“Heç bir möcüzə baş vermədi! Bu gün sırf mənim bacanağım olduğu üçün inzibati terrorçuların girov götürdüyü Emin Saqiyevə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxundu. Emin Saqiyev heç bir günahı olmadığı halda 7 il müddətinə azadlıqdan məhrum edildi”.
Bunu FB statusunda “Turan TV”-nin əməkdaşı, saxta ittihamlarla 7 il iş alan Emin Saqiyevin bacanağı Türkel Azərtürk yazıb. O, daha sonra yazır: “Bəli, bu, rəsmən dövlət terrorudur. Emin isə faktiki olaraq, adını hökumət qoyan bir qrup terrorçunun girovluğundadır! Seymur Həzidən, Murad Ədilovdan, Elçin İsmayıllıdan, Ziya Əsədlidən, Rövşən və Rüfət Zahidovlardan sonra Emin Saqiyevin bu gün həbsə atılması həm də hökumətin “Turan TV”nin varlığı qarşısındakı acizliyinin etirafı oldu. Elə təkcə bu günahsız insanların yaşadığı məhrumiyyətlər, onların ailələrinə yaşadılan acılar bizim boynumuza daha ardıcıl, daha prinsipial qaydada mübarizə aparmaq haqqı qoyur. Biz də bundan sonrakı fəaliyyətimizdə daha ardıcıl olub, rejimin sonun gəlməsi, xalqımızın xilas olması, günahsız adamların azadlığı üçün əlimizdən gələni edəcəyik!”
Bir neçə gün qabaq Emin Saqiyev vəkilləri vasitəsi ilə hökumətə müraciət ünvanlamışdı. Həmin müraciətində o, Türkel Azərtürklə heç bir siyasi bağlılığının olmadığını yazmışdı:
“Mən heç vaxt Türkellə eyni mövqeni bölüşməmişəm, heç bir halda onunla hökumət əleyhinə fəaliyyətdə iştirak etməmişəm. Əgər məni təkcə onun bacanağı olduğum üçün bu qədər ağır şəkildə cəzalandırırlarsa, onda gərək mən onunla ümumiyyətlə uzaq da olsa qohumluq əlaqələrimin olmaması üçün bu gün həyat yoldaşımdan da ayrılım. Əgər hər şey sizin üçün rəsmiyyətdirsə, onda mən bu rəsmiyyətə günü bu gündən son verirəm. Amma mənim iki azyaşlı uşağım var, onlardan heç bir halda imtina edə bilmərəm və onlar bu gün haqq etmədikləri halda atasız, min bir əziyyətlə böyüməyə məhkum edilirlər. Bu, nə qədər vicdanlı davranışdır? Mən artıq dərəcədə xahiş edirəm, məni etmədiyim bir cinayətə görə 8 il azadlıqdan məhrum edib, həm mənim, həm də mənim iki körpəmin həyatını məhv etməyin. Mənim bu gün bəraət tələb etməyimin iki səbəbi var. Birincisi, mən etmədiyim bir cinayətə görə, haqsız yerə ittiham edilirəm və ona görə də düşünürəm ki, azadlıq mənim ən təbii haqqımdır. İkincisi, mən azadlığa çıxıb, lap kənardan da olsa, bir ata kimi uşaqlarıma yardım etmək, ata kimi onların borcundan çıxmaq istəyirəm. Baxın, “Bandotdel”də mənə açıqca deyirdilər ki, “Sən bizi aldadırsan. Sənin necə Türkellə əlaqən yoxdur ki, sən noyabr ayının birində Türkeli ata olmağı münasibəti ilə təbrik etmisən”. Bu nə deməkdir axı? Adam nəinki qohumunu, hətta ən əclaf qonşusunu da övladı olanda təbrik edir. Bu, məgər cinayət tərkibi yaradırmı? Ya da bu mənim Türkellə yaxın münasibətimin olmasına dəlalət edirmi? Bu haqsızlığı nə Allah götürər, nə də bəndə. Məncə həm bu həbsi sifariş edənlər, həm də bu sifarişi yerinə yetirməli olan adamlar hökmə qədər bir daha düşünsünlər. Günahsız insanların, onların ailələrinin 3-cü dərəcəli qohumlara görə həyatının məhv edilməsi ədalət sayıla bilərmi?”
Emin Saqiyev 2017-ci ilin noyabrında həbs edilmişdi. Haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bu ilin martında onun həbs müddəti daha 2 ay uzadılmışdı.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsilə (narkotik vasitələrin külli miqdarda satışı) ittiham irəli sürülmüşdü.
azadliq.info