Azərbaycanda həbs edilmiş Rusiya vətəndaşı Saleh Rüstəmovun ailə üzvləri ona hüquqi yardım göstərilməsi üçün Rusiya XİN-ə və bu ölkənin Bakıdakı səfirliyinə müraciət ediblər. Bu barədə Turan-a onun qardaşı Taleh Rüstəmov bildirib.
S.Rüstəmov mayın 8-də böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. O, ziyarətə gəldiyi Azərbaycandan çıxarkən Şəmkir rayonunda saxlanılıb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib.
Hər iki şəxs indiyədək Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılır.
Bu müddət ərzində S.Rüstəmovun yanına cəmi bir dəfə vəkil buraxılıb, o, vəkilə işgəncələrə və qeryi-insani rəftara məruz qaldığını bildirib.
Qardaşının sözlərinə görə, bu gün Rüstəmovun DİN-in MCMBİ-də saxlanılması müddəti başa çatır və o, Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməlidir. Amma vəkil məhbusun yanına buraxılmır.
Doğmaları həbs olunan şəxslərin taleyindən narahatdırlar. Ombudsman Aparatına müraciətlərinə cavabda işgəncələrlə bağlı şikayətin araşdırılması üçün prokurorluğa göndərildiyini bildiriblər.
Rusiya səfirliyinin mətbuat xidmətindən Turan-ın müxbirinə S.Rüstəmovun işi üzrə müraciət olduğunu təsdiq ediblər. Səfirlik Rüstəmovun ailə üzvləri ilə əlaqə saxlayır. Bundan başqa, səfirlik əməkdaşları məsələni araşdırmaq üçün hüquq-mühafizə orqanları ilə daim əlaqə saxlayırlar.
Saleh Rüstəmov 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətində Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı olub.