Saçınızı necə qurulayırsınız
Bizim hamamlanandan sonra saçımızı qurutmaq üçün əsas iki variantımız var.
Bir: dəsmalla
İki: fenlə
Bunlardan hər hansı birini seçməkdə azadıq.Bu seçimə görə heç kim bizə bir söz deyə, irad tuta bilməz. Lakin, biz feni alıb elektrikə qoşmadan onu dəsmal kimi saçlarımız sürtsək, yaxud dəsmalı “tok” qoşub saçımıza isti hava axını yaratmağın gözləsək, razılaşın, qıraqdan baxanlar “yazığın kəlləsi gedib, dəli olub” deyəcək. Razısınızsa, bu müqəddiməni götürüb keçək Rusiyadakı bu günkü seçkiyə.
***
Rusiyada bir adam var, Aleksandr Dugin. Onu politoloq da adlandırırlar, sosioloq da, filosof da. Onu da deyirlər ki, Putin Duginin beyinin istifadə edir. Yəni, bu cənab hazırkı rus dövlətinin ideoloqu, strateqidir. Belədir, belə deyil-dəqiq söz deyə bilməyəcəm. Lakin, doğrudan da Dugin bunların ideoloqudursa,qətiyyətlə bəyan etmək olar: Putin başda olmaqla rus hakim zümrəsi çox pis tələbə, müdavimdilər. Onlar Dugini qavramayıblar, öyrənməyiblər.
Niyə? Çünki, Duginin ideyası, sahib çıxdığı fəlsəfi-siyasi görüş avrasiyaçılıqdır, Avropamərkəzçi baxışdan imtinadır. Bu isə o deməkdir ki, ictimai-siyasi təkamülün nəticəsi kimi Avropada müasir forma və məzmun alan demokratik, hüquqi anlayışları qəbul etmirsən; beləliklə onlar əsasında özünün yaxud başqasını mühakimə edilməsin, qiymətləndirilməsin rədd edirsən. Bura qədər normaldı, hesab edin ki, bizim fen işlətmək imkanımız varkən, dəsmaldan istifadə edirik. Kimin nə sözü?
Lakin, bu gün Rusiyada keçirilən “seçki” dəsmaldan istifadə-alternativ yanaşma, rəhbər müəyyənləşdirmə prosesi deyildi. Bu feni yaş saçına döyə-döyə onu qurulamaq cəhdi idi. Tipik bir riyakarlıq. Seçki sisteminə inanmırsansa, onu proqresin tərkib hissəsi hesab eləmirsənsə, “meymunluq eləməyə nə hacət” keçirmə də, özünü çar elə, nəsə belə bir şey bitsin bu komediya. Ən pisi odur ki, Rusiyanın bütün satelletlərinə sirayət edən riyakarlıqdır.
Adamlar, demokratiyaya, müasir Avropa dəyərlərinə alternativ tapmısınızsa buyurun, tətbiq edin işlədin. Yox, alternativiniz yoxdursa, fenlə başınıza döyməyin. Dəli kimi görünürsünüz.
Oxunub: 538