Türkiyə öz tarixinin ən gərgin və həlledici seçkisinə hazırlığa start verib. Namizədlərdən kimin qalib gələcəyini zaman göstərəcək. Çünki bu seçkidə çox kəskin rəqabət yaşanacaq və nəticələri təxmin etməyə tələsməyək.
Bu seçkilər Türkiyənin daxili və xarici siyasətinin öncəliklərini, regional və qlobal siyasətdə mövqelərini, ölkə daxilində ideoloji, siyasi və sosial münasibətlər sistemini müəyyən edəcək. Türkiyənin də yerləşdiyi coğrafiya dünyanın ən mürəkkəb və ziddiyyətli hərbi-siyasi münaqişələrinin mərkəzi halındadır. Bu gərginlik qarşıdakı illərdə daha da yüksələcək və Türkiyə üçün çox məsuliyyətli dönəm olacaq.
Türkiyə iqtidarının yürütdüyü çağdaş xarici siyasət qənaətbəxş olsa da, risklidir və dayanıqlı deyil. Daha çox xarici faktorların təsiri altındadır. Həmçinin, daxili siyasətdə də möhkəm və dayanıqlı sosial-iqtisadi sabitlik yoxdur. İstər milli-etnik, istər dini-ideoloji, istərsə də sosial-siyasi baxımdan həlli çətin ziddiyyətlər mövcuddur.
Analizlər göstərir ki 24 iyun seçkisində seçicilərin iştirak faizi indiyədək müşahidə edilməyən ən yüksək həddə çatacaq. Əsas mübarizə Ərdoğanla-İncə arasında olacaq.
Ərdoğanın uzun müddət iqtidarda olmasını və dövlət başçısı kimi inzibati resurslara təsir imkanlarını kənara qoysaq belə, o, bəlli bir sabit elektorata sahibdir və kifayət qədər güclüdür.
CHP-nin namizədi Məhərrəm İncə də kifayət qədər hazırlıqlı və yetkin siyasətçidir. Türkiyə cəmiyyətini hərəkətə gətirə bilən natiq siyasətçilərdəndir. Arxasında dayanıqlı siyasi güc və stabil elektoratla yanaşı, tərəddüdlü seçicilərin də dəstəyini almağa qadirdir.
Hər iki namizədin həm xalqdan, həm də beynəlxalq aləmdən güclü dəstəyi olacaq. Son illər yaxın, uzaq regionların ən hərarətli seçki kampaniyasını izləyəcəyik. Açıq ifadə edilməsə də bu yarış həm də şəxsi yarışdan daha çox ideolojidir. Bu seçki hər iki tərəf üçün son dərəcə həyati əhəmiyyət kəsb edir.
Kiçik bir məqamı da ölkəmizlə müqayisə etmək istəyirəm. Türkiyədə müxalifət daha çox namizədlə seçkiyə qatılır ki iqtidar namizədinə çoxsaylı tənqidlər istiqamətləndirə bilsinlər, ona qarşı geniş koalisiya formalaşdırsınlar. Çünki iqtidar namizədi çox güclüdür, cəmiyyətdə sosial dayaqları var və seçicilərin iradəsi həlledicidir.
Ölkəmizdə isə iqtidar xeyli dəstəkçilərini də namizəd kimi qeydə alır ki, seçkiyə qatılmayan müxalifəti daha çox hədəf alsınlar. Hətta real müxalifət seçkiyə qatılanda da bütün digər namizədlərin hədəfi müxalifət olur. Çünki iqtidarın cəmiyyətdən dəstəyi yoxdur və sosial dayaqlarını da itirib. Demokratik seçki keçirib müxalifətlə ədalətli rəqabət aparmağa çəkinir.
Türkiyə dövlətinin və xalqının maraqlarına xidmət edən bir seçki sonucunu arzulayıram. Regionda sabit və güclü Türkiyənin olması ölkəmizin də marağındadır.