Özü də 7 il azadlıqdan məhrum edilən Əhsən Nuruzadə günahsız həbsdə saxlanılan şəhbusların ailələrinin əziyyətindən danışdı
Daha bir dindar fəal uzunmüddətli həbs cəzasına məhkum edildi – Müsəlman Birliyi Hərəkatının koordinatoru, ilahiyyatçı taleh Bağırzadənin tərəfdarı olan Əhsən Nuruzadəyə 7 il həbs cəzası kəsildi. Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində belə bir hökm çıxarıldı.
Hərçənd, Əhsən Nuruzadəyə verilmiş narkotik ittihamı məhkəmədə sübuta yetirilmədi. Özü də, vəkili də çıxışlarında bildirdi ki, Əhsəni şərləyiblər, onun cibindən çıxdığı deyilən narkotiki əslində o cibə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində polislərin özləri atıblar.
“Əhsən ictimai-siyasi fəaliyyətindən əl çəkmədiyinə görə uzunmüddətli həbsə göndərildi”
Bu gün məhkəmədə vəkil Fariz Namazlı çıxış edərkən dedi ki, Əhsən Nuruzadəyə qarşı irəli sürülmüş ittihamın əsası yoxdur. Vəkilin sözlərinə görə, bu işdə istifadə olunan sübutlar onun müvəkkilinin hüquqlarının pozulması ilə əldə olunub, saxtadır. F.Namazlı xatırladıb ki, Əhsən Nuruzadə bundan əvvəl də iki dəfə oğurlanıb, günlərlə həmin idarədə saxlanılıb: “Onun barəsində 10 gün inzibati həbs olunması haqda qərar çıxarlıb. Amma onu inzibati həbs olunanların saxlandığı təcridxanada yox, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlayıblar. Bütün bunlar onun həbsinin sifarişli və qanunsuz olduğunu deməyə əsas verir. Hər iki həbsində ona xəbərdarlıq olunub ki, Taleh Bağırzadənin müdafiəsindən geri çəkilsin, Milli Şuranın aksiyalarında iştirak etməsin, əks halda, uzunmüddətli həbsə göndəriləcək. Əhsən də ictimai-siyasi fəallığından əl çəkmədi, ona görə də deyildiyi kimi elədilər”.
Vəkil bildirib ki, Əhsən Nuruzadə ilahiyyatçı alim Zülfüqar Mikayılov və daha 11 nəfərin məhkəməsinə gələndə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları taksinin qarşısını kəsiblər. Əhsəni döyə-döyə maşına mindirib aparıblar. Polislər taksi sürücüsünü də idarəyə aparıb, sonradan buraxıblar: “Niyə Əhsəni saxladıqları yerdə yox, onu idarəyə aparandan sonra orada üstünə baxış keçiriblər? Əhsən özü də bildirdi ki, onun cibinə narkotiki idarədə Rüstəm Cədərov atıb.
“Qəpik-qəpik pul yığıb məhbus ailələrinə kömək etməyimizi də istəmirdilər”
Əhsən Nuruzadə özü də narkotikdən tamamilə uzaq biri olduğunu, həmin ittihamın cəfəngiyyat olduğunu bildirib: “Məni tanıyanlar da bunu yaxşı bilir ki, mən günahsızam. Mən 20 ildir ibadətlə məşğulam. Həyatımın əksər hissəsi dindar insanların yanında, ibadət yerlərində keçib. Həbsimin səbəbi ictimai-siyasi fəaliyyətim, Müsəlman Birliyi Hərəkatının üzvü olmağım, Taleh Bağırzadə başda olmaqla, şərlənərək həbs olunan günahsız qardaşlarımızın ailələrinə kömək məqsədilə qəpik-qəpik pul yığıb, başsız qalmış uşaqlara maddi və mənəvi dəstək olmağımızdır. Təsəvvür edin, birinci dəfə ötən ilin yanvarında məni oğurlayıb, altı gün “bandotdel”də saxladılar, o müddətdə ancaq onu soruşurdular ki, sənin siyasətlə, Xalq Cəbhəsi ilə nə işin var? Hardan maliyyələşirsiz? Hansı təşkilatdan pul alırsız? Bilirik, özün kasıb adamsan, bəs hardan pul alıb ailələrə yardım edirsən? Deyirdim, Vicdanlı Qardaşlar Təşkilatından. İzah eləyə bilmirdim ki, ianə toplayırıq. İanə sözünü başa düşmürdülər”.
“Milli Şuranın mitinqinə çağırış etməyim onları qəzəbləndirmişdi”
Əhsən Nuruzadə bildirir ki, o, “bandotdel”dəki təhdidlərə məhəl qoymayıb, fəallığını davam etdirdiyinə görə həbs olunub: “Məni ikinci dəfə oğurlayıb, inzibati həbs üçün məhkəməyə gətirəndə Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulov soruşdu ki, neçə övladın var? Dedim, iki balaca qızım. Dedi ki, sən heç fikirləşmirsən ki, narkotiklə səni gətirsəydilər, necə olacaqdı? Bu da hakimin mənə dediyi söz. Məni axırıncı dəfə tutanda çox əsəbi idilər. Düşünürəm ki, onları ikinci dəfə inzibati həbsdən çıxandan sonra “facebook”da Milli Şuranın mitinqinə çağırış eləməyim onları qəzəbləndirmişdi. Məni taksidən düşürüb, camaatın gözünün qarşısında döydülər. Sonra idarəyə apardılar, orada da bir saata qədər döyəndən sonra qandallı vəziyyətdə saxladılar. Bu zaman Rüstəm Cəfərov əlini cibimə salıb nəsə atdı. Sonra da cibimdən üzünü heç vaxt görmədiyim narkotik çıxdı. Vəkil istədim, dedilər ki, nə vəkil, bura bandotdeldir”.
Əhsən Nuruzadə onu da qeyd edib ki, şəhərin mərkəzində taksidən düşürüldüyü yerdə olan kameraların yaddaşına baxılsaydı, onun hansı vəziyyətdə tutulub aparıldığı, şərləndiyi konkret faktlarla sübut olunardı: “Amma təəssüf ki, bu barədə vəsatətimizi təmin etmədiniz. Məni Kürdəxanı türməsinə, oradan dispanserə aparanda elə vəzifəlilər, həkimlər soruşurdular ki, maddəni bilirik, bəs həbsinin əsl səbəbi nədir? Təsəvvür edin, Kürdəxanıda hər dustağın kartı olur, mənim kartımda adımın qarşıdında “Nardaran” sözü yazılıb. Mən narkotiklə həbs olunmuşamsa, bu nədir? Deməli, bu da həbsimin əsasında dayanan səbəbə işarədir. Bir sözlə, bu ittihamda yazılanlar şər-böhtandan başqa bir şey deyil.
“Elə uşaqlar var ki, ac yatır, məktəbə getməyə paltar tapmır”
Azərbaycanda mənim kimi şərlənib həbs olunan yüzlərlə adam var. Onların da bir hissəsi inanclı insanlardır. Elə günahsız həbs olunan qardaşlarımız var ki, onların övladları məktəbə getməyə paltar, dəftər-kitab tapmır. Elə övladlar var ki, ac yatırlar. O uşaqların belə əziyyət çəkməsinin səbəbkarı onların atalarını şərləyib həbs eləyən, bu işdə əli olan hər kəsdir. Onların ah-naləsi, göz yaşı, həsrəti mütləq bir gün o səbəbkarları tutacaq. İnsan öz millətinin övladını necə şərləyə bilər axı…”
Əhsən Nuruzadənin son sözündən sonra məhkəmədə qısa fasilə olub. Daha sonra hakimlər onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan ediblər.
azadliq.info
Oxunub: 338