Bu gün Bakıda, Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) müxalifətin növbəti mitinqi keçirilib. Mitinq BŞİH-lə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edib. Mitinqin əsas tələbləri “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!” olub. Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına adekvat qiymət verilməsi tələb olunub.
Mitinqdәn tam videoçəkilişi tәqdim edirik:
Mitinqin aparıcısı bu dəfə də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn olub. İlk çıxışı AXCP sədri Əli Kərimli edib.
Əli Kərimli 1918-ci ilin mart qırğınından danışaraq deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.
Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.
AXCP sədri həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var. “Onlar bu milləti sevən ninsanlardır.”, deyən Əli Kərimli onlardan bir neçəsinin adını çəkib.
Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib. Bu zaman meydanda “istefa” şüarları səslənib.
AXCP sədri vurğulayıb ki, Azərbaycanda monopoliyanın başında dövlət başçısı İlham Əliyev durur. Əli Kərimli deyib ki, İlham Əliyevin hakimiyyətini daha 7 il uzadmağa haqqı yoxdur.
“İktidarda olduğu müddətdə yalanı dövlət siyasətinə çevirmiş, ölkədə söyüşü siyasətə gətirmiş bir şəxsin 4-cü dəfə prezident seçilməyə haqqı varmı?”deyə AXCP sədri sual edib.
Mitinqdə çıxış edən Müsavatın başqan müavini, vəkil Osman Kazımov isə polislərə müraciət edib: “Əzizlərim “ Polsi haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”. Osman Kazımov deyib ki, polislər də onlara dogma, qardaş adamlardır.
O.Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında parallel aparıb: “Ə.Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”.
AXCP Rəyasət Heyətinin üzvü Vahid Mәhәrrәmli hakimiyyətin iqtisadi siyasətinin uğursuzluğunu faktlar və rəqəmlərlə ifşa edib.
Müsavatın Divan vә Milli Şuranın Koordinasiya Mәrkәzi üzvü Tofiq Yaqublu çıxışında Əliyevlərin Azərbaycana yalnız talamaq məqsədilə baxdıqlarını deyib. O, İlham Əliyevi Qarabağ siyasətində uğursuzluqda, hətta öz bəyanatları ilə Ermənistana kömək etməkdə suçlayıb.
Mitinqdə Milli Şura Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev də çıxış edib.
“İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsi ilə çox öyünür.Ancaq bizim hədəfimiz tək Lələtəpə ola bilməz.Bizim hədəfimiz Dağlıq Qarabağ olmalıdır”
Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
O, çıxışında Azərbaycanın beyənlxalq aləmdəki imicinə toxunub.
Vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ancaq offşorlara daşınan pullar ilə “məşhur”dur.
A.Hacılı həmçinin deyib ki, ölkədə işsizlik yüksək səviyyədədir.
Azərbaycan rəsmiləri isə ölkədə işsizliyin səviyyəsinin yüksək olması ilə bağlı səslənən fikirləri qəbul etmirlər. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə işsizlik də, yoxsulluq da 5 faizə düşüb.
Sonda söz Milli Şura sədri Cəmil Həsənliyə verilib.
Milli Şuranın sədri Cəmil Həsənli prezident seçkilərini “məzhəkə” adlandırıb.
Onun fikrincə, prezidentliyə namizədlər “qırx nəfərin içində hörməti olmayan adamlardı”.
“Bu millət yalançıya, korrpsionerə 25 ildir dözür. Hansi seçkidən danışırlar? Xalqın seçki haqqın Əliyevlər mənimsəyib. Azərbaycan konstitsuyasına görə, xalqın seçki hüququnu əlindən almaq ən böyük cinayətdir. İlham Əliyev cümhuriyyət ənənələrinin axırına çıxıb”, deyə o vurğulayıb.
Ancaq istər Mərkəzi seçki Komissiyasının rəhbərliyi, istərsə də dövlət başçısı seçki prosesinə fərqli qiymət verirlər.
Dövlət Başçısı İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edərəkən deyib ki,seçkilərin demokratik, ədalətli və şəffaf olacağına, Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir.
Mitinqin keçirilən ərazidə tez-tez internetdə kəsilmələr yaranır. Bu üzdən aksiyadan canlı yayım etmək mümkün olmayıb. Mitinqdən sonra AXCP lideri Əli Kərimli jurnalistlərə açıqlamasında aksiyanın uğurla baş tutduğunu deyib.
***