Məhəmməd Talıblı
FUAD POLADOV-70! Olum və ölüm zolağındakı gəzişmələri…
Ütülənmiş cəmiyyətlərdə orijenal insan xarakterləri “ağ qarğa” kimi görünər. Cızılımış xətlər içində var-gəl etmək “xor oxuyanlar” üçündür. “Solo” yolun tutanlar isə səsi olanlar və “xordan” fərqli olmaq istəyənlərın cəsarət etdiyi yoldur. Fuad Poladov teatr səhnəsində öz “səsi” və sözü olan aktyor idi. Buna görə Fuadı teatrdan uzaqlaşdırmaq kimi ağlagəlməz qərarla asıllıqda saxlayırdılar. Başının üstündə asılı qalmış “demokl qılıncı” ilə onu konstruktivləşdirmək niyyəti güdülürdü. Ram edilmək, oynadığı qəhrəman obrazlarını real həyata daşımamaq kimi şüuraltı mesajı ilə onunla ara məsəfəsi saxlayırdılar. Qəhrəmanları sındıran və onları heç sayan sistem qaydaları Fuad Poladov xarakterdə insanları həzm edə bilməzdi. Sistemin mədəniyyət siyasətində tabular belədir: şerlərində qəhrəmanlıqları şairin həyatında görməmək və oynadığı rolları şəxsi həyata daşımamaq kimi bir yarımçıq yaradıcı insan obrazı yaratmaq! Fuad sənət nəhəngliliyi bu cızılan xətdə daxil ola bilməzdi. Tabuları qıran və axına qarşı üzmək cəsarətini özündə görən aktyor belə sistemin dostu ola bilməzdi. Bunlara görə Fuadı mədəniyyətimizin xaricdə təmsilçi simaları sırasında görə bilmirdik. Bu qədər nəhəng sənət adamını küsdürülmüş vəziyyəti ilə reallıqlarla barışdırmaq istəyirdilər. Onu özünüifadə meydanı daraldılmış bir məkana salmaqla alternativsizliyin işarəsini verirdilər.
İnsana yovuşmaz və özünəməxsus insan xarakteri təsiri bağışlayırdı. Bəzən də özündən razılıq əlaməti kimi görünə bilən daxili əminliyin və özünəgüvənin sərhəddini sərhəddini çoxları ayıra bilməkdə çətinlik çəkirdi. Fuad ömrünün sonuna qədər peşəsinin xarakterindən doğan və qaynaqlanan özünəməxsusluğu hamıyaməxsusluqla əvəzləmək kimi bir yerdəyişməni qəbul etmədi. O, özü kimi olmaq istəyirdi. Elə özü kimi qalmaq və dəyişilməmək kimi orijenallığını hər şeydən üstün tutdu. O, bizim cəmiyyətdə olan ənənəvi xarakter tiplərindən olmaq istəmirdi. O, bu “parnik” meyvələrinin cəmiyyət üçün GEN məhsulu olduğunu dərk etdiyi üçün bundan imtina etmişdi. Ona görə özünün xarakter fərqliliyindən uzaqlaşıb bizim cəmiyyət üçün xarakterik olan bomboz insan olmaq istəmirdi. Cəmiyyətimizin indiki halı onda daxili rahatsızlıq və pərişan hisslər formalaşdırmışdı. Bəlkə də buna görə biz onu hər zaman pessimist ovqatda görməyə vərdiş etmişdik.
Fuad Poladov hər zaman fərqli xarakterdə qarşımıza çıxardı. Təkcə tamaşalarda yaratdığı obrazlarla yox. Şəhərdə təsadüfən rastlaşdığımız epizodik situasiyalarda da yenə fərqli ampula da olardı. Yenə də harasa tələsən, zamanı tələsdirən və onu gözləyən yaradıcılıq planlarının arxasınca qaçan bir insan kimi… Sanki, rahat və rəvan həyatın üzünü görməyən qaçaqaçda olan sənət fədaisi sakit həyata çoxdan yox demişdi.
Kədər onun ayrılmaz yoldaşı kimi kölgəsi kimi addımlayırdı. Düşüncələr içərisində qərq olan, düşünməyə fasilə verməyi özünə yaraşdırmayan və beyninə rahatcılıq adası olmayan insan təsiri bağışlayırdı Fuad Poladov. Kədər yükünü sanki fərəhi hesab edirdi. Gülüşü də kədərdən sonrakı sevinci xatırladırdı. Muşfiq Ötkünün “Tanımadığımız Konfutsi” əsərində maraqlı bir fikir yadıma düşdü: “Qağayının səsi” (“quan sui”) nəğməsində sevinc çılğınlığa, kədər isə ağlaşmaya keçmir.” Bu fikrin interpretasiyasına müəllif belə məzmun verərək: “Kədər ağlaşmaya çevriləndə nə olur ki? İtkilərin qəlb üçün bir sınaq olduğu unudulur. Kədər ağlaşmaya başlayanda ruh ümidsizlik qaranlığına düşür.” Fuad Poladov kədəri ilə uzun illər baş-başa qalanda belə ona ictimaiyyəti qonaq etmədi. Özü kədərin istisində qıvrıldı. Onunla baş-başa qaldı. Ona pıçıldadı dərdlərini. Amma laqeyd cəmiyyətlə onları bölüşmədi. Rəsmi qurumlara da eyni münasibəti sərgilədi. Fuad Poladov xəstəliyi ilə bağlı demişdi: ”Öz həkimlərimə inamım var. Mən xalq artıstiyəm, necə gedim xaricdə deyim ki, mənim ölkəmdə həkimlər bacarmadılar, təsirləri olmadı. Bunu demək istəmirəm. Bahalı müalicədir. Amma heç kimdən kömək almıram. Ancaq öz gücüm çatanı edirəm.” Bəs bizim vergilər hesabına formalaşdırdılan dövlət büdcəsindən niyə bu qədər nəhəng insanın sağlıq durumu üçün xərcləməyə qıyılmadı? İlhaməni şəhid adlandıran (Allah keçsin günından!) mədəniyyət naziri niyə Fuad kimi nəhəngin dəfnində iştirak etmədi? Nə var, nə yox ki, Fuad Poladov nazirliyi yüngülvari tənqid edib. Gözləntiləri doğrulmadığı və effektivliyini görmədiyi üçün lap nazirliyi sərt tənqid edib. Dediyi söz də bu olub: “Bizdə Mədəniyyət nazirliyi yoxdur. Turizm nazirliyi var. Ummuram da onlardan.” Nə olsun? Sən indi onun nəhəngliyinin üstündən görməməzlikdən gəlməlisən ki, bir nazirliyin fəaliyyətini tənqid edib? Bütöv bir millətə təmənnasız xidmətin nümunəsin yaradıb axı… Əyilməz qəhrəman obrazlarını şəxsi xarakterində oturdaraq şəxsiyyətin bütövlüyü örnəyi ilə mədəniyyət elitasının üzünü ağ edib axı… İkiləşən şəxsiyyətlərdən bezən cəmiyyətdə məhz onun timsalında ümidlərinin tam dəfn edilməsinə imkan vermədi axı…
Xərçəng xəstəliyi onu ölümlə hər gün üz-üzə gətirirdi. Xəstəliyin zəiflətdiyi orqanizm xarakter kimliyini təsirləndirmirdi. Onu dəfələrlə televiziya verilişlərinə dəvət edib, müalicəsi üçün yardım təklifini əlinin arxası ilə geri qaytarmışdı. Fiziki diriliyi üçün mənəvi ölümü özünə yaraşdırmadı. Millətə dirilik nümunəsi yaradan bir kişini xəstəliyi üçün inildəyən yazıq obrazı da onun xarakterinə yad idi. O, bacardığı və layiq bildiklərini edirdi. Sağa-sola baxmadan və gözünü qırpmadan. Bu da onun yolu idi.
Başını teatrlarda qataraq özünə qapanmamışdı. Özünü bilməməzliyə vurub cəmiyyətdəki çatışmamazlığı görməməzlikdən gəlmirdi. Teatrda qara pərdələrin bağladığı tamaşadan sonra onun cəmiyyət həyatı ilə təmasları başlayırdı. Kim ölüb, kim qalıb? Cəmiyyətin yaxın keçmişinə retrospektiv nəzər və perspektivini dəyərləndirmək fürsəti onda hər zaman düşünmə ehtiyacı yaradardı. Teatrdan kənarda onun bir missiyası da var idi – VƏTƏNDAŞLIQ məsuliyyəti! Onun bu ictimai yükü bəlkə də peşəkarlıqdan öndə gəlirdi. Mühüm tədbirlərdə, o cümlədən milli məsələlərlə bağlı onu toplantılarda biz onu mövqeyi olan ziyalı kimi tanıyırdıq. Milli hissi olan insanlarla dostluğunu heç bir rəsmi qınağa rəğmən özü müəyyənləşdirirdi. Fuad Poladovun bu tip şəxsi seçimlərinə heç kim qarışa bilməzdi. Həm də buna görə mən Fuad Poladovu bir aktyor və şəxsiyyət kimi çox sevirdim.
Oynadığı rollar təkcə əsərlərin obrazları deyildi. O obrazlar sanki onun boyuna biçildiyi üçün daha çox effekt və rezonans doğrurdu. Həmin qəhrəman rollar aktyorun öz adını bizə unutdurmuşdu. Ona görə, bəzən onun özünün adını oynadığı rolları və qəhrəmanların adları ilə tanıyırıq. Özünün şəxsiyyət kimliyini qəhrəmanlarının kölgəsində gizlətmirdi. Onu özünə yaraşdırmırdı. Çünki, həm oynadığı rollar, həm də özü qəhrəman idi.
Onun tamaşasına sonuncu dəfə canlı olaraq “Kleopatra”sına getmişdim. Oynadığı rolun mətni bir yana, onun fəryad çəkən canlı səsi uzun aylar qulağımdan getmədi. Daha növbəti tamaşaları nə vaxt olacaq sualı əvvəlcədən bilet almaq həvəsinə insanı tələsdirirdi. Yenə həyat şərtləri və zaman qıtlığı bizə tamaşalara getməkdə pauza yaradırdı. Onu sanki hər gün görə biləcəyik ümidi günlərimizi biri-birinə calayırdı. Daha inana bilmirdik ki, fələk seçilmişləri bizlərdən soruşmadan bir anda aparır. Fuad Poladovu da bir göz qırpımında aramızdan apardı. İnilmədən və sızlamadan. Gözün qırpmadan və kömək gözləmədən. Ona dimdik duruşlu ölüm yaraşırdı.
Allah rəhmət eləsin!