Azərbaycanda “harda qaldı o köhnə bayramlar” nostalgiyası ilə xatırlanan günlərdən biri -8 mart Beynəlxalq qadınlar günü yaxınlaşır. Bu bayramın tarixi və motivi başqa söhbətin mövzusudur. Amma reallıq odur ki, sovetlər zamanında xeyli populyar olan 8 mart hələ də insanların yaddaşında canlı şəkildə durur. Sadəcə, arada mühüm bir fərq var: onda insanlar gerçəkdən bu bayramın həyəcanını yaşayır, sevinir, günlər öncədən hədiyyə tədarükü təlaşına düşürdü, indi isə hər şey əksinədir. İndi kimin yanında 8 martdan söz salsanız, məktəblərdə başlanan biabırçılıqlardan danışıb fəryad edəcək. Artıq danılmaz faktdır ki, bu bayram övladları orta məktəblərdə təhsil alan valideynlər üçün böyük bir yükə çevrilib. İllərdir bütün məktəblərdə 8 mart tarixinə 10-15 gün qalmış pul yığımı başlanır. Məbləği də müəllimlərin özü müəyyən edir, imkanlıya, imkansıza baxan yoxdur. Şagirdlər müəyyənləşmiş məbləği hardan olsa, tapıb gətirməlidir. Valideynlər hər dəfə bu bayram yaxınlaşanda, boşuna “qara günümüz başlanır” demirlər.
“Bu gün məktəblərdə 8 mart bayramı üçün yığılan məbləğ nə qədərdir?” sualına cavab almaq üçün kiçik bir araşdırma apardıq. Cavablar müxtəlifdir, məlum olur ki, hər məktəbin öz qiyməti var. Baxaq, valideynlər bununla bağlı nə yazır: “Keçen il Nizami rayonundakı 312 saylı məktəbdə valideynlər yığılıb 10 manatdan 250 manat pul yığıb sinif müəlliməsi üçün verəndə qaytarıb ki, bu nə puldu? Sonra 20 manatdan yığıb verəndə götürüb. Sözüm odur ki insanlar pulun qarşısında əsir-yesir qalıblar. Uşaq nə görüb-götürəcək o müəllimədən?”(Adəmoğlu). “Nasosnıda 19 saylı məktəbdə 20 manatdan yığırlar”(Rasim Salamzadə). “20 mantdan yığırlar”(Baba Süleyman) “104 saylı məktəbdə 50 manatdan yığırlar. Biabırçılıqdır, düzələn deyillər”(Mina Ağaliyeva). “Biri üçün 20 manat. Hələ o biri ikisindən xəbər yoxdur, yəqin bu gün-sabah onlar da xəbər gətirəcək”(Qadir Xudabaxşıyev). “50 manatdan yığacaqlar Səbail rayon 49 saylı məktəbdə”(Bəhruz İsayev). ”20 manatdan yığırlar. Hələ 30 manat deyirdilər, bir təhər 20-yə endiriblər”(Aydın İsalı). “Bu gün iki uşağa 40 manat verdim, Səbail rayon 162 saylı məktəbdə oxuyurlar” (Arif Axundov).
İllərdir məktəbdə yazılmamış qanun kimi davam edən bu biabırçılığa nədən etiraz olunmur? Bu sualla daha iki valideyni danışdırıram və onlar deyir ki, etirazla iş düzəlsəydi, bu qədər mətbuatda yazılanların bir nəticəsi olardı. “8 mart yaxınlaşanda bütün valideynləri dərd alır. Üç övladım var, biri məktəbi bitirib, ikisi oxuyur. Məktəblərdəki pul yığımlarından cana yığılmışıq. Bütün bayramlarda pul yığılır, 8 martın qiyməti 20 manatdır. İndi iki uşağa 20 manat vermək məcburiyyətindəyik. Kimə şikayət edəsən? Mətbuatda nə qədər yazırsınız, bir faydası olur? Mən özüm neçə dəfə şikayət etmişəm, xeyri yoxdur. Daha dərinə gedib, uşaqları sinifdə pis duruma salmayım deyə, hardan olsa, tapıb verirəm. Nə vaxta qədər belə davam edəcək? Cavabını nə siz bilirsiniz, nə mən. Balıq başdan iylənər, nə deyim ki…”(Gülnarə Əhmədzadə).
“Əvvəl 25 manat deyirdilər, sonra narazılıq oldu, 20 manata saldılar. Bizdə də 2 uşaq var, 40 manat verdik. Vallah, zülmlə tapıb verir hamı. Heç kimdə imkan yoxdur. Amma bunu məktəbdə başa sal görüm, necə salırsan. Yaxşı müəllimlər var, əlbəttə. Ancaq onları da direktor səviyyəsində məcbur edirlər ki, yığmalısan. Bütün siniflərdən yığılan pullar sonra bölüşdürülür, direktorun payı ayrı gedir. Nə deyim, bizi də, müəllimi də bu günə salan utansın. Qanun yoxdur onsuz da, olsaydı, çoxdan yığışdırmışdılar bu biabırçılığı”(Əzizə Qədirli).
Araşdırsanız, demək olar ki, məktəblərin əksəriyyətində durum eynidir. 8 mart bayram adıyla insanlara bu qədər ağrı-acı gətirir. Xülasə, ölkə insanının bayramlıq halı yoxdur. Bu ölkədə bayramlar çoxdan bayram olmaqdan çıxıb…
Səadət
Oxunub: 188