Şöhrət CəfərBu gün , daha bir məğlubiyyətin tariximizi zorladığı gündür. Bu məğlubiyyətlər xronologiyasını əzbər bilənlərimiz Universitetə qəbul olur, oxuyur, diplom alır və təhərin fərqi yoxdur, yaşamağa davam edir; evlənir, ərə gedir, övlad sahibi olur və bu xronologiyanı o uşaqlara əzbərlədirlər. Beləcə illər minir bel-belə yekə bir dağ yaradır. Tarixi dağ.
Qovulduğumuz torpaqlara köçürülən düşmənlər də bu ardıcıllığı yaşayırlar. Sadəcə fərq odur ki, onlar kök salırlar, sahiblənirlər, böyüyürlər. Biz isə itirə-itirə gedirik. Geriyə nəzər edəndə ,bu gedişin dönəm-dönəm davam etdiyini görürük. Bu da o deməkdir ki, artıq övladlarımızın qovulacağı yer ya Kür, ya da Xəzərdi…
Göynərti…
Bilirsiniz, çox insanların dilindən eşitmişəm, çox yazılardan oxumuşam. Ki, bunlar, o torpaqlar qayıtsa da gedəsi deyillər. Birincisi torpaq qayıtmalı deyil, torpağa getmək lazımdır. İkincisi o, sadəcə torpaq deyil, Vətəndir. Üçüncüsü və daha neçəncisi isə, bu fikirə gələnlərə şiddətli şəkildə ayıb olsun. Mənim 13 yaşım var idi ordan çıxanda. Çıxanda nə baş verdiyini tam dərk etməsəm də ağlıya-ağlıya çıxmışam. İndi də oranın hər guşəsi ovcumun içi kimi xatirimdədir və hər guşəsinə ayrı-ayrı göynəyirəm. Hələ oğlum. Oğlum 2005-ci il doğumludur. Yəni işğaldan 12 il sonra doğulub. Bu dəqiqə oranı elə arzulayır ki, elə bil orda doğulub, orda böyüyüb. Necə fikirləşə bilirsiniz elə şeyləri. Hələ, ağzımızı açan kimi deyirlər ki, qoyub qaçmısınız. Yalançını vicdanı qoysun,qaçsın. Kimin hansı siyasi oyun oynadığından bixəbər olaraq camaatımız son ana qədər torpağı uğurunda döyüşdü. Bu qədər əsir düşən, itkin düşən, şəhid olan var. Axı bunları görə-görə necə deyirsiniz bu sözləri? “Qarabağı itirmək” boyda ağır, ölümcül bir dərdi 25 ildən artıq daşıyan insanlar belə düşük şeylər düşünməməlidir. Əgər düşünürsə, deməli, onun vətənpərvərlikdən danışmağa haqqı yoxdur. O sadəcə qeybət edir. Qəti şəkildə etiraz edirəm və qınayıram bu fikirlərinizi. Xahiş edirəm , daşının bu düşüncələrdən. Fikir edirəm, bu xəyanətdir. Hə, hə! Xəyanət! Dostluğa, qardaşlığa, vətəndaşlığa xəyanət. O torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. İngiloyundan Türkünə kimi hər birinin. Vətəndaş olmağı bacaranda Dövlətimiz olacaq, həm də bütövündən, böyüyündən.
25 ildir doğma elindən ayrı yaşayanlara, onlardan doğulub törəyənlərə, şairlərinə, aşıqlarına da səslənirəm ki, bu toylarda şeir deyib, torpaq deyib sızıldamağınız adamın ətini tökür. Bu qədər süni ağlamaq olar, siz Allah? Vətənpərvərlik sözlə, şeirlə, segahla olmur, əzizlərim. Elə olsaydı indi dünyaya biz hökmranlıq edirdik. Onlarla yalnız tamamlana bilər.
“İnşəAllah” da, “Lazım” da, söz də, şeir də bezdi, utandı, biz yox.
Savalan haqqı, Murov haqqı, Keyti haqqı, Zəngəzur, Göyçə, Borçalı, Dərələyəz, Şuşa, Ağdam, Xocalı, Cəbrayıl, Fizuli, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı, Xankəndi, Ağdərə və təpəmizə döyülüb cənublu, qərbli qovulduğumuz digər torpaqlarımız haqqı yetər! Yetər! Yetər!
O başa sağlıq düşür ki, dikdir. Nə vaxt başımızı dik tutarıqsa, o zaman sağlığını arzulayarıq.