“Bəzən əri onu elə döyürdü ki, görəndə məəttəl qalırdıq. Üz-gözü şişmiş vəziyyətdə, qançır olurdu. Evləri xarabaya bənzəyirdi. Yağış yağanda içəri girmək mümkün deyildi, hər yer nəm olurdu, ətrafda siçanlar yuva salmışdı. Əri isə qazandığı pulu içkiyə verirdi. Hamımızın o qadına yazığımız gəlirdi…” – bu 28 yaşlı Nuridə Kərimova barəsindəki cinayət işində qonşunun ifadəsidir.
Gənc qadın həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuşdu. Amma sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib azadlığa buraxdı. Prokurorluq bu hökmə etiraz edib protest versə də, Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədi. Prokurorluq daha sonra Ali Məhkəməyə kassasiya protesti verdi. Bu instansiya isə qərarı ləğv eləyib, işi yenidən baxılması üçün geri qaytardı. İndi Bakı Apellyasiya Məhkəməsi bir daha bu məsələni araşdırmalıdır.
Nuridə həyat yoldaşı Vüqarın onun vurduğu bıçaq zərbəsindən öldüyünü inkar eləmir. Ancaq and-aman eləyir ki, onu öldürmək niyyəti olmayıb. Həmin vaxt hadisələr xoşagəlməz hadisələr yaşanıb ki, nəticə də belə faciəvi olub…
Cəlilabad rayonundan olan Nuridə 2009-cu ildə valideynlərinin məsləhəti ilə Kürdəmir sakini Vüqar Kərimovla ailə qurub. Birgə nikahdan 2012-ci ildə bir qız övladları dünyaya gəlib.Evləndikdən az sonra ailədə münasibətlər ürəkaçan olmayıb. Səbəb isə ailə başçısının spirtli içkilərə qurşanması, narkotik vasitələrdən istifadə etməsi, həyat yoldaşına, azyaşlı qızına qayğı göstərməməsi, Nuridəni döyüb-incitməsi olub.
Bakıda kafelərdən birində dönərçi işləyən Vüqarın evin kommunal xərclərini belə ödəməməsi üzündən Nuridə ilə azyaşlı övladı günlərlə işıqsız qalıblar…
Bütün bunları təkcə Nuridə özü demir, həm də qohum-qonşu təsdiqləyir.
“Nuridə elə vəziyyətdə olurdu ki, ona yazığımız gəlirdi. Həyat yoldaşım da, mən də ona Vüqardan boşanmağı məsləhət görürdük. Amma Nuridə səfil gündə yaşamasına, hər gün döyülüb söyülməsinə baxmayaraq, boşanmadı. Vüqar evin kommunal xərclərini də ödəmirdi. Günlərlə işıqsız qalırdılar. Axırda Nuridəyə kömək üçün evimizdən naqillə elektrik xətti çəkmişdik ki, işıqsız qalmasınlar…”, – qonşu şahid ifadəsində belə deyib.
Təsəvvür edin, Nuridənin qayınatası Səfa Kərimov cinayət işində zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Oğlunun ölümünə baxmayaraq, gəlib məhkəmədə gəlininin xeyrinə ifadə verdi. Məhkəmədən xahiş elədi ki, onu buraxsınlar. Çünki Nuridənin nələr çəkdiyini bilirdi…
Nuridə özü isə başına gələnlər və hadisə günü olanlar barədə bunları danışır: “Birlikdə yaşadığımız müddətdə məni çox incidib, tez-tez döyüb, əzab verib. Bütün bu dava-dalaşlar, döyülmələr qızımın gözləri önündə baş verirdi. Uşağımı da götürüb evdən gedirdim, bir neçə gündən sonra gəlib dil töküb qaytarırdı,amma heç nə dəyişmirdi.
Onun məni döyməsi ilə bağlı heç yerə şikayət etməmişdim. Əgər şikayət etsəydim, münasibətlərimizin daha da pis olacağından qorxurdum.
Vüqar işıqpulunu ödəmirdi, qazandığının hamısını içkiyə verirdi. Hadisə baş verən gecə saat 2-də gəlib çıxdı, yenə içkili idi. Qaranlıqdan, evdə tək qalmaqdan qorxduğumu deyib niyə gec gəldiyini soruşanda “yaxşı eləmişəm, xoşun gəlmirsə, çıx get” deyib məni itələdi. Boğazımdan yapışıb divara çırpdı, döyməyə başladı. Taqətimi itirdim, başımda kəskin ağrı yarandı. Qollarımdan tutub silkələdi, plastik stulu götürüb başıma vurmaq istəyəndə, özümü müdafiə etmək üçün stolun üstündəki bıçağı götürdüm. Öldürmək niyyətim yox idi, qorxutmaq istəyirdim. Düşündüm ki, bıçaqdan qorxar, mənə heç nə eləməz. Amma əksinə oldu. Stulla məni vurub üstümə hücum çəkəndə bıçaq Vüqarın sinəsinə girdi…”
Nuridə kimi döyülüb-söyülən, səfalət çəkən və müəyyən səbəblərdən bu vəziyyətə dözən qadınların sayı kifayət qədərdir. Bir sıra hallarda, bu münasibətlərin sonu elə həmin qadınların özlərinin ölümü, xəsarət alması ilə nəticələnir. Amma zorakılığa məruz qalan qadınların çox az hissəsi başlarına gələnləri açıb-ağardır, hüquq-mühafizə orqanlarından və digər qurumlardan kömək istəyir.
“Mənim evimin sirri mənim sirrimdir” prinsipi…
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əksəriyyəti rəsmi şəkildə şikayətçi olmadığına görə ölkədə zorakılığa məruz qalan qadınların sayı haqda söz demək çətindir: “Əksəriyyəti “mənim evimin sirri mənim sirrimdir, heç kim bilməməlidir” prinsipi ilə hərəkət edir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da eyni fikirdədir: “Statistik rəqəmlərə baxanda məişət zorakılığı faktlarının azaldığını görürük. Bu yalnız rəsmi rəqəmlərdir. Lakin hər birimiz bilirik ki, reallıqda daha çox hadisələr baş verir. Çünki elə faktlar var ki, məişət zorakılığı baş verir, amma ailə daxilində qalır. Bizim siyasətimizdə əsas məqsəd budur ki, ailədə baş verən problemləri əvvəlcədən aşkarlaya və vaxtında həll edə bilək”.
Bir ildə 33 qadın ailə münaqişəsi nəticəsində qətlə yetirilib
Dövlət Statistika Komitəsi hələlik ötən ilin nəticələrini açıqlamayıb, amma ondan öncəki 2016-cı ilin rəqəmlərinə nəzər salmaq kifayətdir ki, ölkədə bu sahədə vəziyyətin nə dərəcədə ağır olduğunu görmək mümkün olsun. 2016-cı ildə Azərbaycanda məişət zorakılığı (ailə münaqişəsi) nəticəsində 1031 zərərçəkən olub ki, bunun da 807 nəfəri qadınlardır. Hətta aralarında bir nəfər hamilə qadın da olub. Bu zərərçəkmiş qadınların 33 nəfəri qətlə yetirilib, 18-ni öldürməyə cəhd olunub. Üç qadın elə həddə çatdırılıb ki, özünə qəsd edib. Zərərçəkmişlərin böyük əksəriyyəti isə müxtəlif dərəcədə xəsarət alan qadınlardır…
Dövlət Statistika Komitəsinin sonuncu dəfə 2017-ci ilin əvvəlində açıqladığı məlumata görə, ölkədə 9 milyon 810 min nəfər əhali olub ki, bunun da 4 milyon 918 min 800 nəfərini qadınlar təşkil edib. Bu qız-qadınların da hər il min nəfərdən çoxunun təkcə elə məişətdə zorakılığın qurbanına çevrilməsi məyusedici göstəricidir.
Maddi asılılıq bəzən qanla nəticələnir…
Zərərçəkmiş qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər, o cümlədən vəkillər, ekspertlər deyir ki, məişət zorakılığının kökündə dayanan əsas amillərdən biri iqtisadi asılılıqdır.
“Çox hallarda qadınlar maddi cəhətdən asılı olduğundan onlara edilən zülmlərə boyun əymək məcburiyyətində qalır. Uzun müddət davam edən zorakılıqlar günün birində qanlı hadisə ilə nəticələnir ki, bu zaman təkcə iki nəfərin yox, onların övladlarının da həyatı qaralır.Bu tendensiya əksər cinayət işlərində müşahidə olunur – qadın ayrılacağı halda, evsiz qalacağından, uşaqlarını dolandıra bilməyəcəyindən çəkinir, boşanmır və daha ağır nəticələrə gətirib çıxarır. Başqa bir məqam da var, qadın illər uzunu evdə əvəzi ödənilməyən işləri görür, əziyyət çəkir. İllərlə çəkilən əziyyətə baxmayaraq, gələck üçün təminatı yoxdur. O, bütünlüklə qarşı tərəfin davranışından asılı vəziyyətə düşür. Bu cür hallardan qaçmağın əsas yolu isə maariflənmədir”, – vəkil Yalçın İmanov bildirib.
Bu problemin özü də dövlətin köməyə ehtiyacı olan vətəndaşına dəstək verməməsi, bir sıra hallarda qızların təhsildən kənarda qalması, erkən nikahlar da daxil, xeyli başqa problemlərə aparıb çıxarır.
Hüquqşünas Tural Ağayev isə boşanma hallarındakı ərazi nisbətinə də diqqət çəkir. Müşahidələrinə əsaslanıb deyir ki, xüsusən Bakı və digər böyük şəhərlərdə boşanan qadınların sayı daha çoxdur. Səbəbini də belə izah edir: “Bu yerlərdə qadınların iş tapıb çalışmaq, özünü və övladlarını saxlamaq imkanları daha çoxdur. Bu da qadında özünəgüvən yaradır. Əlbəttə, heç bir gəliri olmayan, başqasının maddi yardımı olmadan yavan çörək ala bilməyən qadınla özünü dolandırmaq iqtidarında olan qadın arasında fərq həm də onların taleyinə birbaşa təsir göstərir. Ailələr var ki, kişi dolandırmaqda çətinlik çəkir, amma qadının da işləməsinə imkan vermir. Bu həm də qadını əsarətdə saxlamaqdır. Qadın axı kişinin şəxsi əşyası, mülkiyyəti deyil ki, bu cür məsələlərdə onunla bağlı qərar versin”.
Qadınlar rəhbər vəzifələrə layiq deyil?
Hökumət rəsmiləri qadınlar arasında məşğulluğun səviyyəsi ilə bağlı tənqidləri bir o qədər yaxına buraxmır. İddia olunur ki, əksinə, Azərbaycanda qadınların məşğulluq səviyyəsi xeyli artıb, az qala, kişilərlə eyni göstəriciyə çatmaq üzrədir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bir müddət öncə Milli İnsan Resursları Forumundakı çıxışı zamanı demişdi ki, kişilər və qadınların iqtisadi fəaliyyəti arasında olan fərq cəmi 2 faizə enib. Onun sözlərinə görə, hazırda iqtisadi fəal əhalinin tərkibində kişilərin payı 51,1 faiz, qadınların payı isə 48,9 faizdir.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov həm də jurnalist olmaq istəyən və bu məqsədlə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə sənəd verən abituriyentlərdən qabiliyyət imtahanı götürən şəxslərdəndir. Deyir ki, peşə xüsusiyyətləri baxımından qadınlar üçün çətin sənət sayılan jurnalistikaya gələn qızların sayı son dövrlərdə artıb. Ümumiyyətlə, Azərbaycanda media sahəsində çalışanlar arasında xeyli qadınlar var. Əflatun Amaşov yada salır ki, media orqanlarında rəhbər vəzifələrdə çalışan xanımların sayı isə çox azdır: “Amma ümid var – ən azı, bu gün jurnalist olmaq üçün həvəslə bu sahəyə üz tutan qızlarımızın sayına baxanda belə düşünürəm…”
Təhsil sektorunda da buna bənzər vəziyyətdir. Bu gün ölkədəki orta məktəblərdə çalışan təxminən 151 min müəllimin 122 minindən çoxu qadınlardır. Amma elə həmin orta məktəblərdə rəhbər vəzifələrdə çalışanların böyük əksəriyyəti kişilərdir. Bu məsələ ilə bağlı son rəsmi məlumat iki il əvvələ aiddir. Orada da göstərilib ki, orta çəktəblərdə direktor vəzifəsində çalışan qadınların sayı əvvəlki illərlə müqayisədə artıb və 32,1 faizə çatıb. Bu isə ümumi sayın üçdə biri də eləmir…
Azərbaycanın qanunverici orqanında – Milli Məclisdə 125 deputat yerinin cəmi 20-sinin sahibi qadınlardır.
Bu yerdə yada salaq ki, Azərbaycanda 2000-ci il martın 6-da Prezident qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək üçün “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Üstündən düz 18 il vaxt keçib, mənzərə məyusedicidir…
Stereotiplər…
Ümumiyyətlə, Azərbaycanda qadınların hüquqları ilə bağlı xeyli qanunlar, normativ hüquqi aktlar qəbul olunub. Ölkə bu sahədə BMT-nin, Avropa Şurasının çoxsaylı konvensiyalarına qoşulub. Real mənzərə isə onu deməyə əsas verir ki, çox hallarda həmin normalar elə kağız üzərində qalıb.
Gender məsələləri üzrə ekspert Süheylə Cəfərova deyir ki, bu gün qadınların iqtisadi azadlığına mane olan əsas səbəbələrdən biri stereotiplərdir. Ekspert vurğulayır ki, təhsil, ictimai və siyasi həyatda iştirak, maliyyə asılılığının olmaması və digər bu kimi məsələlərdə qərar vermə imkanınamalik olmaq qadınların səlahiyyətləndirilməsini təmin edir: “Qadınların səlahiyyətləndirilməsi isə hər şeydən əvvəl insan hüquqları məsələsidir və onların təməl hüquqlarının təmin olunması deməkdir. Dünya əhalisinin yarısını qadınlar təşkil edir və ən azı bu faktorqadınların kişilərlə eyni hüquqlara malik olmasını labüd edir. Ona görə də gender bərabərliyinin təmin olunması qlobal inkişafın bir hissəsidir və illərdir ki, nəhəng beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Stereotiplər bəzi cəmiyyətlərdə özünü təhsil və ya qərar qəbul etmə imkanının olmaması, bəzi yerlərdə isəqadınların özünə güvənməməsi ilə büruzə verir. Onlar qadınları,məsələn, öz şəxsi bizneslərini qurmaqdan çəkindirir. Bəziləri düşünür ki, biznes sahəsində kişilər daha ciddi qəbul olunur. Yəni biznes “qadın işi” yox, “kişi işi”dir. Bundan başqa, qadınlarəksər hallarda qərar qəbuledici və ya idarəedici postlara yox, icraedici vəzifələrə “layiq görülür”. Çünki kişilər maskulindir, güc və status nümayiş etdirməyə həvəslidir”.
BMT-nin baş ofisində gözlənilən Forum…
1972-ci ildə “UN Women” və “UN Global Compact” təşkilatları birlikdə Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini (Women’s Empowerment Principles) təşəbbüsünü yaradıblar. Bu təşəbbüs iş yerlərində, əmək bazarında və icmada gender bərabərliyinin təşviq olunması üçün özəl sektora dəstəyi təmin edir. Növbəti Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri Forumu bu il martın 15-də Nyu-Yorkda BMT-nin baş ofisində keçiriləcək.
Maraqlıdır ki, dünyadakı bir çox böyük bizneslər və maliyyə təşkilatları, 1000-ə yaxın biznes lideri də bu təşəbbüsə dəstək göstərirlər. Məsələn bu il onların sırasında Dünya Birjalar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası kimi böyük təşkilatlar var.
Qeyd: Jurnalist araşdırması Avropa Ittifaqı və BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən, “Demokratiya Monitoru” İctimai Birliyinin ekspertləri tərəfindən həyata keçirilən “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş Vətəndaş Cəmiyyəti dəstəyi” Layihəsi çərçivəsində hazırlanıb.
azadliq.info
Oxunub: 276