AXCP sədri Əli Kərimli AŞPA-da hakimiyyətin korrupsiyası ilə bağlı hesabata Əliyevin köməkçisinin əcaib reaksiyasına münasibət bildirib:
“Xeyli adam da sadəlövhcəsinə ümid edirdi ki, rejimin AŞ PA-dakı rüşvət cinayətləri, xüsusilə də azərbaycanlı qadınları əcnəbilərə rüşvət kimi təklif etməsi beynəlxalq səviyyədə ifşa olunduqdan sonra bu çirkin əməllərin arxasındakı rəhbərlər xəcalət çəkər, xalqdan üzr istəyər, heç olmasa bu cinayətlərin icraçılarını cəzalandıraraq bağışlanmaq üçün xalqa müraciət edər…
Bəs bunlar nə etdilər? Yenə də xalqın qarşısına “yaxşı eləmişik”, “əlimizin içindən gəlib, imkan olsa yenə edəcəyik” məntiqilə çıxdılar.
İlham Əliyev köməkçisi Əli Həsənovun dililə “gələn qonaqlar ac yola salınmalıdırmı?”, “xaricilərə ölkəmizin simvolları olan suvenirlər verməkdə nə qəbahət var?” dedizdirməklə bütün bu rüsvayçılıqların onun iradəsi daxilində baş verdiyini etiraf etmiş oldu.
Daha dəhşətlisi isə odur ki, rejimin sözçüsü seçki saxtakarlığını və siyasi məhbus problemini ört-basdır etmək üçün Azərbaycan hakimiyyətinin avropalı siyasətçilərə 50 milyon avroya qədər rüşvət, zinət əşyaları və qadınlar təklif etməsini Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçmiş Sovet respublikalarında, məsələn, təhsilin inkişafına pul xərcləməsilə müqayisə edib.
Və bütün bunlardan məlum oldu ki, bu dəhşətli rüsvayçılıqdan sonra da adamlar utanmayıblar. Utanmaq hissini itirәnlәr isə ən təhlükəli adamlar olurlar. Belələri hakimiyyət naminə hər şey edərlər.”