Dünən Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan ərazisində döyüş tapşırığını yerinə yetirən əsgər Tatarov Adil Əli oğlu şəhid olub. O, 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. Adil Qıraq Kəsəmən kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dünən dəfn olunmaq üçün öz kəndinə gətirilən şəhidin tabutunu insan seli qarşılayıb.
Qarşılanma mərasimində iştirak edən şəxslərdən biri şəhid ailəsinin durumu ilə bağlı redaksiyamıza məlumat göndərib. Məlum olub ki, həddindən artıq yoxsul durumda yaşayan ailə qaz borcunu ödəyə bilmədiyi üçün 1 ildir qazsız qalıb. Dünən Adilin şəhid olduğunu eşidən icra nümayəndəliyindən gəlib təcili qaz xəttini qoşublar. Ailənin başçısı Əli kişi dolanışıq üçün balıq ovu ilə məşğul olub. Amma “ədalət keşikçiləri” bunu da ona çox görüblər. Onu “qanunsuz balıq ovu” ittihamı ilə tutublar, işi məhkəmədədir. Hazırda ailədə heç kəs işləmir. Ailənin qız övladlarından biri xəstədir və ailə uzun müddət ona xəstəlik təqaüdü alıb. Lakin iki il əvvəl o təqaüd də dayandırılıb, Növbəti komissiya yoxlaması zamanı xəstəliyin təsdiq olunması üçün ailədən pul-rüşvət istəyiblər. O pul tapılmadığı üçün təqaüdü kəsiblər.
4 bacının yeganə qardaşı olan Adil bir ildən artıq hərbi xidmətdə olmasına baxmayaraq, indiyə kimi ailədən onun yanına gedən olmayıb. Ailə imkansızlığa görə övladının andiçmə mərasiminə belə gedə bilməyib. Adil isə hərbi xidmətdə nümunəvi snayperçi olub, xidmət dövründə neçə fəxri fərman alıb. Bu hökumətin ölkə vətəndaşına, öz torpağını qoruyan əsgərinin ailəsinə verdiyi dəyər bu qədərdir. Neçə ki, bu sistem davam edəcək, o münasibətin dəyişəcəyinə heç bir ümid də yox…