Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının
11 aprel 2018-ci il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi qeydə alınmiş şəxslərə müraciət edib. Müraciətdə deyilir:
ADR Hərəkatı məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsininin 58-ci maddəsi ilə müəyyən edilən seçki sənədlərinə sizin gəlirlərinizin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında sizə məxsus əmlak barədə məlumat da daxildir. Məcəllənin 58.3-ci maddəsində göstərilir ki, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Odur ki, seçicilər üçün maraq kəsb etdiyini nəzərə alaraq Seçki Qanununun şəffaflıq və hesabatlılıqla bağlı tələblərinə əməl edərək Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 5 saylı əlavəsində göstərilən torpaq sahəsi, yaşayış sahəsi, mənzillər, bağlar, qaraj və digər bina, tikili, avadanlıqlar, nəqliyyat vasitələri, eləcə də seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün gəlirləriniz və onların mənbələri haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasını təmin edin.
Məlumat üçün bildirim ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə aşağıdakı məlumatların informasiya sorğusu çərçivəsində yazılı formada təqdim edilməsinə dair məktub ünvanlamışdır.
1) 11 aprel 2018-ci il tarixində elan edilmiş prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 5 saylı əlavəsində göstərilən torpaq sahəsi, yaşayış sahəsi, mənzillər, bağlar, qaraj və digər bina, tikili, avadanlıqlar, eləcə də nəqliyyat vasitələri barədə məlumatları (qeydiyyatdan keçmiş hər bir namizəd üzrə ayrıca).
2) 11 aprel 2018-ci il tarixində elan edilmiş prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin gəlirlər haqqında məlumatları (qeydiyyatdan keçmiş hər bir namizəd üzrə ayrıca).