədikləri idman, əyləncəyə, hansısa ölkəyə gəzməyə belə getməsinə icazə verməyiblər. İndi övladı olan və olacaq dostlarımdan xahişim odur ki, övladlarınıza azadlıq verin, onları öz əlinizlə bədbəxt etməyin. Avropada ailələr gənclərə azadlıq verməkdən daha da o tərəfə gedib – övladlarını soyudublar evdən. Buna görə də Avropada ailə dəyərləri yoxdur, evə bağlılıq yoxdur. Bunu qətiyyən bəyənmirəm. 3-cü ildir valideynlərimdən uzağam, 20 il də belə getsə valideyn və vətənimlə bağlılığımı itirmərəm.
Bir ingilis dostumla maraqlı dialoqumu sizə danışım:
– Emin, Bakı üçün darıxırsan?
– Bakı üçün çox yox. Ailə, dostlar, vətən havası üçün darıxıram.
– Bəs sən Ceyms, ev üçün darıxırsan?
– Ev üçün yox, London üçün darıxıram.
Azərbaycanda ailə dəyərlərini çox sevirəm, amma bəzən çox sərtdir. Valideynlər övladlarını həddən artıq sıxırlar. Hər ikisinin balansının tərəfdarıyam. Bu, mümkündür. Ailəm məni bu balansda böyüdüb. Bir də bizimkilər həddən artıq əməksevər, xeyirxah, qonaqpərvər insanlardır. Mənim burada ən çox həsrətini çəkdiyim şeylərdən biri budur – istiqanlı azərbaycanlılar.
– Emin bəy, Azərbaycana gəlib gedirsiz. Siz özünüz necə mental dəyərlərdən tam olaraq qurtula bilmisizmi?
– Təəssüf ki, işimlə əlaqədar sadəcə ildə 2-3 dəfə gələ bilirəm. Mental dəyərlərimizdən tam qurtulmaq fikrim yoxdur əslində, bəzi dəyərlərimizi hədsiz sevirəm və burda daha da sevdim. Söhbət qonaqpərvərlik, ailə dəyərlərindən gedir. Amma sürətlə dəyişdiyim dəyərlər də var. Əslində həmin dəyərləri Azərbaycanda yaşayandan dəyişirəm, xaricdə qalanda daha sürətləndi. Yaxın dostlarım deyir ki, mənim şəxsiyyətimdə dəyərlərin xoş bir qarışığı var. Düşünürəm ki, biz gənclər həmin müsbət dəyişiklikləri etməsək övladlarımız bizə şikayətlənəcək.
– Evlisiz, yoxsa subay?
– Subayam hazırda.
– Evlilik barədə düşüncələriniz nədir?
– Erkən nigaha ciddi şəkildə qarşıyam. Avropada bəyəndiyim dəyərlərdən biri də evlilikdən öncə cütlüyün 3-4 il sevgili münasibəti və bəzən birgə yaşamasıdır. Azərbaycanda boşanma hallarının səbəbi cütlüklərin cəmiyyətin fikirlərinə görə görüşdən çəkinməsidir. Biraz görüşəndən sonra deyirlər “qızın adı çıxır, gedək üzük taxaq” ya da qızı tanımadığı oğlana ərə verirlər və bir ay sonra deyirlər oğlan narkoman çıxdı və s. Bizləri bədbəxt edən belə adətlərdir. Övladlarımı fərqli mühitdə böyüdəcəm. Hər gəlişimdə qohumlarım bir qız göstərməyə çalışırlar. Mən o cür evliliyə qarşıyam. Qismətə də inamım var.
– Hobbiləriniz nədir, işdən sonra hansı fəaliyyətlə məşğul olursuz?
– Demək olar peşəkar aşpazam, ən çox balıq bişirirəm. Budapeştdə avarçəkmə ilə məşğul oluram. Səyahəti çox sevirəm. Azərbaycan gəncləri prioritet olaraq pul yığıb ev, maşın almağa meylli olur. Maşının, evin varsa, sən cəmiyyətdə uğur simvolusan. Mən ancaq pul yığıb, səyahət edirəm. Çünki 50 yaşımda geriyə baxanda yadımda qalan həmin səyahətlər olacaq. Həvəskar fotoqrafam, təbiət mənzərələrini çox çəkirəm. Axşamlar işdən sonra idman zalına gedirəm. İşim oturaq olduğundan idman şərtdir. Çoxlu dostlarım var, onlarla həftə sonları şərab içərək fərqli mövzularda səhərədək maraqlı müzakirələr edirik. Şəxsi inkişafım üçün ayrıca kitablar oxuyuram. Yeni texnologiya, innovasiyaları izləyir, vaxt olanda fransız filmlərinə baxıram.
– Həyatınızı planlı olaraq yaşayırsız, yoxsa hər şeyi öz axarına buraxırsız?
– Həmişə qaralama da olsa, illik bir planım olur. Sadəcə zamanla planlarım reallaşmadıqda xeyirlisinin bu cür olmasına inanmağa başladım. Nəsə plan qururamsa, tam ona fokuslanıb əlimdən gələni edirəm. Alınmasa, “xeyirlisi” deyib keçirəm. Gündəlik işdə və şəxsi həyatımda da plan qururam. Unutmayım deyə qeyd tuturam, telefonda xatırlatma yaradıram. Bəzənsə günü axışına buraxıb, adi bir gün yaşayıram. Amma həyəcanlı biri deyiləm, yəni nəyisə unutdumsa, yaxud gecikdirirəmsə, panikaya düşmürəm. Sadəcə düşünüb, təcili qərar verib hərəkət etmək lazımdır. Büdcə planım da var. 2015-ci il xaricdə yaşayandan indiyədək aylıq xərclərimi kompüterdə yazıram. Hər ay paltara, qida məhsullarına və kafelərdə yeməyə ayrılıqda nə qədər xərclədiyimi bilirəm. Aylıq xərc hədəfi qurub pul yığıram.
Oxunub: 1264