Nardaran məhbusu Cahad Babakişizadənin yaxınları onun taleyindən narahatdır. Çünki o, xeyli vaxtdır saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində cərimə otağına (kars) salınıb. Yaxınları ondan heç bir xəbər tuta bilmirlər. Ancaq həmin müəssisədə saxlanılan başqa məhbuslar vasitəsilə Cahadın durumunun kritik olması barədə xəbər alıblar.
22 yaşlı Cahadın yaxınları iyulun 20-də Penitensiar Xidmətə gedərək, qurumun əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovla görüşə biliblər. Onlar bu görüşdən razılıqla ayrılıblar. Çünki M.Seyidov onlara deyib ki, müəssisə ilə əlaqə saxlanılacaq və gün ərzində Cahad özü evə zəng edəcək. Həmçinin 12 saylı cəzaçəkmə müəssisəsindən Anar Məmmədov adlı əməkdaşın telefon nömrəsini də verib ki, hər hansı problemlə əlaqədar bu şəxslə əlaqə saxlasınlar.
“Axşama qədər gözlədik, Cahaddan xəbər çıxmadı. Biz də çox narahatıq, onun öldü-qaldısından xəbərimiz yoxdur. Bilmirik ki,hansı vəziyyətdədir. Ona görə məcbur qalıb, Anar Məmmədova zəng elədik. Telefona cavab verəndə dedik ki, “Mirsaleh müəllimin dediyi adamıq…” Bunu deyən kimi söndürdü və bir daha cavab vermədi”, – C.Babakişizadənin yaxınları bildirib.
Məlum deyil ki, C.Babakişizadənin yaxınlarına qarşı bu cür davranış müəssisənin əməkdaşı Anar Məmmədovun özfəaliyyətidir, yoxsa Penitensiar Xidmətdə nigarançılıq içində olan valideynləri sadəcə, yola vermək üçün bu cür davranıblar. Əgər birinci variantdırsa, belə çıxır ki, müəssisənin əməkdaşları nəinki məhkumların hüquqlarına, valideynlərin narahıqlığına, heç rəhbərliyin, konkret halda, Mirsaleh Seyidovun sözünə də əhəmiyyət vermir.
İş günü olmadığından Penitensiar Xidmətdən məsələ ilə bağlırəsmi mövqe almaq mümkün olmayıb.
C.Babakişizadə 2015-ci il noyabrın 26-da Nardaranda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və digər şəxslərlə birlikdə həbs olunub. Ona 14 il 6 ay həbs cəzası verilib.
C.Babakişizadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının insanlar namaz qıldığı vaxt evə hücum etdiyini və adamları atəş tutub, bir neçəsini öldürdüklərini, qalanlarını da həbs etdiklərini bildirib.
Azadliq.info