Jurnalist Əfqan Muxtarlı karserə salınıb, daha sonra o, küçədə yağışın altında saxlanılıb. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.
Belə ki, oktyabrın 7-də jurnalist “icazəsiz” cəzaçəkmə müəssisəsinin səhiyyə hissəsinə getdiyinə görə karserə salınıb. Amma əslində, o, nizam-intizamı pozmayıb və cəzanın əsl səbəbi AXCP fəalı Məmməd İbrahimə qarşı təxribata etirazı olub.
Elə həmin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İbrahimin yastığının altına bıçaq qoyublar, daha sonra azadlıqdan məhrumetmə cəzasının başa çatmasına iki gün qalmış yeni cinayət işi üzrə həbs ediblər. Bu təxribata qəzəblənən jurnalist hisslərini gizlətməyib.
Jurnalisti bir neçə saat karserdə saxladıqdan sonra onu buraxıblar və cəzaçəkmə müəssisəsinin həyətində leysan yağışı altında saxlayıblar, bu səbəbdən ona güclü soyuq dəyib.
Eyni zamanda, onu bir neçə günlük müvəqqəti olaraq yaxınlarına zəng etmək hüququndan məhrum ediblər.
Turan-ın baş verənləri şərh etmək xahişinə cavab olaraq, Penitensiar Xidmətin mətbuat xidmətindən bildiriblər ki, Muxtarlının karserə salınması və yağış altında saxlanması haqqında məlumatlar həqiqətə uyğun deyil.
* Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2018-ci il mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və sərhədçiyə qarşı güc tətbiq etmə ittihamı ilə həbs ediblər və 6 il müddətinə azadlıqdan məhrum ediblər.
Beynəlxalq təşkilatçılar, o cümlədən Avropa Parlamenti jurnalistin həbsini pisləyib. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.