Sabiq icra başçısından özünə və Xalq Cəbhəsinə qarşı böhtanlara imza atmaq tələb edilib
9 gündür ki, oğurlanmış, yeri hələ də bəlli olmayan, vəkilləri ilə görüşünə də imkan verilməyən Saleh Rüstəmli müəmması çözülür, deyəsən. Məlum olur ki, hakimiyyət faktiki olaraq girov götürdüyü sabiq cəbhəçini ağır işgəncələrə məruz qoymaqla AXCP sədri Əli Kərimliyə qarşı yeni kompramat müharibəsi elan etməyə hazırlaşır. Bu xəbəri isə elə hakimiyyətin daxilində olan vətənpərvər insanlar bizə çatdırıblar.
Daxili İşlər Nazirliyindən sızan xəbərə görə mayın 8-də həbs edilmiş, o zamandan indiyə qədər vəkilləri ilə görüşə bilməyən, yalnız bir dəfə Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə yaxınlarına xəbəri çatdırılmış Saleh Rüstəmovu işgəncə altında yalan ifadələri imzalamağa məcbur ediblər. Saleh Rüstəmov hər ay Xalq Cəbhəsi Partiyasına külli miqdarda pul çatdırdığı ilə bağlı yalan ifadəni imzalamağa məcbur edilib. Söhbətin hansı məbləğdən getdiyi, hələlik, dəqiq deyil. Gözlənilən budur ki, əgər bu xəbər doğrudursa, hakimiyyət yeni həbslər həyata keçirəcək və Xalq Cəbhəsi partiyasına qarşı yeni çirkli təbliğat kampaniyasına start verəcək.
Bizim mənbəmiz bildirir ki, Saleh Rüstəmov ağır işgəncələrdən başqa yaxın qohumları olan qadınların həbs ediləcəyi hədəsi ilə də şantaj edilib.
azadliq.info