Niyə regionlar 40 milyarda çiçəklənmədi?
“Nazirlər Kabinetinin bugünkü iclasında biz 2017-ci ilin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir”. Bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında (10 yanvar 2018) Prezident İlham Əliyev deyib.
“Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir. İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq”. Bu sözləri də İlham Əliyev 2017-ci ilin 10 yanvarında 2016-cı ilin yekunları ilə bağlı keçirilən ənənəvi müşavirədə deyib.
Eyni sözlər 2016-ci ilin yanvarında da deyilib: “Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir”.
2015-ci ilin yanvarında da 2014-ün uğurlarından danışılmışdı. Uğurlu inkişaf, qarşıya qoyulan bütün vəzifələrin icra edildiyi bildirilmişdi. Həmin müşavirədə ən yaddaqalan sözlərsə manat haqqında deyilənlərdir: “Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar, uduzmazlar”. İlham Əliyevin bu çağırışına nə qədər xarici vətəndaşın qoşulduğu barədə hər hansı bilgimiz yoxdur, ancaq xaricilərin də, elə ölkə vətəndaşlarının da əbədi yaddaşına yazılan bu sözlərin deyilməsindən keçən 42-ci gündə yaşadıqları şokdur. Manatın sabit valyuta olması ilə Prezidentin öyünməsindən düz 42 gün sonra – fevralın 21-də manat ciddi devalvasiyaya uğradı. Xarici vətəndaşları deyə bilmərik, ancaq Azərbaycan vətəndaşları bu “sabit valyuta”nın dəyər itirməsindən uduzdular, həm də çox. Çünki uzun illər dollara dirəniş göstərib onu 78 qəpiklə yola verən manat həmin gün dollar qarşısında 1.05 qəpik oldu. Bununla əhaliyə çox ciddi ziyan dəydi. Banklarla vətəndaşlar arasında sayı-hesabı bilinməyən məhkəmə çəkişmələri başladı. Ancaq bu çəkişmələr, əhalinin kredit bataqlığında il uzunu boğulması hakimiyyətin “iqtisadi uğur”larına mane ola bilmədi. 2015-ci ilin 21 dekabrında manat il ərzində ikinci dəfə dəyər itirdi. Buna baxmayaraq, ilin yekunları ilə bağlı müşavirədə yenə də iqtisadi inkişaf, uğurlar, qarşıya qoyulan bütün vəzifələrin icra edildiyi bildirildi.
Bəlkə də, kimlərsə yaddaşsızlıqdan əziyyət çəkir, İlham Əliyevin qocalardan ibarət komandası kimi, ancaq xalq 2015-cı ili həmişə ağır böhran ili kimi xatırlayacaq.
Ümumiyyətlə, 4-cü dəfə prezident olmağa hazırlaşan İlham Əliyevin hakimiyyət illəri, əslində, həmişə geriləmə, xalqın durumunun daha da pisləşməsi ilə yadda qalıb. İlham Əliyev 2003-cü ildə hakimiyyətə gətiriləndə ölkədə Aİ-92 benzinin qiyməti 36 qəpik idi. Aparılan “uğurlu iqtisadi siyasət” nəticəsində 2007-ci ilin yanvarın 6-da Tarif Şurası benzinin qiymətini qaldırdı.
İşıq pulu 2 qəpikdən 6 qəpiyə, Aİ-95 markalı benzinin 1 litri 40 qəpikdən 60 qəpiyə, Aİ-92 markalı benzin 36 qəpikdən 55 qəpiyə, Aİ-80 markalı benzin 34 qəpikdən 55 qəpiyə, dizel yanacağı, məişət soba yanacağı və ağ neftin litri 36 qəpikdən 45 qəpiyə qaldırılıb. Çox qəribə situasiyadır, dünyada neftin qiyməti qalxıb kəlləçarxa çıxanda da Azərbaycanda yanacağın qiyməti bahalaşırdı, neft dünyada qiymətdən düşəndə də. Analoqsuzluq ,bəlkə, elə budur…
Yanacağın qiymətinin artırılması bütün qiymətləri də qaldırdı. Qarşıdan 2-ci dönəm prezidentlik gəlirdi. Ancaq bu qiymət artımları İlham Əliyevin 2008-ci ildə də prezident seçilməsinə mane ola bilmədi.
Enerji daşıyıcılarında növbəti artım İlham Əliyevin 3-cü dönəm prezident seçilməsindən sonra baş verdi. 2013-cü il dekabrın 2-də Tarif Şurası yenidən gecə oğurluğuna, qiymət artımına getdi.
Aİ-80 və Aİ-92 markalı benzin – 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin – 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı – 45 qəpikdən 60 qəpiyə qaldırıldı.
2015-ci ildə manatın iki dəfə devalvasiyası isə ərzağın qiymətinə kəskin təsirini göstərdi. Büdcəsi yalnız neft pulları hesabına formalaşan, kənd təsərrüfatı dağıdılmış durumda olan, ölkəyə axan valyutanı yeni müəssisələrin yaradılmasına, yeni iş yerləri açılmasına xərcləmək əvəzinə korrupsiya yoluyla mənimsənən Azərbaycanda ərzaq, demək olar, bütünlüklə xaricdən alınır. Məsələn, uzun illər 6 manata satılan Yeni Zelandiya yağı 2015-ci ildən üzü bəri 17 manata qədər qalxıb.
2016-cı ilin 28 noyabrında Tarif Şurası elektrik enerjisinin və əhaliyə verilən qazın da satış qiyməti artırdı.
4 ildən sonra İlham Əliyev yenidən yanacağın qiymətinin artımına getdi. Baxmayaraq ki, dünyada neftin qiyməti düşmüşdü. 2017-ci il iyulun 14-də axşam Tarif Şurası yenə qiymət artımına gedib Aİ-92 benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırdı.
Neft Fondundan 100 milyard dollar xərclənib
İqtisadçı ekspert Rövşən Ağayev bu günlərdə maraqlı bir açıqlama yayıb: “Neft Fondu yaranandan indiyədək (2000-2017-ci illər) Azərbaycan hökuməti Fond vasitəsilə neft-qaz sazişlərindən 135 mlrd. dollara yaxın vəsait əldə edib (ehtiyatların idarə edilməsindən əldə olunan təxminən 4 mlrd. dollar vəsait nəzərə alınmadan). Bu vəsaitlərin 99%-i 2004-cü ildən sonrakı dövrdə (2005-ci ildən başlayaraq) – BTC kəməri ilə böyük neft ixracının başlanmasından sonrakı dövrə təsadüf edir(yəni gəlirlərin, demək olar, hamısı İlham Əliyevin hakimiyyəti illərinə düşüb – red.).
Eyni zamanda 2005-2017-ci illərdə xarici neft şirkətləri neft-qaz layihələri çərçivəsində Azərbaycandan investisiyaların geri qaytarılması formasında 49 mlrd. dollar, mənfəət formasında 43 mlrd. dollar vəsait çıxarıb.
SOCAR-a çatan payı da nəzərə alsaq, neft-qaz layihələrindən 2005-2017-ci illərdə əldə olunmuş 180 mlrd. dollardan bir qədər çox mənfəətin təxminən 23%-i xarici tərəfdaşlara çatıb, 77%-i Azərbaycanda qalıb.
Neft Fonduna daxil olan bütün vəsaitin 100 mlrd. dolları (təxminən 73%-i) xərclənib, 27%-i ehtiyat aktivlər kimi saxlanıb”.
Regionların “inkişafına” 40 milyard manat xərclənib
Neft milyardlarının sel kimi axdığı bu illərdə təhsil haqları da artırılıb. İlham Əliyevin hakimiyyəti illərində regionların inkişafı adıyla 40 milyard manata yaxın büdcə vəsaiti xərclənib. Ancaq həmin regionlarda bu gün yenə də əhali işsizlikdən, təhsilsizlikdən, məktəbsizlikdən əziyyət çəkir. Milyardların silindiyi regionlarda bu gün də uçuq, damı dağılmış, sinif otaqları heyvan saxlamağa yaramayan belə məktəblər var. Növbədənkənar seçki elan olunan gündən bəri İlham Əliyev bir ucdan sərəncam verir; regionlarda modul tipli məktəblərin tikintisi ilə bağlı. Bu il 137 belə məktəbin quraşdırılması nəzərdə tutulub. Ötən regionlarda 73 belə məktəb quraşdırılıb. Rusiyada yüksək standartlara cavab verən məktəblər tikən YAP hakimiyyəti elə məktəbləri regionlarımıza yaraşdırmır, xərclədikləri milyardların sahibi olan xalqın balalarına əldəqayırma məktəblər quraşdırır…
Dünyanın bir çox yerində məktəb, uşaq bağçası tikən, parklar salan, kilsə təmir etdirən hakimiyyət Azərbaycanda bir tələbə yataqxanası belə tikməyib. Bu gün tələbələrin ən böyük problemlərindən biri də yaşamaq üçün yer problemidir. Təhsilsizliyin problemlərindən biri də dolanışıq çətinliyidir. Valideynlər həm kirayə, həm paltar, həm yemək xərcini qarşılamaqda çətinlik çəkir, üstəlik, təhsil haqqı da artırılıb. Bir yandan da repetitor xərci. Təhsil haqqını ödəyə bilməyən valideynlərin, pulsuzluqdan təhsildən kənarda qalan gənclərin intihar halları artıb.
Hakimiyyətin 20-100 manatlıq imtahanı
Daha bir problem sınaq imtahanlarıyla bağlıdır. Sınaq imtahanlarında iştirak haqqı uzun illər 2-3 manat arasında olub. Analoqsuz inkişaf sayəsində indi sınaq imtahanında iştirak haqqı 20 manatdır.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi elektron sınaq imtahanında iştirak haqqı isə 10 manatdır.
Rezidentura imtahanının I mərhələsi üçün imtahanda iştirak haqqı 60 AZN, II mərhələdə iştirak haqqı üçün isə 100 AZN-dir. Digər imtahanlarında iştirak haqqı isə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 manatdır. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manatdır.
Bu artımlar sınaq imtahanlarında iştirakçıların sayına təsir edib. Ötən il ilk sınaq imtahanında iştirakçı sayında min nəfər azalma olub”.
Bu il DİM aprelin 1-də keçirdiyi sınaq imtahanında abituriyentlər üçün 30 min yer ayırmışdı. İmtahanda iştirakçı sayı təxminən 25 min nəfər olub ki, bu da 5 min nəfər azalma deməkdir.
Avtomobil zavodları layihəsi
Bir “samokat” istehsal etməyən hakimiyyətin avtomobil sənayesinə girişməyi isə bu sahəyə parodiyadır. Vaxtilə tanınmış avtomobil itehsalçısı şirkətlərini ölkəyə buraxmayan hakimiyyət dünyada avtomobil sahəsində heç bir populyarlığı olmayan Rusiya, İran, Belarus, Çin kimi iş birliyinə gedib. Gəncə Avtomobil Zavodu, Şamaxı Avtomobil Zavodu, Naxçıvan Avtomobil Zavodu… Hər biri “sezonnu” zavodlar olub. Yaradılıb, guya nəsə istehsal edib, əslində, hazır məhsul bir qapıdan girib o biri qapıdan çıxıb, sonra da qapanıb. 2005-ci ildən fəaliyyətə başlayan Şamaxı Avtomobil Zavodu 2010-cu ildə dayanıb. Bu illər ərzində İrandan gətirilən 1500 maşın bu zavodun qapısından keçib…
Gəncə Avtomobil Zavodunun əsası sovetlərin vaxtında qoyulsa da, yalnız 2004-cü ildə işə başlaya bilib. Burada əsasən Belarusdan gələn traktorlar “yığılır”.
Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. Zavod Çinlə birgə avtomobil istehsalına yalnız 2010-cu ildə başlayıb. Əsasən əlillər üçün avtomobil istehsal edib. Bu maşınlar da dəyərindən baha qiymətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satılıb. Başqa model avtomobil istehsal etsə də, alıcısı yoxdur. Düzdür, Prezidentin ciddi şəkildə tələb etməsinə baxmayaraq, məmurlar bu zavodun istehsalı olan maşınları, demək olar, almayıb. Bəzi nazirliklər Prezidentin çağırışından sonra görüntü üçün “NAZ-lifan” alsalar da, bu, kütləvi olmadı. Zavod 2017-ci ildə fəaliyyətini dayandırıb.
İndi növbəti avtomobil zavodunun reklamına start verilib. Bu dəfə hakimiyyət əvvəlki siyasətinə qayıdıb – İranla birgə avtomobil istehsalına. Neftçala Avtomobil Zavodu bu il fəaliyyətə başlayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bu şəkildə zavod tikməyin, maşın istehsal etməyin səmərəsiz olduğunu deyir: “Sifariş olmalıdır ki, istehsal da həyata keçirilsin. Fikrimcə, İqtisadiyyat Nazirliyi bu zavoda diqqət göstərməlidir. Hər halda zavod adi zavod deyil. Vəsait sərf olunub, tikilib, ərsəyə gəlib. Belə müəssisələrdə kooperasiya çox böyük rol oynayır. Zavod keçən müddət ərzində yavaş-yavaş avtomobil hissələrinin istehsalına başlamalı idi. Yəni avtomobil hissələrini xaricdən gətirib burada yığmaq problem deyil ki… Sovet dövründə kooperasiya sistemi belə qurulmuşdu ki, bir zavod bir hissəni, digəri başqa hissəni istehsal edirdi. Naxçıvan Avtomobil Zavodu da belə etməli idi. Xaricdən asılılığı azaltmaq üçün istehsala başlamalı idi. Yoxsa bütün hissələr xaricdən gətirilib burda yığılırsa və satılırsa, əvvəla, onun maya dəyəri ancaq başa gəlir, gəlirliliyi aşağı olur. Görünür, zavodda bu işlər görülməyib. Çünki bu 1 il ərzində heç olmasa avtomobilin 10 faizini istehsal etməli idilər. Yoxsa gətir, yığ, sat, bu istehsal deyil. Bu inkişaf deyil”.
Ancaq deputatdan fərqli olaraq İlham Əliyev bütün bunları ölkənin analoqsuz inkişafı, regionların çiçəklənməsi kimi hər çıxışında, hər görüşündə dilə gətirib.
Əslində, bütün bunlar analoqsuzluğu axtaranlara cavabdır; “analoqsuz inkişaf”, “analoqsuz iqtisadi model” elə budur…
Rövşən Hacıbəyli