Bugün Baş nazir Artur Rəsizadə parlamentdə növbəti hesabatını verib. Baş nazir 14 il ərzində ölkədəki iqtisadi inkişafdan danışıb, orta aylıq əmək haqqı 6,8 dəfə, banklardankı əmanətlərin 30 dəfə artırıldığını, ölkədə 1 milyon 900 mindən çox yeni iş yeri açıldığını, orta ömür uzunluğunun yüksəldiyini bildirib. Sonda isə qeyd edib ki, ölkədə dayanıqlı ictimai-siyasi sabitlik, prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi ilə birbaşa əlaqədardır.
Əlbəttə, hesabatlılığın 25 il öncə ləğv edildiyi ölkədə baş nazirin obyektiv hesabat verəcəyini gözləmək absurd olardı. Amma ağsaqqal nazirimiz heç olmasa görüntü xatirinə tənəzzülün toz-torpaqğından sitat gətirməliydi. Ölkənin milli valyutası 100 faizdən artıq dəyər itirib, Avropa ölkələri Azərbaycanlı mühacirlərlə dolub, ölkədə minimum əməkhaqqı 130 manatdı, intiharlar adi statistikaya çevrilib, xarici borc 20 milyard manatı ötüb, büdcə kiçilərək 9-10 milyard dollar həddinə düşüb, ölkənin idxaldan asılılığı artıb, Qarabağ münaqişəsinin həllində yalnız geriləmə müşahidə olunur və belə bir reallıqda Artur Rəsizadə iş yerlərinin artmasından, orta ömürün yüksəlməsindən danışır.
Milyonlarla Azərbaycan kişisi ölkə xarcində iş yeri axtarırsa, 1.9 milyon iş yeri harda açılıb? 130 manat əməkhaqqı ilə hansı zəruri ehtiyacları ödəmək mümkündür? Niyə Azərbyacanın adı yalnız “qara siyahı”larda öndədir? Niyə heç bir sərvəti olmayan Ermənistanda əməkhaqqı Azərbaycandan yüksəkdir? Niyə təhsil, səhiyyə, iqtisadiyyat iflic vəziyyətə düşüb? Niyə kommunal xərclər 100 faiz artdığı halda, milli valyuta 100 faiz dəyər itirdiyi halda, qiymətlər 50-60 faiz qalxdığı halda, maaşlar 10 faiz artır?
Artur Rəsizadə bu sualların cavabını verməlidir. Reallıq budur ki, Azərbaycanda hər yeni il əvvəlki ilə şükr elətdirir. Fakt budur ki, Azərbaycanın 25 milyardlıq büdcəsi kiçilərək 9 milyard dollar olub. Bütün statistik göstəricilər tənəzzülün sürətinin yüksəldiyini ifadə edir.
Həm də Azərbaycanda xalqın iradəsiylə formalaşan parlament olmadığına görə kimin nə hesabat verməsinin heç bir önəmi yoxdur. Artur Rəsizadə çıxışında “biz Yupiterdə 2 şəhər salmışıq”söyləsə, yenə də deputatlar hesabata əl çalacaqlar.
25 ildir ki, xalqa hesabat verməkdən imtina edənlərin yalançı inkişaf hesabatı verməsi təbiidir. Kaş, Artur Rəsizadə yaşının bu vaxtında cəsarət edib, ölkənin başına gətirilənlərin hesabatını verə biləydi.
Samir
Oxunub: 454