AzTV-nin rəhbəri Arif Alışanovu, onun qızını və bacısı oğlunu öldürməyə cəhddə suçlanan şəxslər deyirlər ki, bu cinayəti onların boynuna qoymaq, etirafedici ifadələrə imza atmaları üçün işgəncələrə məruz qoyulublar. Bu barədə onlar martın 30-da məhkəmədə danışıblar.
AzTV sədrinin 4 milyon 582 minlik əmlakını ələ keçirməkdən ötrü onu öldürmək planı qurub, bu məqsədlə dəstə düzəltməkdə təqsirləndirilən Şücayət Əkbərov A.Alışanovun özünün məhkəməyə gəlməsini tələb edib.
Məhkəmədə A.Alışanov və yaxınlarını üç vəkil təmsil edir. Ş.Əkbərov bildirib ki, əgər özü gəlməsə, o, vəkillərin heç bir sualına cavab verməyəcək: “Mənim silahım olub ki, atəş açım? Hamısı qondarmadır. Nə mütəşəkkil dəstə yaratmışıq, nə də başqa bir qanunsuz hərəkət etmişik. Onu öldürmək istəsəydim, başqalarını neynirdim ki, elə görüşdüyümüz dağlarda, dərələrdə özüm ödürərdim. Nə şahid olardı, nə də sübut, bu günə qədər tikəsi də tapılmazdı. Onun ölümü mənə heç nə qazandırmayacaqdı. Onunla işləyirdim, pul qazanırdım. Əmlaklarının heç biri mənim adıma deyil. Mən Hacı Babayev (Alışanovun sürücüsü-red.) deyiləm ki… Gəlsin bura, mənimlə üzləşsin. O da sözünü desin, mən də cavabını verim”.
A.Alışanovun təkcə Şamaxıda 335 hektar torpaq sahəsi olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ərazilər AzTV sədrinin xanımının, qızının, sürücüsünün və başqa qohumlarının adınadır.
“O qızın ölümündən sonra münasibətlərimiz korlandı”
Ş.Əkbərov AzTV sədrini öldürmək istəməsi haqda ifadə verməsi üçün 20 gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü söyləyib: “Mən “bandotdel”də olanda iki vəkil gətirdilər, biri “alkaş” idi, o biri də elə onlara işləyirdi. İş materiallarındakı ifadələrin hamısı təzyiqlə alınıb”.
Alışanovun Şamaxıda aldığı torpaq sahələrinin tapılması üçün vasitəçi olmuş Ş.Əkbərovun iddiasına görə, onunla münasibətləri AzTV sədri ilə birlikdə Şamaxıya gəlmiş qadının ölümündən sonra pozulub.
Ötən məhkəmə iclaslarından birində təqsirləndirilən şəxs A.Alışanovu onunla birlikdə Şamaxıya gələn gənc qızlardan birinin ölümündə ittiham edib.
AzTV rəhbərinin vəkili isə bu ittihamların cəfəngiyyat olduğunu, Ş.Əkbərovun fakt qarşısında qalıb, başqa cür özünü müdafiə etmək imkanı olmadığından belə böhtanlara əl atdığını söyləyib.
“Yalandır, özləri yazıb hamısını…”
Alışanov və yaxınlarını öldürmək məqsədilə Ş.Əkbərovun yaratdığı dəstənin üzvü kimi təqdim olunan digər təqsirləndirilən Qocalı Cəbiyev də ittihamı rədd edir. Onun istintaqa ifadəsində Ş.Əkbərovun sui-qəsd planı hazırlayıb, icrası üçün onlara göstəriş verdiyi yazılsa da, məhkəmədə həmin ifadədən imtina edib:
“Yalandır, özləri yazıb hamısını. Məni “bandotdel”də döyürdülər ki, Şücayətin üzünə durum. Dörd nəfər məni vəhşicəsinə döyürdü, ayağımdan asmışdılar…”
İttihamda yazılıb ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər A.Alışanov üçün aldığı, 5 milyona yaxın dəyəri olan əmlakları, torpaq sahələrini ələ keçirmək üçün onu öldürmək planı hazırlayıb. Tanışları Musabi Namazovu, Qoçalı Cəbiyevi, Zöhrab Şirinovu bu işə cəlb edib. Sonradan M.Namazov bu işdən könüllü imtina edib və plan barədə hüquq-mühafizə orqanlarına xəbər verib.
(azadliq.org)