Bakı Apellyasiya Məhkəməsi Azərbaycana qayıtdıqdan sonra saxlanan mühacir müsavatçı Azad Həsənovun həbs edilməsi barədə məhkəmə qərarını qanuni sayıb.
Məhkəmə bu qərarı bu gün, oktyabrın 19-da qəbul edib.
Proses barəsində müsavatçının vəkili Osman Kazımov məlumat verib.
Onun sözlərinə görə, məhkəmədə Azad Həsənov da iştirak və çıxış edib.
Vəkil deyib ki, Həsənov tutulması, polisə aparılmasının detalları haqqında danışıb.
Osman Kazımovun vurğulamasına görə, Həsənov deyib ki, oktyabrın 11-də Hovsan qəsəbəsində onu mülkü geyimli şəxslər tutaraq Bakı şəhər Baş Polis İdarəsinə aparıblar.
Vəlik deyib: “Dediyinə görə, onu polisdə təhdid edib cibinə narkotik qoyublar, bildiriblər ki, ifadəni biz istədiyimiz kimi yazmasan, sənə işgəncə veriləcək. Azad Həsənov deyir ki, gördüm başqa yol yoxdu mən də bildirdim ki, nə deyirsiz yazim. Oktyabrın 12-də isə onu Xətai polisinə, ordan da məhkəməyə aparıblar. Onun barəsində məhkəmədə 4 ay həbs qətimkan tədbiri seçilib”.
Osman Kazımov daha sonra bunları bildirib:
“Orada dövlət tərəfdən dəvət edilmiş müdafiəçi iştirak edib. Ancaq vəkil müdafiə etdiyi şəxslə bağlı qərardan şikayət verməyib. Vətəndaş şikayət edir, ancaq vəkil şikayət etmir”.
Osman Kazımov vurğulamasına görə, məhkəmədə öz çıxışında Həsənov barəsində həbs tədbirinin qanunsuz olduğunu bildirib. Vəkil deyib ki, Azad Həsənovun qaçıb gizlənməsinə, istintaqdan yayınmasına əsaslar yoxdur.
Ancaq məhkəmə bu arqumentləri qəbul etməyib, Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.
Osman Kazımov Azad Həsənovun müdafiəsindən ötrü hüquqi addımların davam etdiriləcəyini söyləyib.
Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa aidiyyatı üzrə qurumlardan münasibət almaq mümkün olmayıb.
Azad Həsənov, vəkilinə deməsinə görə, oktyabrın 11-i səhər ağır xəstə olan atasına baş çəkmək məqsədilə Vilnüsdən Bakıya gəlib və günortaya qədər atasıyla bir yerdə olub. Axşamüstü mülki geyimli şəxslər onu həbs ediblər. Oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanan Azad Həsənovla bağlı Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi qaldırıldığı bildirilir.
Bu ittiham məhkəmədə sübut olunduğu halda Azad Həsənovu əmlakı müsadirə edilməklə, 5 ildən 12 ilədək həbs cəzası gözləyir.