İranın Qum şəhərində təhsil alan azərbaycanlı tələbə Şamxal Eyvazov narkotika ittihamı ilə həbs olunub. Yaxınları isə ittihamın saxta, həbsin səbəbinin fərqli olduğunu bildirir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 27-də Cəlilabad rayonunda saxlanılan Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Məlumatda faktla bağlı cinayət işinin başlandığı, araşdırılma aparıldığı bildirilib.
Şamxal Eyvazovun atası Arzu Eyvazov isə oğluna qarşı açılan cinayət işinin qurama, ittihamın saxta olduğunu deyir. Onun sözlərinə görə, 2007-ci ildən ailəlikcə İranda yaşadıqlarından övladları hər il Azərbaycana qohumlarına baş çəkməyə gəlib, amma heç zaman belə problem yaşanmayıb. Sonuncu dəfə martın 16-da Ş. Eyvazov qardaşı Miqdad Eyvazovla birlikdə Azərbaycana giriş edərkən sərhəddən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıblar. Orada 4 gün saxlandıqdan sonra buraxılıblar, ölkəni tərk etmələrinə isə “stop” qoyulub. Arzu Eyvazov aprelin 26-ı polislərin Cəlilabad məscidinə gələrək Ş. Eyvazovu naməlum istiqamətə apardıqlarını deyir:
“Şamxal Qumda təhsil alır. Martın 16-da Azərbaycana keçəndə birbaşa “Bandotdel”ə aparılıblar. Orada 4 gün saxladılar. Buraxandan sonra çıxışlarına “stop” qoyuldu. Hər dəfə onunla danışanda mənə deyirdi ki, tezliklə “stop”u götürəcəklər, ona belə deyirlərmiş. Sən demə həbsi üçün hazırlıq gedirmiş. Aprelin 26-ı məsciddə namaz qılarkən polislər gəlib onu oradan naməlum istiqamətə aparıblar. Bu gün isə narkotiklə şərləndiyini öyrəndik”.
A. Eyvazov bildirib ki, “Bandotdel”də Şamxal “sizinyol.com” saytı barədə sorğu-sual edilib. Qum şəhərində təhsil alan Şamxal Eyvazov həm də bu saytda fəaliyyət göstərirmiş. Onun sözlərinə görə, Şamxalın digər qardaşı Miqdad Eyvazov hələ də Azərbaycandadır, ölkədən çıxışına qoyulan “stop” götürülməyib. O, Miqdadın da həbs edilə biləcəyini deyib.