Yalnız “büdcəyə tamah salmış” şəxs bu şəhərə icra başçısı olmağa razılıq verər
İşsizliyin tüğyan etdiyi, sahəsi o qədər də böyük olmayan şəhərdə satmağa torpaq da qalmayıb
Təxminən 2 aydır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başsız qalıb. Qeyd edək ki, 2012-ci ilin aprelindən bu il avqustun 28-dək şəhərə Niyazi Bayramov rəhbərlik edib. Bu il iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə məlum sui-qəsddən ayyarım sonra Niyazi Bayramov Gəncəyə başçı təyin olundu.
Elə burdaca bir maraqlı faktı qeyd edək. 2012-ci il fevral ayının sonlarında o vaxtlar Qubanın icra başçısı olmuş Rauf Həbibovun internetdə bir videosu yayılmışdı. Həmin videoda icra başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirmişdi. Başçının çıxışına etiraz olaraq martın 1-də yerli sakinlərin rayon icra hakimiyyəti binası qarşısında kütləvi etiraz aksiyası keçirildi. Aksiya zamanı bəzi tikililəri yandırıldı, icra hakimiyyətinin binasında pəncərələrin şüşələri sındırıldı. Hadisə yerinə polis çağırılmış, vətəndaşlarla qarşıdurma baş verdi.
R.Həbibov Prezidentinin sərəncamı ilə 2 mart 2012-ci ildə Quba rayon İH-nin başçısı vəzifəsindən azad edildi, Bu posta həmin vaxt Mingəçevirə rəhbərlik edən Mübazriz Ağayev təyin olundu.
2012-ci ilin aprelindən isə M.Ağayevi həmin postda Niyazi Bayramov əvəzlədi. Ta ki, Gəncədə baş vermiş və yuxarıda da qeyd etdiyimiz məlum olayadək.
Burda ilk baxışda xırda görünə bilən, ancaq heç də az əhəmiyyət kəsb etməyən bir detalı da qeyd edək. Quba da, Gəncə də ölkənin qədim, zəngin adət-ənənələrə malik, köklü əhalisi olan şəhər və rayonlardandır. Hər iki bölgə üçün ən kritik və həssas bir dönəmdə sahəsinə görə ölkənin ən kiçik şəhərlərindən biri olan Mingəçevirə rəhbərlik etmiş şəxsin başçı göndərilməsi zənnimizcə təsadüf hesab olunmamalıdır.
Ancaq bununla belə, 2-ci aydır Mingəçevirə icra başçısı təyinatı yubanır. Bu gün əhali arasında kimin icra başçısı təyin olunacağı barədə “tapmaca” oyunu gedir. Şəhərdə hazırda hansısa vəzifəni tutan, yaxud vaxtilə vəzifədə olmuş, sonralar “vurulmuş” adam(lar)ın təyinatıyla bağlı ölkə başçısının sərəncamının hazır olması və bu gün-sabah elan ediləcəyinə dair şayiələr dolaşır.
Təbii, deyilənlər təsdiqini tapmasa belə bütün bu söz-söhbətlər səbəbsiz deyil. Bir faktı qeyd edək ki, ölkənin 4-cü şəhəri sayılan Mingəçevirə uzun illərdir rəsmi və ya qeyri-rəsmi nəzarət sabiq nəqliyyat naziri Ziya Məmmədov və “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilib. Hətta 2007-ci ildən bu nəzarətin böyük ölçüdə E.Pirveridiyevdən alınaraq tamamilə Z.Məmmədova verildiyi iddia olunurdu. Lakin məlum olduğu kimi, 2017-ci ilin fevralında Ziya Məmmədov, bu ilin sentyabrında isə Etibar Pirverdiyev görəvlərindən uzaqlaşdıırlıdılar (Doğrudur, şəhərin 2012-ci ildən “fövqəlnazir”in kurasiyasında olduğuna dair də iddialar var).
Görünən odur ki, Mingəçevirin icra başçısı postu uğrunda “savaş” əvvəlki illərdə olduğu kimi şiddətli deyil. Bu da səbəbsiz deyil. Əhalinin sayı uzun illərdir ki, stabil olaraq (qaçqın və məcburi köçkünlər nəzərə alınmadan) 105 minə yaxın olan şəhərdə əmək qabiliyyətli insanların sayının 50 min nəfərdən çox olmasına baxmayaraq, onların təxminən 20 mindən bir qədər çoxu işlə təmin olunub. Ərazisi cəmi 130 kv.km olan, işsizliyin 1 №li problem olduğu bu şəhərə ən yaxşı halda bir qədər kobud səslənsə də, “büdcəyə tamah salmış” şəxs başçı təyin olunmağa razılıq verər. Şəhərdə faktiki olaraq satılası torpaq yoxdur. İlk baxışda boş görünən bütün ərazilərin “sahibi” var. Torpaq qıtlığı o həddə çatıb ki, şəhərin mərkəzində uşaq bağçasının, məhəllələrin qarşısındakı boş ərazilərdə villalar ucaldılır. Halbuki Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox hallarda aparılan tikintilərin nə şəhərsalma, nə də tikinti meyarlarına sığmadığını bildirmişdi. Sitat: “Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar”.
Ölkə başçısı qeyd etmişdi ki, bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar: “Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz”.
Bu gün Mingəçevirdə sovetlər dönəmindən qalmış hektarlarla ərazilərə malik və heç bir fəaliyyət göstərməyən zavodlar ya İqtisadiyyat Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin balansında, ya da hansısa oliqarx-məmurun nəzarətindədir. İndiki məqamda bütün bu sadaladıqlarımız heç də az əhəmiyyət kəsb etməyən məsələlərdir.
Rəsmi statistikaya inansaq işsiziyin səviyyəsinə görə Mingəçevir ölkədə ilk pillələrdə qərarlaşıb. Büdcə təşkilatları icra hakimiyyətinin nəzarətindən demək olar ki, çıxıb. 3 ildən artıqdır ki, Mingəçevir şəhər təhsil şöbəsi (Yevlax, Ağdaş və Bərdə RTŞ-lərlə birgə) Yevlax Regional Təhsil İdarəsinə tabedir. Mingəçevir, Yevlax, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında 3-cü ildir ki, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi yaradılıb. 2 ildir ki, Mingəçevirdə İcbari Tibbi Sığorta sistemi tətbiq olunur və şəhər xəstəxanası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tabedir.
Göründüyü kimi, təhsil, səhiyyə və mədəniyyət kimi “yağlı tikə”lər faktiki olaraq icra hakimiyyətinin əlindən alınıb. Mingəçevirin aqrar bölgə olmadığını, burada insanların kənd təsərrüfatı rayonlarında olduğu kimi əkin-biçinlə məşğulliyyət imkanlarının məhdudluğunu da nəzərə alsaq vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu təsəvvür etmək çətin olmaz.
Azər