Oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə proses bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aydın Mövlayevin xanımı Gülnarə Mövlayeva şahid qismində ifadə verib.
O, evlərindən 50 min manata yaxın oğurluq edildiyini deyib.
G.Mövlayeva aparılan qızıllarının indiki bazar qiyməti ilə dəyərinin hesablanmasını və dəymiş zərərin qaytarılmasını istədiklərini söyləyib.
O, hadisədən bir neçə dəqiqə əvvəl evinin qarşısında şübhəli şəxsləri gördüyünü, onların evlərinə baxdığını deyib.
Zərərçəkmiş A.Mövlayev isə vurğulayıb ki, təqsirləndirilən E.Şirinovun mənzillərindən oğurladığı qızıllar onun anası Səbinə Şirinovanın evindən çıxıb.
Təqsirləndirilən E.Şirinov buna etiraz edib və qızılları anasına vermədiyini deyib.
Hakim E.Şirinovun məhkəmə zalında olan anasının dindirilməsi barədə qərar çıxarıb.
S.Şirinova suallara cavab verərkən oğlunun oğurluq etməsindən sonradan xəbər tutduğunu və qızılları görmədiyini bildirib.
Zərərçəkmiş A.Mövlayev qeyd edib ki, digər həbs edilən Vurğunun anası S.Şirinovaya 1500 manat pul verib.
A.Mövlayev söyləyib ki, həmin pulun hara xərclənməsi və nə məqsədlə S.Şirinovaya verilməsi ona maraqlıdır.
S.Şirinova bildirib ki, Vurğunun atası ona kömək məqsədilə pul verib və həmin məbləği oğlunun ehtiyaclarına xərcləyib.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Məhkəmə iclası sentyabrın 20-də davam etdiriləcək.
İttiham aktına əsasən, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsininrayon ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb.
Daha sonra həbs edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmədı elan olunmuş ittiham üzrə V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs – V.Həsənovla Y.İsmayılov isə özlərini təqsirli bildiklərini deyib.
Xatırladaq ki(“Report”), A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə “Aqrolizinq” ASC-yə sədr təyin edilib.