«Antiterror Mərkəzində bir nəfər vardı, səhv eləmirəmsə, Ramin Əliyev idi. Deyirdi ki, bu ölkədə prokuror da bizik, məhkəmə də. Bizim dediyimizdən bir ay aşağı cəza ola bilməz», – 2014-cü ildə MTN-in həbs etdiyi, indi isə generalların işi üzrə zərərçəkmiş olan Mətləb Mustafayevin sözləridir.
M.Mustafayev zərərçəkmiş qismində tanınmaqla kifayətlənmir, 21 ay qanunsuz həbsdə saxlanmasına görə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevə qarşı təzminat davası açıb.
Mayın 1-də Səbail Rayon Məhkəməsində general M.Şıxəliyevə qarşı 63 min manatlıq təzminat iddiasına baxılıb. M.Mustafayev iddiasında generalın özü ilə yanaşı, ona qarşı qanunsuzluq baş verdiyi dövrdə Şıxəliyevin mühüm vəzifəli şəxs olduğunu nəzərə alıb Maliyyə Nazirliyini də cavabdeh qismində qoyub.
«Türkiyədə olan adam Bakıda necə sənəd imzalayır?»
Məhkəməyə cavabdehlərin nə özü gəlmişdi, nə də nümayəndələri. Hakim Nurəddin Bağırov bildirib ki, tərəflərə bildiriş məktubu göndərilməsinə baxmayaraq, gəlməyiblər.
İddiaçı vəsatət qaldıraraq deyib ki, general Şıxəliyevin şəxsən özünün məhkəmədə iştirakı vacibdir, ona xeyli sualları var: «Keçən dəfə Mövlan Şıxəliyevin vəkili deyir ki, guya mən həbs olunanda o, Türkiyədə olub, mən ona böhtan atıram. Mənim işimdə guya, evimdən tapılmış silahın ekspertizaya göndərilməsi barədə sənəd var. O sənədi də Mövlan Şıxəliyev imzalayıb. Türkiyədə olan adam Bakıda necə sənəd imzalayır? Özü gəlməlidir, suallarıma cavab verməlidir. Mən bu adamlara görə 21 ay qanunsuz həbsdə saxlanmışam».
İddiaçının daha bir vəsatəti isə MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsi olub. M.Mustafayev istəyir ki, 17 sentyabr 2014-cü ildə M.Şıxəliyevin nazirlikdən nə vaxt çıxdığı müəyyənləşdirilsin: «Həmin gün bacımın evində axtarış aparılıb, MTN əməkdaşları sonra nazirliyə gəlib axtarışın nəticəsi barədə Mövlan Şıxəliyevə məruzə edib, Şıxəliyevin imzasıyla Səbail Rayon Məhkəməsinin sədrinə və Baş prokurorun müavininə mənimlə bağlı məktub göndərilib – bütün bunların həmin gün olması inandırıcı deyil. Çünki o, həmin vaxt işdə olmayıb».
Əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində, «Azərsu»da işləmiş M.Mustafayev deyir ki, MTN-də ondan vəzifəli şəxslərin əleyhinə ifadə almaq istəyirdilər: «MTN-nin istintaq təcridxanasında saxlandığım müddətdə Mövlan Şıxəliyevin göstərişi ilə mənə vəkillə görüşməyə icazə vermirdilər. 16 gün sonra vəkilimlə görüşə icazə verildi. Səkkiz ay ailəmlə nə görüşməyə qoydular, nə də telefonla əlaqə saxlamağa. Hətta ailəmə məktub yazmağıma da qadağa qoyulmuşdu…».
Hakim bildirib ki, cavabdehlərə yenə məhkəmə çağırışı göndəriləcək. Onların iştirakı üçün proses mayın 10-na saxlanılıb. (azadliq.org)