Naxçıvan bu il İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Bunun üçün hansısa şərtlərin olduğunu bilmirik. Ancaq belə bir addım atılıbsa və qərar verilibsə, deməli, burada dinə də, dindara da hörmət mədəniyyəti var.
Son günlər Muxtar Respublikadan aldığımız xəbərlərsə bütün bunların əksini deyir. Redaksiyamız göndərilən məktubda bildirilir ki, bugünlərdə Zamir və Mahir Qasımov qardaşlarını və Elşad İbrahimovu kirayədə qaldıqları evdən Naxçıvan şəhər polis idarəsinə aparıblar. Polisə aparılmağın səbəbisə Zamirlə Elşadın dindar olmasıdır. “Zahid adlı sahə müvəkkili Elşaddan saqqalını qırxmaq tələb edib və bildirib ki, əks halda polisdə zorla qırxacaqlar.
Elşad uzun illər Türkiyədə yaşayıb, İstanbulda fəhləlik edib. Artıq yaşlandığından vətənə dönüb. Vətəndə də polisin təzyiqilə üzləşib. Tez-tez polisə çağırılır, nədən qolubağlı namaz qıldığı soruşulur və tələb edilir ki, bu cür namaz qılmasın. Ondan Naxçıvanı tərk etməsi də tələb olunsa da bundan imtina edib. Bundan başqa, Rafiq Əliyev və Cəmşid Behbudov adlı şəxsləri də hər gün polisə çağırır, Zamirlə nə vaxtsa tanışlıqları olduğu üçün sorğu-sual edirlər.
Dünənsə daha 10 dindar polisə aparılıb. Onlara deyiblər ki, niyə bir-birinizə dini təbrik mesajları yazırsız” məktub müəllifi yazır. Müəllifinin sözlərinə görə, onları hər gün səhər şöbəyə aparır, “nazir sizinlə görüşəcək” deyib axşama kimi idarədə saxlayırlar. “Artıq neçə gündür bu proses davam edir. Ailələr stress içindədir. Dindarlara bu hücumun nə səbəbdən olduğunu, nə vaxta qədər davam edəcəyini kimsə bilmir. Belə İslam Mədəniyyəti Paytaxtı olar? Əslində, Naxçıvanda 15 ildir islamafobiya davam edir, məscidə gedənlər təqib olunur, əzan vermək qadağandır. İslam Mədəniyyətinin Paytaxtı elan olunandan sonra buütün bunlara son qoyulacağını düşünsək də, əksini görürük. Bir ölkədə iki siyasət yürütmək nə deməkdir? Bir tərəfdən din adamlarına maaş, maşın ver, bir tərəfdən də iman adamların təqib elə, normal yaşamasına imkan vermə, vətənində, evində səksəkə içində yaşat. Kimsə bunun cavabını verəcəkmi” ” deyə məktub müəllifi sual edir.
azadliq.info
Redaksiyadan: Rəsmi qurumların bu məsələylə bağlı mövqeyini dərc etməyə hazırıq.