Bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov “Ermənistanı yalnız möhtərəm prezidentimiz düşdüyü quyudan çıxara bilər” deyib. Birincisi, bu idarəçilik belə bir istedada malikdirsə, bu illər ərzində niyə ərazi bütövlüyümüzü bərpa edə bilmir, özünü başı üstə düşdüyü quyudan çıxarmır. İkincisi, prezidentə əziyyət verməyə dəyməz, çünki möhtərəm prezident təsvir edildiyi quyuda Ermənistanı tapmayacaq. Üçüncüsü, Azərbaycan uşaq bağçası deyil, nağıla ehtiyac yoxdur!
Bu günə qədər başımıza gələn bütün bəlaların səbəbkarı Rusiyadır. Sovet Rusiyası öz imperiyasının uzun ömürlülüyünü təmin etmək üçün müstəmləkələrində xalq idarəçiliyindən imtina etdi. Xalqların iradəsi əleyhinə gedərək “Ovuc “ (hamının başa düşdüyü tərzdə ifadə etsək Klan ) idarəçiliyini düşündü, ölkələrdə xalqları idarəçilikdən uzaqlaşdıraraq “Ovuc” (Klan) hakimiyyətləri qurdu. “Ovuc” yaratmaqla kifayətlənmədi. “Ovuc” “müharibələri”nə də rəvac verdi. “Ovucluq” (Klanlıq) ölkələri zəiflətdi. Axı “Ovucların” (klanların) nə Vətəni, nə Xalqı, nə də Dövləti olur. Onlar özləri üçün yaşayırlar.
Tək istisnalar olmaqla, 30-cu illərə qədər Rusiyanın Azərbaycana inamsızlığı nəticəsində idarəçilik rus və ermənilərin əlindəydi. Sonda Moskvanın bölücü “ideoloqları” başa düşdü ki, Respublikamızı idarə edən rus və ermənilərə qarşı xalq vahid cəbhədə birləşə, təşkilatlana, özünə dəyər verə bilər. Nəticədə, KREML PARÇALA (klanlıq yarat) VƏ HÖKM ET (zəiflət, özündən asılı hala sal) kimi dağıdıcı yanaşmasını da ölkəmizə daşıdı. Bu gün Rusiyanın bizi yoluxdurduğu bu virusla mübarizə aparmalıyıq. Rusiyasız Azərbaycan “Ovucsuz” (klanlarsız) Azərbaycan demək olacaq.
Azərbaycanın sərhədləri “Ovuclardan” (klanlardan) başlayır. Bu dağıdıcı düşüncə bu gün də davam etmədədir. Azərbaycanda Rusiyanın izlərini görürük. Bəli, bu gün Azərbaycan hakimiyyəti Rusiya siyasi dairələrinin təsirindədir. Kreml qarşısında iqtidarın acizliyi danılmazdır. Ayının pəncələri Azərbaycanın sinəsindən qopmalıdır. Ayı dişsiz və caynaqsız hala gətirilməlidir.
Bəlkəsiz, Rusiya siyasi dairələri “Ovucların” (klanların) hakimiyyətinin son “lentinə”, son dəqiqələrinə baxır. Azərbaycan Rusiya üçün bir daha filmləşməyəcək, kino lenti olmayacaq. AZƏRBAYCAN DÜNYANIN ÖZÜNƏ ÇEVRİLƏCƏK!
Prezident seçkisində ölkədə mövcud olan “Ovucların” ( klanların) şəxsi maraqları naminə Azərbaycan xalqına qarşı necə birləşdiyinin şahidi olduq. Bəs biz niyə XALQ olaraq İLAHİ VƏTƏNİMİZ naminə birləşməyək? Dünənimizi və bu günümüzü “Ovuclara” (klanlara) yedirtdik, sabahımızı niyə yedirtməliyik? Bəs deyilmi?
Xalq “Ovuclar” naminə yaşamamalıdır, özündən, adından keçməklə “Ovucları” (klanları) yaşatmamalıdır. Sovet imperiyası dağılanda, xalqlar oldu ki, “Ovucların” ( klanların) “boyunduruğundan” qurtula bildi. Dediyim kimi, 30-cu illərdən Rusiyanın ölkəmizdə apardığı “Ovuc” (klan) “idarəçiliyi” (əslində, məhəllə idarəçiliyi) hələ ki, bu günə qədər davam etməkdədir. Bu gün torpağımızın təcavüzkar Ermənistandan xilası nə qədər vacibdirsə, Azərbaycanı “Ovucların” (klanların) əsarətindən qurtarmaq da bir o qədər vacibdir. Respublika “Ovuclar” (klanlar) tərəfindən bölünüb. Rusiyanın əlinin işarəsiylə “Ovuclar” (klanlar) arasında “müharibə” qızışa da bilir, sakitləşə də bilir. “Ovuclar” (klanlar) ölkə daxilində “nüfuz” ərazilərini itirməmək və ya nüfuz ərazilərini genişləndirmək uğrunda hər gün üzlərini Kremlə tutmaqdadırlar. İtirən Vətəndir! Rusiya isə Azərbaycanda alışdırdığı oddan (hələki sönmək bilməyən) məmnundur. Nə vaxta qədər? Yeni hakimiyyətə qədər.
2018-ci il bu hakimiyyətin siyasi baxımdan son ili olacaq!