Görək Səlim Müslümovun bu 2 milyardının ortaqları haradan çıxacaq?
Milli Şuranın sədri Cəmil Həsənli keçmiş nazir Səlim Müslümovun 2 milyard oğurladığı haqda məlumatın fonunda indiki hakimiyyətin korrupsiyanı dövlət siyasətinə çevirməsindən yazıb. C.Həsənlinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
Bunların oğurluqları milyardlarla ölçülür. Hökumət mətbuatının yazdığına görə, keçmiş sosial müdafiə naziri Səlim Müslümov da 2 milyard manat oğurlayıb. Amma nə isə bu milyardların söhbəti adamlar vəzifələrdən gedəndən sonra açılır. Vəzifədə olan nazirlərin hansı milyardları mənimsəməsi, oğurlaması sirri-xuda olaraq qalır. Əhali arasında söz-söhbət gəzir ki, işdən çıxarılan oğru nazirlərin üzərinə “haqq” qoyurlar. Şübhəsiz ki, heç bir nazir milyardlarla ölçülən vəsaitləri “daxili” imkanları hesabına oğurlaya bilməzdi. Rabitə Nazirliyinin və keçmiş MTN-in istintaq-məhkəmə araşdırmaları bu mənzərəni ortaya qoymuşdu. “Qara kassa”larda hər kəsin bəlli bir payı vardır. Korrupsiya son illərdə Azərbaycanın bütün dövlət, hakimiyyət orqanları bürümüş ümummilli bir təhlükədir. Təəssüf ki, hazırda bu təhlükə ölkə üçün Qarabağdan da böyük problemə çevrilib, millətin varlığını, dövlətin mövcudluğunu iflic edib. Korrupsiya İlham Əliyevin idarəçilik mexanizmidir. London ofşorlarına əyri, natəmiz yollarla büdcə vəsaitlərini keçirənlər, Rusoborondan həcmi milyonlarla ölçülən “otqat” alanlar öz “dədə-baba” postlarına növbədənkənar təyinat aldılar. Keçmiş nəqliyyat naziri, keçmiş rabitə naziri, keçmiş təhlükəsizlik naziri, keçmiş vergi naziri, keçmiş sosial nazir haqqında xidmət etdikləri hakimiyyətin öz qəzetləri yazdılar. Oğurlandığı iddia edilən vəsaitlərin həcmi 4 milyardla 2 milyard arasında dəyişir. Ofşor sənədlərdə 4 milyard oğuradığı iddia edilən keçmiş vergi nazirinin uşaqları ilə hakim ailənin üzvlərinin birgə “biznesləri” üzə çıxmışdı. Görək Səlim Müslümovun bu 2 milyardının ortaqları haradan çıxacaq?
Biz Səlim Müslümov vəzifədən gedəndən sonra bunları demirik. Vəzifədə olanda da dəfələrlə demişdik ölkənin sosial həyatın rüşvət, korrupsiya, əliəyrilik bürüyüb. İlham Əliyev başda olmaqla onun keçirdiyi sosial “islahatlar” əhalinin belini qırdı. Pensiyaların, sosial yardımların, müavinətlərin təyin edilməsinə, işsizliyə görə verilən cüzi yardımlara nazirlik və onun yerli orqanları ortaq idilər. Dama-dama göl olar. Yüzminlər toplandı milyon oldu, milyonlar toplanıb milyard oldu. Beytülmaldan oğurlanan hər qəpiyin, hər manatın arxasında millətin soyulması, xalqın cibinə girilməsi, əhalinin süng edilməsi dayanır.
Müslümov savadlı adam idi. O, yaxşı bilir ki, bu qədər pulu tək yemək olmaz. Elə ölkənin pensiya sistemin də bu “savadının” gücünə məhv edə bildi. İslahat adı ilə yaşlı insanların belini qırdı. 30-40 il əməyini, sağlamlığını, intellektini cəmiyyətə vermiş 100 minlərlə yaşlı insan Müslümovun “islahatlarından” sonra müsibətlərə düçar oldu, onun “savadlı” hoqqabazlığının qurbanı oldu. Adam son 15 ildə ölkədə 1,9 milyon iş yerinin açılması barədə dil qəfəsə qoymurdu, xarici ölkədən işçi qüvvəsi gətirmək zərurətindən dəm vururdu. İndi gərək o biri bərk gedən nazirlərdən yarıbayarı az mənimsədiyini nəzərə alıb onunla insaflı rəftar etsinlər, adama heç olmasa işsizliyə görə müavinət təyin etsinlər. Yoxsa həbsdə olan bloger Mehman Hüseynovun bütün mərtəbələrini çəkib millətə təqdim etdiyi “sosial sarayın” yarımçıq müsadirə olunmaq təhlükəsi var.