Nardaranda altı nəfərin öldüyü polis əməliyyatının keçirildiyi evin sahibi, özü də həmin əməliyyatda güllələnərək hərəkət qabiliyyətini tam itirən Əbülfəz Bünyadov deyir ki, yaxınlarının onun evinə gəlişinə martın 19-dan qoyulmuş qadağa davam edir. Qapıda dayanan polislər, hətta bacılarının, həkimlərin də içəri daxil olmasına icazə vermirlər.
“Bilirsiniz ki, mən heç bir hərəkət edə bilmirəm. Hətta yataqda çevrilməyə də başqaları kömək edir. Mənim yatağımı əmim oğlanları dəyişirdi, onlar məni yuyundururdu. Çünki 70 yaşlı anam xəstədir. Uşaqlarım körpədir, ən böyüyünün 14 yaşı var, o da serebral iflicdir. Həyat yoldaşımın da təkbaşına mənə gücü çatmır. İki aydır yaxınlarımı buraxmadıqlarına görə bu müddətdə yuyunmamışam. Kürəyimdəki yaralar açılır. Bacılarımın üzünə həsrətəm. Mən onların yeganə qardaşıyam. Mənim də bədənimin 80 faizi ölüdür. Onlar 20 faiz sağ qalan qardaşlarını da görə bilmirlər. Bacılarım telefonda ağlayıb deyir ki, biz tabutu qaldırmağa gələcəyik? Mən erməni əsirliyindəyəm ki, məni doğmalarımın üzünə həsrət qoyublar?”, – deyə Əbülfəz Bünyadov bildirib.
Bünyadovun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Ombudsman Aparatına dəfələrlə müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Ombudsman Aparatına deyirəm ki, mən hansı qanunu pozmuşamsa, deyin, mən bilim də… Buna hansı orqan baxır? Deyin, biz də bilək ki, günahımız nədir. Anam qızlarının, qayınanam nəvələrinin üzünə həsrət qalıb”.