Azərbaycanın istedadlı gənc şairlərindən biri Ruslan Dost Əli Azərbaycan Cümhuriyyətinin 100 illiyinə gözəl töhfə edib. O, Qazaxıstanda tələbə dostları ilə birlikdə öz səyləri hesabına qazax və türk dillərində “28 MAY” adlı qəzet buraxıb. Bu işi necə, hansı zəhmətlə bacarıb, xahiş etdik, qəzetimizə özü danışdı…
Ruslan Dost Əli (Cahangirli) 1993-cü ildə Bərdə rayon Xanərəb kəndində doğulub. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. “Gənc Ədiblər Məktəbi”nin məzunudur. Bir kitab müəllifidir. 2015-ci ildə Qazaxıstan Respublikasının Türküstan şəhərində yerləşən Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax üniversitetinin Sosial Elmlər fakültəsinə qəbul olub. Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alır. Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatının sədri, Beynəlxalq Əhməd Yasəvi universitetinin Tələbə Təşkilatı İdarə Heyətinin üzvüdür. Hazırda universitetin lll kurs tələbəsidir.
Qazaxıstanda nəşr edilən “28 MAY” qəzetinin ideya müəllifidir.
-Ruslan, deyəsən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ən gözəl hədiyyəni siz etmisiniz. Qazaxıstanda “28 may” adlı qəzet buraxmaq kimin ideyası idi?
-Öncə onu deyim ki, “28 MAY” qəzeti həyatımda gördüyüm ən gözəl iş və ən böyük uğurumdur mənim! Təxminən, 2 ay öncə belə bir ideya gəldi ağlıma. Heç yubanmadan ideyanı gerçəkləşdirmək üçün ilk addımları atmağa başladım. Həmin gündən qəzet nəşr olunan günə qədər gecə-gündüz işim-gücüm, dərsim yalnız bu qəzet oldu. Bu işi o qədər şövqlə görürdüm ki, bunun xaricində heç kim və heç nə mənə maraqlı deyildi. “28 MAY” dünyanın ən maraqlı, ən qutsal insanı kimi həyatıma daxil olmuşdu. Gecələr yuxumda da mətnlərin tərcüməsi ilə, səhifələri yerbəyer etməklə məşğul idim…
– Paylaşımlarınızdan məlum olur ki, heç də asanlıqla başa gəlməyib bu iş. Əngəl törətmək istəyənlər, ayağınıza dolaşanlar olmadı ki? Kimlər dəstək oldu qəzetin nəşr olunmasında sizə?
-Ümumiyyətlə, bu günə kimi az-çox hansı işi bacarmışamsa, bir sıra çətinliklərdən keçmişəm. El arasında bir söz var: “hər işimiz daşdan keçir”, – deyirlər. Məndə də eynən belədir. Amma daşdan keçirsə belə, buna yalnız sevinmək lazımdır… Bu işin də asan olmayacağını bilirdim. Ancaq hesab edirəm ki, bütün yaxşı işlər müəyyən çətinliklərdən keçməlidir. Əgər çıxdığın yolda heç bir maneə yoxdursa, o yolun sonunda səni yaxşı nəyinsə gözləmədiyinə əmin ola bilərsən. Ən çox problemi qəzetin çap mərhələsində yaşadıq. İş o yerə çatdı ki, bəzi adamlar dedi ki, sən bu işi bacarmayacaqsan, gəl, bu daşı tök ətəyindən. Uşaqlıqdan prinsipial olmuşam. Bu görə də hər dəfə bu və bu kimi sözləri eşidəndə özümə inamım daha da artırdı. Özümə bir daha söz verirdim ki, nəyin bahasına olursa olsun, bu qəzet nəşr olunacaq, vəssalam!
Bu işdə bizə əsaslı şəkildə kiminsə kömək etdiyini deyə bilməyəcəyəm. Düzü, kimsədən kömək də ummurduq. Sadəcə olaraq, bəzi məsələlər var ki, onlar bizim səlahiyyətimiz xaricindədir. Dörd ildir Beynəlxalq Əhməd Yasəvi universitetinin tələbəsiyəm. Bu dörd ildə heç bir iş üçün üstünə getmədiyim, ağız açmadığım şəxslərin qapısında növbə gözlədim. Haqlı olaraq xahiş elədim ki, hüquqi tərəfdən səlahiyyətimiz çatmadığı üçün həll edə bilmədiyimiz məsələləri universitet öz boynuna götürsün. Biz onların maddi dəstəyini istəmirdik, ümumiyyətlə, qeyri-qanuni heç nə istəmirdik. Sadəcə, qəzetin çapı üçün icazə istəyirdik. Düzdür, dəfələrlə getməyimə, israr etməyimə qarşılıq olaraq müəyyən cəhdlər olundu, ancaq bu cəhdlər də yetərsiz oldu, çünki ortada heç bir istək yox idi. Onlar bizimlə axıra qədər getmədilər, getmək istəmədilər. Amma heç kimə qarşı heç bir kin-küdurətim yoxdur. İş bizim idi, biz də görməli idik. Bu iş həm də bütün çətinlikləri ilə yanaşı bizə böyük təcrübə qazandırmış oldu. Mənə yalnız və yalnız nəticə maraqlıdır. O da göz qabağındadır…
Qəzetin maddi xərclərini əvvəldən tələbə yoldaşım, bu işdə axıra qədər yanımda olan Ziya Əkbərli ilə razılaşmışdıq və bütün xərcləri birgə qarşıladıq. Biz həm də türk dünyasının mütəfəkkiri İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” ideyasını balaca bir heyətin timsalında ortaya qoymuşuq olduq…
-Qəzetlə bağlı planlarınız nədir, hansı dildə, hansı dövrilikdə davam edəcək, hansı oxucu kütləsinə xitab edəcək?
-Biz qəzeti xüsusi nömrə olaraq nəşr etdik. Növbəti sayının olub-olmayacağını hələlik deyə bilmərəm. Bütün material türk və qazax dillərindədir. Mayın 18-də universitetimizdə AXC-nin 100 illiyinə həsr olunmuş konsert proqramı olacaq. Hazırlıqlar davam edir. Tədbir çərçivəsində “28 MAY” qəzeti universitetimizin müəllim və tələbələrinə paylanılacaq. Eyni zamanda, Beynəlxalq Türk Akademiyasına, Qazaxıstanın Nazarbayev, Əl-Fərabi kimi qabaqcıl universitetlərinə hədiyyə ediləcək. Qırğızıstanda türkdilli Manas universitetinə də hədiyyə edəcəyik.
Qeyd edim ki, universitetimizdə türk dünyasının müxtəlif coğrafiyalarından gəlmiş minlərlə tələbə təhsil alır. Məqsədimiz türkdilli xalqların gənc nümayəndələrinə bu şanlı, möhtəşəm tariximizi, o tarixi öz canlarıyla, qanlarıyla yazanları tanıtmaq və bu 100 illiyə kiçik də olsa öz töhfəmiz, qurucu babalarımzın Ruhuna ithafımızdır. Etiraf etmək lazımdır ki, kökümüzün bir olmasına baxmayaraq, biz – türk dünyası gəncləri bir-birimizin tarixini o qədər də yaxşı bilmirik. Biz bir-birimizin tarixini nə qədər dərindən mənimsəyə bilsək, bizi ayırmaq bir o qədər çətin, bəlkə də zaman gələcək, mümkünsuz olacaq…
– Bildiyimə görə, Qazaxıstanda Tələbə təşkilatınız var. Nə təşkilatdır bu, hansı məqsədlə yaranıb, nə işlər görürsünüz?
2016-cı ildə ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov universitetimizə səfər etdi. Bu səfər çərçivəsində azərbaycanlı tələbələrlə ayrıca görüşdü, onları dinlədi. Təşəbbüs də Rəşad müəllimdən gəldi. Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatını yaratdıq (TATT). Düzdür, təşkilatdan öncə də, biz hər il öz resurslarımıza müəyyən tədbirlər təşkil edirdik, elə indi də edirik. Ancaq təşkilatın yaranması bizə əlavə üstünlüklər qazandırdı və daha operativ çalışmağımıza səbəb oldu. Həm də bir növ süni maneələr aradan qalxmış oldu.
-Qəzetin redaksiya heyətinə kimlər daxildir, redaktor kimdir?
-Baş redaktor mənəm, redaktor Ziya Əkbərli. Dizayn işini universitetimizin müəllimi Bekjiqit Sərdalı ilə azərbaycanlı tələbə Nurlan Məmmədli görüb. Tərcümə işlərini də azərbaycanlı tələbələr – mən, Ziya Əkbərli və Qismət Quliyev daxil olmaqla Türkiyədən Ramazan Seyfi Yurdakul və qazaxıstanlı tələbə Məftunə Diymətova həyata keçirib.
– Azərbaycanın istedadlı gənc şairlərindən birisiniz. Orda yaradıcılığınızla bağlı hansı fəaliyyətləriniz var?
-Universitetimizin qəzetində və Qazaxıstan mətbuatında bir neçə dəfə çap edilmişəm. Keçən il Bakıda nəşr edilən Qazax antologiyasının hazırlanmasında yaxından iştirak etmişəm. Bu il ədəbiyyatımızın istedadlı nümayəndələrinin əsərlərini də burada tərcümə edib, yayımlamağı düşünürük. Səfirlik tərəfindən kitabımın nəşr edilməsi təklif olunub. Bu istiqamətdə də addımlar atmağa hazırlaşıram.
Xahiş etsək, oxucularımız üçün bir şeir deyərsiniz?
Daha sözlərimdə ləzzət gəzməyin,
daha sözlərimin tamı da yoxdu.
indi dadlı yemək hər evdə bişmir,
indi dadlı söz də hamıda yoxdu.
nə gəzir gül ətri, çiçək qoxusu,
özün bil, istərsən oxuma daha.
sözdən dəstə tutur baxma çoxusu,
bir ləçək də girmir yuxuma daha.
sözləri nəzərə, gözə tez gəlir,
qəlb döyüntüsünü duyan kəslərin.
sizin ağlınıza təzə söz gəlir,
mənim qulağıma güllə səsləri.
o… “iyirmi faiz” nə boydadırsa,
bu xalqın o boyda davası çatmır!
biz dağa qaçırıq hava almağa,
Şuşada dağların havası çatmır!
əli çənəsində qalan şairə
yurdunun tənəsi, gileyi gəlsin!
torpağı işğalda olan şairin
gərək sözlərindən qan iyi gəlsin!
indi təbim belə xoşuma gəlməz,
indi misralarım belə, zəlildi.
mənim şeirlərim yeriyə bilməz,
hamısı “ikinci qrup əlil”di…
tək adam adamla yaşıd olmurmuş,
eyni yaşdakılar gör nə qədərdi;
ay mən yaşdakılar, bir dövrdənik,
bizimlə yaşıtdı Xocalı dərdi…
daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı.
oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!Xahiş etsək
-Alqışlayırıq və işlərinizdə uğurlar arzulayırıq.
– Təşəkkürlər edirəm!
Söhbətləşdi: Səadət