Maraqlı hadisələr cərəyan edir. Son 1-2 həftə ərzində Azərbaycan hakimiyyəti öz agentura şəbəkəsi vasitəsi ilə BP-yə qarşı şantaj və hədələmə kampaniyasına başlayıb. Son günlər hakimiyyətin Aslan Aslanov deyilən gənc mədətçisi (ağlınıza ayrı şey gəlməsin. Keçmişdə köməyə gələnlərə mədətçi deyirdilər) peyda olub ki, BP-ni quru yuyub yaş sərir və müxalifəti BP-yə qarşı loyal münasibətdə ittiham edir. Özü də nə vaxt? Əliyevlərin BP ilə imzaladığı müqavilədən 24 il sonra, həmin müqavilə əsasında 3,3 milyard barel neft həzmürabedən keçirildikdən, korrupsiyaya yem olduqdan sonra, fəaliyyətdə olan müqavilənin vaxtının bitməsinə 5 il qalmış İlham Əliyevin beynəlxalq dəstək almaq üçün Əsrin kontraktın 2050-ci ilə qədər uzatmasından və bu yeni müqavilədə BP-yə 30,37 faiz pay verdikdən sonra.
Ancaq BP-də borclu qalmadı. 2018-ci ilin 11 aprel seçkilərində ATƏT DTİHB seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etməməsi haqqında rəyindən iki həftə sonra, aprel ayının 26-da İlham Əliyevi götürüb apardı Londona və orada SOCAR-la Xəzərdəki D230 bloku haqqındakı müqavilə törəninə Baş Nazir Tereza Mayi gətirməklə İlham Əliyevin növbədən kənar qeyri-legitimlik mühasirəsin yardı. Necə deyərlər əl-əli yudu, əl də üzü. Yəni BP ilə İlham Əliyev rejimi iç-içə olduğu halda, əl-ələ verib Azərbaycanı sökdüyü halda indi bu gənc mədətçi Aslan Aslanov qəfildən xuruc edib ki, əcabə müxalifət niyə BP-yə göz yumur, ona etiraz etmir. Bu bir ayrı məsələdir və biz buna sonra qayıdacağıq.
Amma nədən məhz son günlər bu gənc mədətçinin BP-yə qarşı ağzından od tökülür, alov püskürür. Bunun səbəbi bir başqadır. BP şübhəsiz ki, Londonun 4 ofşor hesablarında yerləşdirilmiş və beynəlxalq jurnalist araşdırması nəticəsində aşkarlanmış 3,9 milyard dollarlıq həcmində “əsrin oğurluğunun” gizlədilməsində öz nüfuzundan istifadə etdi. Bu günə qədər Britaniya hökuməti Azərbaycan Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin büdcə vəsaitlərindən, ölkənin müdafiə xərclərindən, zavallı məmləkətin müəllimindən, həkimindən, pensiyaçısından, müahiribə əlilindən, uşağından-qocasından oğurlanmış milyardların məhz kimlərin gizli hesablarına əyri yollarla ötürüldüyün mübhəm saxlayır.
Lakin məsələ burasındadır ki, son vaxtlar Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunu işə düşüb, Britaniyanın Milli Cinayət Agentliyi əməli işə keçib və uğursuz da olsa həbs edilmiş keçmiş bir məmurdan bu iş başlayıb. Amma proses davam edir və yaxın vaxtlarda Azərbaycanı sökən hazırkı yüksək vəzifə sahiblərinə aid sensasion oğurluq faktlarının açılacağı gün də uzaqda deyil. İlkin məlumatlara görə hakim ailənin uşaqlarına məxsus mal-mülk də təhlükə qarşısındadır. İndi təhlükə yaxınlaşdıqca bu gənc mədətçi vasitəsi ilə BP-ni şantaj edirlər ki, biz sizə bu boyda imtiyaz vermişik, ölkəni birlikdə talamışıq, bəs siz hara baxırsan? Bax əməli işə keçib, May xanıma təsir göstərməsəniz, bizim oğurladıqlarımızı ört-badır etməsəniz, biz də “xalqı” sizin üzərinizə qaldırarıq. 40 il öncə İranda Məhəmməd Reza Pəhləvi də BP-ni bu üsulla şantaj etmişdi. Axı, Şərq “ənənəsinə” sadaqəti ilə seçilən Azərbaycan hakimiyyətinin, Əliyev rejiminin primitiv şantajları bir çox hallarda işləyir. Niyə də etməsinlər? Söhbət milyardların taleyindən gedir.