Mətbuat konfransında vergi məmurunun villalarının fotoşəkli yayıldı
Laçın rayonundan məcburi köçkün olan iş adamı Novruz Gülməmmədov Gömrük Komitəsinin və Vergilər Nazirliyininin yüksək ranqlı məmurları tərəfindən təqiblərə məruz qaldığını bildirir. Məsələ ilə bağlı sahibkar mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirib.
Novruz Gülməmmədov 2015-ci ildən turizmin inkişafına töhfə vermək məqsədi ilə Ağsu-İsmayıllı ərazisində “Şöhlətoğlu” ailəvi istirahət mərkəzini yaratdığını bildirib. Keçən il Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədov Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun adından istifadə edərək həmin obyektə sahib çıxmaq istəyib. Bunu mətbuat vasitəsi ilə ictimailəşdirdikdən sonra iş adamına qarşı təzyiqlərin növbəti dalğası başlanıb. Bu dəfə Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər idarəsinin rəisi Cavid Kəngərli sahibkara ödədiyi vergidən əlavə rüşvət kimi verilən 1000 manatı 3000-ə qaldırmağı tələb edib. Bununla razılaşmayan Novruz Gülməmmədov aidiyyatı qurumlara şikayətlər edib. Vergilər nazirliyində isə vergi məmuruna verilən rüşvətin videogorüntülərini tələb edib, onun araşdırılmasının mümükünsüzlüyünü deyiblər.
Bundan sonra sahibkarın özünün iştirakı olmadan ailəvi istirahət mərkəzində yoxlama aparılıb, obyekt tikilən zaman fəhlələrin vergiyə cəlb olunmamasına görə 6400 manat cərimə yazılıb. İç adamı bu məsələni məhkəmə müstəvisində davam etdirəcəyini də bildirib.
Mətbuat konfransında Novruz Gülməmmədov 10 saylı ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərliyə məxsus olduğu iddia olunan iki villanın fotaşəklini nümayiş etdirərək Vergilər Naziri Mikayıl Cabbarova həmin villaların tikintisindən vergi ödənilib-ödənilməməsi barədə sual edib.
Mətbuat konfransından hazırlanmış video-reportajı təqdim edirik.
azadliq.info